Azərbaycan
vahid Çin siyasətini, Çinin ərazi
bütövlüyünü daim dəstəkləyir
Prezident
İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri
üzrə xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 13-də
Çin Hökumətinin Avropa məsələləri üzrə
xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib.
AZƏRTAC xəbər
verir ki, Vu Honqbo İlham Əliyevi prezident seçkilərində
qələbəsi münasibətilə təbrik etdi,
Çin Prezidenti Si Cinpinin bu münasibətlə dövlətimizin
başçısına təbrik məktubu göndərdiyini
xatırladı və Çin Prezidentinin salamlarını
dövlətimizin başçısına
çatdırdı. O, həmçinin COP29-un Azərbaycanda
keçirilməsi münasibətilə Prezident İlham
Əliyevi təbrik etdi.
Dövlətimizin
başçısı təbriklərə və Çin
Prezidentinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Si Cinpinə
çatdırmağı xahiş etdi.
Qonaq Prezident
İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycanın
siyasi, iqtisadi, sosial və digər sahələrdə çox
ciddi nailiyyətlər əldə etdiyini vurğuladı.
Vu Honqbo qeyd
etdi ki, 2022-ci ildə Azərbaycan və Çin prezidentləri
arasında Səmərqənddə keçirilmiş
görüş əlaqələrimizin inkişafına
böyük təkan verib və bundan sonra münasibətlərimizdə
yeni nailiyyətlər əldə edilib. Qonaq bu gün Azərbaycan-Çin
münasibətlərinin tarixdə ən yüksək səviyyədə
olduğunu vurğuladı.
Dövlətimizin
başçısı Çin Prezidenti ilə Səmərqənddə
keçirilmiş görüşü məmnunluqla
xatırladı və həmin görüş əsnasında
müzakirə olunan məsələlərin irəli
aparılması istiqamətində hər iki tərəfin
ciddi səylər göstərdiyini qeyd etdi. Prezident İlham
Əliyev Azərbaycanın Çin ilə əlaqələri
keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda
maraqlı olduğunu vurğuladı.
Dövlətimizin
başçısı COP çərçivəsində də
ölkəmizin Çin ilə yaxından əməkdaşlıq
etməyə hazır olduğunu bildirdi, Çinin bərpaolunan
enerji sahəsində mükəmməl texnoloji nailiyyətlərə
imza atdığını, bu sahədə Azərbaycanın
Çinlə əməkdaşlığa hazır olduğunu
dedi. Prezident İlham Əliyev yaşıl keçidin Azərbaycanın
prioritetlərindən biri olduğunu qeyd edərək, bu sahədə
birgə istehsal müəssisələrinin
yaradılmasında da ölkəmizin maraqlı olduğunu
bildirdi.
Qonaq Azərbaycanın
Çinin ərazi bütövlüyünə göstərdiyi
davamlı və qətiyyətli dəstəyə görə
minnətdarlığını bildirdi.
Prezident
İlham Əliyev Azərbaycanın vahid Çin siyasətini,
Çinin ərazi bütövlüyünü daim dəstəklədiyini
və Tayvanın müstəqilliyini
tanımadığını, orada keçirilən
seçkiləri qəti şəkildə pislədiyini
vurğuladı.
Vu Honqbo Azərbaycan
ilə Çin arasında əlaqələrin
qarşılıqlı etimad əsasında inkişaf etdiyini
vurğuladı, ikitərəfli münasibətlərin
çox yaxşı səviyyədə olduğunu dedi. Qonaq
“Bir kəmər, bir yol” layihəsi çərçivəsində
Azərbaycan-Çin əməkdaşlığını və
Orta Dəhlizin ölkəsi üçün böyük əhəmiyyətə
malik olduğunu qeyd etdi.
Dövlətimizin
başçısı Orta Dəhlizin mühüm strateji əhəmiyyətə
malik olduğunu və Azərbaycanın Mərkəzi Asiya
dövlətləri ilə əlaqələrini qeyd etdi, Orta Dəhlizin
inkişafı istiqamətində Azərbaycan, Qazaxıstan və
Gürcüstanın birgə müəssisə
yaratdığını bildirdi. Bu xüsusda ölkəmizin
Çinlə də əməkdaşlığa hazır
olduğunu qeyd edərək, Qazaxıstan Prezidentinin Azərbaycana
dövlət səfəri zamanı Çindən olan yük
qatarının Bakıda qəbul edilməsinin mühüm məqam
olduğunu vurğuladı və bunu Orta Dəhlizin nəqliyyat
potensialının nümayişi kimi qiymətləndirdi.
Qonaq Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin XI Qlobal Bakı Forumunun əhəmiyyətini
vurğuladı, bu çərçivədə də
mühüm müzakirələrin aparılacağını
qeyd etdi.
Görüşdə
beynəlxalq təşkilatlar çərçivəsində
Azərbaycanla Çinin qarşılıqlı dəstəyi
və bu xüsusda əməkdaşlıq, həmçinin
ölkələrimiz arasında mədəni-humanitar sahələrdə
əməkdaşlığın genişləndirilməsi
yüksək qiymətləndirildi.
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.2.