İslamofobiya Fransanın
dövlət siyasətinin
bir hissəsidir
Ötən həftə
ölkəmiz daha bir tədbirə - "Müxtəlifliyin qorunması:
2024-cü ildə islamofobiya
ilə mübarizə"
mövzusunda keçirilən
beynəlxalq elmi konfransa evsahibliyi etdi.
Konfransa dünyanın
32 ölkəsindən gəlmiş
130-a qədər alim, beynəlxalq
təşkilatların ekspertləri,
din xadimləri və qeyri-hökumət təşkilatlarının
nümayəndələri qatılmışdı.
Bu nüfuzlu tədbirdə mövzu üzrə yerli ekspertlər,
dövlət qurumlarının nümayəndələri, dini
icma rəhbərləri, dövlət rəsmiləri və
diplomatlar da iştirak edirdilər.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin konfrans
iştirakçılarına ünvanlanan müraciətində
deyilirdi: "Azərbaycan da islamofobiyadan əziyyət çəkən
ölkədir. Ermənistan tərəfindən
torpaqlarımızın 30 illik işğalının ən
ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə
malik mədəni irsimizin, o cümlədən İslam dininə
aid abidələrin qəsdən dağıdılması və
məhv olunmasıdır. İlkin araşdırmalara görə,
işğal dövründə 65 məscidin yerlə yeksan
edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər
getdikcə daha da artır və islam irsinə qarşı erməni
vandalizminin çoxsaylı yeni nümunələri ortaya
çıxır. Bundan əlavə, bu ərazilərdə
yüzlərlə müsəlman qəbiristanlığının
məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid
və türbələrimizin təyinatının dəyişdirilərək
saxtalaşdırıldığı, bir çox hallarda isə
tövlə kimi istifadə olunaraq orada dinimizdə haram
sayılan heyvanların saxlanıldığı faktları
aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim
deyil, bütün dünya müsəlmanlarının hisslərini
təhqir edir".
Konfrans çərçivəsində
keçirilən plenar və bölmə iclaslarında
tolerantlığı, sülhü və insan
hüquqlarına və dini müxtəlifliyə hörməti
təşviq etmək üçün qlobal dialoqa
çağırış, multikulturalizm, İslam və
sivilizasiyaların toqquşması nəzəriyyəsi,
islamofobiyanın yenidən nəzərdən keçirilməsi,
ictimai rəyin formalaşdırılması, rəqəmsal
islamofobiya, ali təhsil kontekstində islamofobiya ilə
mübarizə, Qərbi Avropada müsəlmanlara münasibətdə
oxşarlıqlar və fərqlər, müsəlman
icmasının əsas insan hüquqları, Fransada müsəlmanlara
qarşı siyasətlər, islamofobiyanın
normallaşdırılması və başqa mövzularda
müzakirələr aparılmışdır.
Azərbaycanın
İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsman) Aparat rəhbəri Aydın Səfixanlı
"Müxtəlifliyin qorunması: 2024-cü ildə
islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq
elmi konfrans çərçivəsində təşkil olunan
"Genderləşdirilmiş islamofobiyanın matrisi: müsəlman
qadınlarının repressiyası və müqaviməti,
gender və cəmiyyət" adlı paneldəki
çıxışı zamanı vurğulayıb ki, müsəlman
qadınların hüquqlarının inkarı Avropada,
xüsusən də Fransada artan islamofobiya kontekstində
baş verir. Bir çox Avropa ölkələrində dini
geyimi qadağan edən qanunlar var və bu, azadlıq
hüququnun kobud şəkildə pozulmasıdır. Dini geyimlərə
qoyulan məhdudiyyətlər çox vaxt bütün dinlərə
mənsub insanlara şamil edilən neytrallıq çərçivəsində
əsaslandırılır, lakin əslində bu, yalnız
müsəlman qadınlara qarşı yönəlib və
islamın Qərb dəyərlərinə uyğun gəlməməsi
ilə bağlı daha geniş müzakirələrin bir hissəsidir.
İslamofobiya Fransa dövlətinin siyasətidir. Müsəlman
qadınların fundamental hüquqları pozulur, həm din, həm
də cinsiyyət zəminində ayrı-seçkilik edilir. Bəzi
Avropa ölkələri istənilən formada dini
dözümsüzlük və gender bərabərsizliyinə
qarşı qətiyyətli mövqe tutmalıdır. Fransada
hicabın qadağan edilməsi müsəlman qadınların
təhsil və iş kimi əsas institutlara
çıxışının qarşısını
alır. Təəssüf hissi ilə qeyd etmək istərdim
ki, insan hüquq və azadlıqlarının kobud şəkildə
pozulmasına səbəb olan bu cür qanunsuz əməllər
Fransada dövlət səviyyəsində dəstəklənir
və gücləndirilir. Beynəlxalq təşkilatlar bu
faktlara biganə qalmamalı və belə halların
qarşısını almalıdırlar.
Konfransdakı
çıxışlardan da göründüyü kimi,
özlərini mədəniyyətin və demokratiyanın
banisi sayan
fransızların əksəriyyəti müsəlman dünyasına
qarşıdır. Dünyada multikulturalizm və plüralizm
şüarı ilə çıxış edən Fransanın məsələyə
bu cür yanlış münasibəti ölkədə
müsəlmanlıqdan vahimənin - islamofobiyanın getdikcə
güclənməsinə, müsəlmanlara qarşı təzyiqlərin
artmasına real təhlükə və şərait yaradır. Fransada
yaşayan müsəlmanlar arasında keçirilən rəy
sorğusunda iştirak edənlərin 74 faizi
çalışdıqları iş yerlərində, ictimai
yerlərdə, nəqliyyatda və başqa yerlərdə
müsəlman olduqları üçün müəyyən
çətinliklərlə üzləşdiklərini
bildirmişlər.
Fransanın
müstəmləkəçi dövlət olduğu,
Yaxın Şərq və Afrikada onun əsarətindəkilərin
əksəriyyətini müsəlman ölkələrinin təşkil
etdiyi tarixdən məlumdur. Buna görə də fransızlar
müsəlmanların islam dəyərlərinə və
etiqadına dərindən bağlı olduqlarından
yaxşı xəbərdardırlar. Fransızlar hesab edirlər
ki, islami prinsiplər müsəlmanların Avropa xalqları ilə
qaynayıb-qarışması yolunda ciddi maneədir. Bu cür
düşüncə tərzi fransızların bir
çoxunda müsəlmanlara qarşı neqativ münasibət
yaranmasına səbəb olmuşdur. Göründüyü
kimi, Fransanın islamofobiya qorxusu sərhəd tanımır.
Beynəlxalq
konfransda dünyaya diqqətçəkən
çağırışlar da oldu. İslam Tarixi, İncəsənəti
və Mədəniyyəti Araşdırma Mərkəzinin
(IRCICA) baş direktoru Mahmut Erol Kılıç
islamofobiyanın şəxsi zəmində yaranan qərəz
olduğunu qeyd edərək deyib: "Bəzi ölkələr
islamofobiyanı öz siyasətlərinin bir parçasına
çeviriblər. Bu isə dünyanı sülhdən
uzaqlaşdırır. Əgər sülhün bərqərar
olduğu bir dünyanı gələcək nəsillərə
ötürmək istəyiriksə, islamofobiyaya qarşı
birgə mübarizə aparmalıyıq. Yanlış məlumatlar
cəmiyyətdə islamofob fikirlər formalaşdıra bilər.
İslamofobiyanın real təsirləri isə gələcək
nəsillər üçün daha faciəvi ola bilər".
"Müxtəlifliyin
qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə"
mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfrans Azərbaycanın
daim artan gücünü, qüdrətini bir daha dünyaya
göstərdi. Konfransda dünyamızın sabitliyi və əmin-amanlığı
üçün aparılan çox mühüm müzakirələr,
çağırışlar diqqətlə dinlənildi. Yəqin
ki, başda Fransa olmaqla islamofobiya qorxusu yaşayan ölkələr
konfransda səslənən dəyərli fikirlər və
mühüm çağırışlardan ibrət dərsi
götürəcəklər. İnanırıq ki, konfrans
ayrı-ayrı xalqların, dinlərin, mədəniyyətlərin
bir-birinə yaxınlaşmasına yeni töhfələr verəcək.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
14 mart, № 57.- S.8.