Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevin
Azərbaycana səfəri
iki ölkənin münasibətlərinin inkişafını
yeni mərhələyə
daşımaqla yanaşı,
dünyaya verilən mühüm mesajlarla əlamətdar oldu.
Prezidentlərin açıqlamaları
göstərdi ki, sürətlə dəyişən
dünya nizamında türk dövlətləri
öz uğurları və əlaqələrin
inkişafı ilə
bütün türk dünyasının yüksəlişinə
töhfə verməyi
prioritet istiqamətlər
kimi müəyyən
ediblər. Ona görə bu səfər həm də türk dünyasının mühüm
siyasi hadisəsinə
çevrildi.
Münasibətlərin kökündə ortaq dəyərlər dayanır
Azərbaycan və
Qazaxıstanın münasibətlərinin
məğzində əlbəttə
ki, hər iki dövlətin xalqlarının ortaq mənşəyə, eyni
soy-kökə malik olması kimi mühüm amillər dayanır. Ərazisinin böyüklüyünə və
əhalisinin sayına
görə Orta Asiyanın ən böyük türk dövlətlərindən olan
Qazaxıstanı Azərbaycanla
mənəvi ortaqlıqdan
başqa digər dəyərlər də bağlayır. Hər iki türk dövləti
gələcək perspektivlərlə
bağlı oxşar inkişaf strategiyasına malikdir. Eyni zamanda hər iki dövlət öz inkişafının
aktiv fazasındadır.
İri neft-qaz ixracatçısı olan
Azərbaycan və Qazaxıstan qlobal enerji təhlükəsizliyinin
real təminatçıları
rolunda çıxış
edirlər. Bütün
bunlarla yanaşı, hər iki ölkə
"Şərq-Qərb" nəqliyyat dəhlizinin iştirakçısı olmaqla,
bu istiqamətdə marşrutların inkişafına
mühüm töhfələr
verir, beynəlxalq məsələlərdə ortaq
mövqe nümayiş
etdirir, Türk Dövlətləri Təşkilatı
(TDT) çərçivəsində əməkdaşlıq edirlər.
Bu günlərdə
Qazaxıstan Prezidentinin
Azərbaycana dövlət
səfəri isə iki türk dövləti
arasında strateji müstəviyə qədəm
qoymuş qarşılıqlı
münasibətlərin daha
da inkişafı üçün geniş imkanların olduğunu göstərdi. Onu da qeyd edək
ki, son il
yarım ərzində
Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Qazaxıstan Prezidenti isə bu dövrdə
üçüncü dəfə
ölkəmizə gəldi.
Səfərlərin dinamikası
da təsdiqləyir ki, Azərbaycan-Qazaxıstan
münasibətləri həm
strateji tərəfdaşlıq,
həm dostluq, həm qardaşlıq, həm də mehriban qonşuluq çərçivəsində daha da genişlənməkdədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşılıqlı
səfərlərimizin dinamikası
çox illüstrativdir
və bu, münasibətlərə yeni
dinamizm verildiyini göstərir: "Qazaxıstan
və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız
ictimai-siyasi formasiyadan
asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq
şəraitində yaşayır.
İki müstəqil
dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq
strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət
göstərir. Son vaxtlar qarşılıqlı
səfərlərimizin dinamikası
çox illüstrativdir
və bu, münasibətlərə yeni
dinamizm verildiyini göstərir".
Qardaş dəstəyi
Qazaxıstan dövləti
hər zaman Azərbaycanın haqlı
mövqeyinə dəstək
göstərib. Bu, Vətən müharibəsindən
əvvəl də belə olub, sonra da. Ermənistanın
da təmsil olunduğu KTMT-də Azərbaycanın ən yaxın tərəfdaşlarından
biri Qazaxıstandır.
Hələ 2020-ci ilin
dekabr ayında Prezident İlham Əliyevə doğum günü münasibətilə
göndərdiyi təbrik
məktubunda Qazaxıstan
Prezidenti qeyd edirdi: "Sizin güclü rəhbərliyinizlə
qardaş Azərbaycan
Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsinə
və BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə
müvafiq olaraq öz dövlətinin ərazi bütövlüyünü
bərpa etməyi bacardı, sosial-iqtisadi inkişafda və milli birliyin möhkəmlənməsində sanballı uğurlar qazandı".
Mətbuata bəyanatında
Prezident İlham Əliyev bu məsələyə toxunaraq
ərazi bütövlüyünü
və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi
daimi dəstəyə
görə Qazaxıstana
minnətdarlığını ifadə etdi. Bununla yanaşı, Qazaxıstan dövləti
Azərbaycana ərazilərinin
bərpasında da qardaş dəstəyini göstərir və martın 12-də hər iki ölkənin Prezidentinin iştirakı ilə açılışı
olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin
inşası bunun bariz nümunəsidir. Kasım-Jomart Tokayevin şəxsi qərarı ilə belə bir mərkəzin inşası Prezident İlham Əliyev və xalqımız tərəfindən yüksək
qiymətləndirilir. Dövlətimizin
başçısının dediyi kimi, bu,
Qazaxıstanın Azərbaycana
qardaş köməyidir,
bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir
və azad edilmiş ərazilərin
bərpasına dəstəyidir.
Bu mərkəz həm də Azərbaycan-Qazaxıstan qardaşlığının
mərkəzi olacaq. Qazaxıstan Prezidenti də səfərdən əvvəl "Azərbaycan"
qəzetinə verdiyi müsahibədə Füzulidə
Kurmanqazı adına Uşaq Yaradıcılıq
Mərkəzinin ölkələrimizin
və xalqlarımızın
dostluğunun, qardaşlığının,
qarşılıqlı dəstəyinin
daha bir simvoluna çevriləcəyini
deyib.
Qazaxıstan Prezidentinin
ölkəmizə səfəri
zamanı Füzuli və Şuşaya getməsi həm də qardaş dövlətin Azərbaycanın
zəfərinə və
haqq işinə dəstəyinin ifadəsinə
çevrildi.
Əməkdaşlıq gündəliyi zəngindir
Azərbaycan-Qazaxıstan əməkdaşlığının gündəliyi olduqca zəngindir. Bu istiqamətdə potensial böyükdür. Martın
11-də prezidentlərin iştirakı
ilə keçirilən
Azərbaycan-Qazaxıstan Ali
Dövlətlərarası Şuranın birinci iclasında qeyd edildiyi kimi, gündəlikdə iqtisadi-ticari
və investisiya əməkdaşlığının inkişafı, neft-qaz, bərpaolunan enerji mənbələri, nəqliyyat-logistika
sahələrində, rəqəmsal
kommunikasiyalar, həmçinin
mədəni-humanitar sahələrdə
əməkdaşlıq kimi
məsələlər var.
Bu sahələrdə
əlaqələrin inkişafı
isə yalnız Azərbaycanla Qazaxıstan
arasında deyil, bütün türk coğrafiyasında, TDT çərçivəsində
əməkdaşlığın böyüməsinə mühüm
töhfələr verəcək. Səfər zamanı imzalanan 10 sənəd də əlaqələrin inkişafının
geniş və əhatəli olduğunu göstərir.
Azərbaycanla Qazaxıstan
oxşar keçmişə,
bu günə və sabaha malikdir. Ən əsası, iki dövlət ortaq milli dəyərləri bölüşür və
bütün bunlar münasibətlərin məzmununda
öz əksini tapır. Azərbaycan-Qazaxıstan
münasibətlərinin səviyyəsini
Prezident İlham Əliyevin bir cümləsi ilə dəqiq ifadə edə bilərik: "Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir".
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.6.