Mir
Cəlal Paşayevin “Füzuli sənətkarlığı”
kitabının təqdimat
mərasimi keçirilib
Azərbaycan Milli
İncəsənət Muzeyində
XX əsrin görkəmli
ədibi, alimi, pedaqoqu, professor Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabının
müzakirəsi və
təqdimat mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Prezidentinin dahi şairimiz və mütəfəkkirimiz Məhəmməd
Füzulinin 530 illiyinin
qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun
olaraq keçirilən
tədbir Mədəniyyət
Nazirliyi, Azərbaycan Milli İncəsənət
Muzeyi və Ü.Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı
ilə baş tutub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor Tərlan Quliyev çıxışında “Füzuli
sənətkarlığı” kitabının qiymətli
mənbə olduğunu
qeyd edib. “Füzulişünaslığın elmi-metodoloji tətbiqinə
baxdıqda görürük
ki, Füzuli poetik xüsusiyyətləri
haqqında ilk kitabı Mir Cəlal Paşayev yazıb. İnanırıq
ki, gələcək nəsillər də bu kitabdan çox
istifadə edəcək”,
- deyə o bildirib.
Azərbaycan Milli
İncəsənət Muzeyinin
direktoru Şirin Məlikova zəngin sənət dünyasından
bəhs edən “Füzuli sənətkarlığı”
kitabında şairin bədii və fəlsəfi mahiyyətinin
mükəmməl şəkildə
şərh olunduğunu
diqqətə çatdırıb.
Vurğulayıb ki, bu əsər Füzuli yaradıcılığının
araşdırılmasında ən böyük və qiymətli mənbələrdən biridir.
BMA-nın professoru,
Əməkdar incəsənət
xadimi Zümrüd Dadaşzadə çıxışında
“Füzuli və musiqi” mövzusuna toxunub. Musiqişünasın
sözlərinə görə,
Mir Cəlal Paşayevin Füzuli poetikasının dərin
təhlilini ehtiva edən “Füzuli sənətkarlığı” kitabı
Azərbaycanın musiqi
tarixini tədqiq və tədris edənlər üçün
əvəzsiz mənbədir.
Z.Dadaşzadə Füzuli
irsinin Azərbaycan ənənəvi musiqisinin
inkişafında və
milli bəstəkarlıq
məktəbinin təşəkkülündə
rolunu xüsusi vurğulayıb.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və
Milli Məclisin deputatı Ceyhun Məmmədov kitab haqqında fikirlərini bölüşüblər.
Təqdimat mərasimində
muzeyin kolleksiyasından
böyük şairin
obrazı və poeziyasını əks etdirən əsərlər
nümayiş olunub, həmçinin Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən Füzuli
poeziyasına bəstələnmiş
klassik əsərlər
və muğam triosunun ifaları səsləndirilib.
Kitab XVI əsrdə
yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin
ədəbi yaradıcılığı
və sənəti, o
cümlədən şeir
mədəniyyəti və
bədii nəsri haqqında elmi araşdırmaları əks
etdirir. Mir Cəlal Paşayev əsərində Füzuli
yaradıcılığının ayrı-ayrı mərhələləri
və motivlərinin araşdırılması ilə
yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən göstərməyə
nail olub.
Azərbaycan.-2024.-
13 mart, ¹ 55.- S.11.