ABŞ yeni
müharibə ocağı
yaratmaq niyyətindədir
Ağ Ev öz maraqları
naminə istənilən
dövləti qurban verməyə hazırdır
"ABŞ hər zaman
imperialist siyasət həyata keçirib, iqtisadi və hərbi gücündən
istifadə edərək
dövlətləri öz
təsir dairəsində
saxlamaq niyyətində
olub. Azərbaycan da
uzun illərdir Amerika və Qərbdəki bəzi dövlətlərin geosiyasi oyunlarından və qərəzli, ikili siyasətlərindən
əziyyət çəkir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Kamilə Əliyeva deyib. Deputat xatırladıb ki, ABŞ
Konqresi ilk dəfə 1992-ci ildə Azərbaycana təhlükəsizlik
yardımının qarşısını
alıb. Buna səbəb kimi Azərbaycanın guya Ermənistanı blokadaya alması göstərilirdi.
Halbuki həmin dövrdə Ermənistan Azərbaycan torpaqlarını
işğal etmək üçün hərbi təcavüzə əl atmışdı və müharibə ölkəmizin
ərazisində gedirdi.
ABŞ işğalçı dövlət olan Ermənistana təsir göstərmək əvəzinə,
Azərbaycan torpaqlarının
işğal olunmasına,
azərbaycanlıların soyqırımına
məruz qalmasına bir növ dəstək
vermişdi.
K.Əliyeva qeyd
edib ki, Azərbaycan bütün dövlətlərlə, o cümlədən
ABŞ ilə bərabərhüquqlu
münasibətlər qurmaq
siyasəti həyata keçirir. 2002-ci ildə
Azərbaycan və
ABŞ arasında hərbi
əməkdaşlıq haqqında
saziş imzalanıb. Amerika İranla ehtimal olunan müharibə üçün
Azərbaycandan istifadə
etmək niyyəti güdürdü. Azərbaycan
isə hər zaman qonşu dövlətlərlə mehriban
münasibətlər qurmaq
siyasəti həyata keçirdiyindən buna icazə vermədi:
"ABŞ-nin məqsədi
region dövlətləri
arasında yeni münaqişə ocağı
yaratmaq idi. ABŞ-nin və Qərbin
Azərbaycana qarşı
ikili standartları, riyakarlığı açıq
şəkildə özünü
büruzə verir.
ABŞ Ukrayna, Moldova, Gürcüstanın ərazi
bütövlüyünü dəstəklədiyi halda,
Azərbaycana qarşı
fərqli mövqe nümayiş etdirir. Azərbaycan torpaqlarını işğaldan
azad edib öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa etdikdən sonra ABŞ-nin Dövlət Departamenti, Konqresi Azərbaycana qarşı qərəzli,
əsassız ittihamlar
irəli sürməyə
başladı", - deyə
o, əlavə edib.
Deputat vurğulayıb
ki, Azərbaycanda iqtidarla xalqın sarsılmaz birliyinin gücləndiyini dərk edən ABŞ bir sıra QHT-lər vasitəsilə ölkəmizdə
milli dəyərlərə
təhlükə yaradan
ideyaları təbliğ
etmək qərarına gəlib.
Müdrik Azərbaycan
xalqı bütün bunları yaxşı dərk edir və xalqımız hər zaman öz lideri - Prezident İlham Əliyevin ətrafında
sıx birləşib.
Vaşinqtonun ikili siyasətindən Ermənistan
faydalanacağını düşünürsə,
tamamilə yanılır.
ABŞ öz məqsədləri
naminə istənilən
dövləti qurban verməyə hazırdır.
Amerika Ermənistanı
"ikinci Ukrayna"ya
çevirməyə çalışır.
Ukraynanı Rusiya ilə müharibəyə
təhrik edən, bu ölkəni özündən asılı
vəziyyətə salmaq
üçün manipulyasiya
edən ABŞ faktiki olaraq Ukraynanı qurban verdi. Bu
gün isə Ukraynanı məğlubiyyətlə
barışmağa sövq
etməyə çalışır.
ABŞ-nin Yaxın
Şərqdə və
digər regionlarda yeni müharibə ocaqları yaratmağa, ölkələrin daxilində
hərbi çevrilişlər
törətməyə cəhd
etdiyini deyən K.Əliyeva bildirib ki, bu dövlət
Türkiyəni də
"ikinci Suriya"ya
çevirməyə çalışırdı:
"2016-cı ildə terror
təşkilatlarının vasitəsilə Türkiyədə
dövlət çevrilişi
törətməyə cəhd
göstərdi. Yalnız
Türkiyə rəhbərliyinin
qətiyyəti və
xalqın hakimiyyətə
dəstəyi ABŞ-nin
planlarını puça
endirdi. Amerika bu gün də
dünyada öz nüfuzunu artıran güclü, qüdrətli
dövlətə çevrilən
Azərbaycana qarşı
müxtəlif vasitələrlə
qərəzli siyasətini
davam etdirir.
ABŞ-nin və Qərbdəki bəzi dövlətlərin Azərbaycana
qarşı yürütdüyü
bu məkrli siyasət fiaskoya uğrayacaq və sonda özləri peşman olacaq".
K.Əliyeva yekunda
bildirib ki, bu gün Azərbaycan
qüdrətli dövlət
olmaqla yanaşı, dünyada söz və güc mərkəzinə çevrilən
qardaş Türkiyə
başda olmaqla bir çox güclü dövlətlər
tərəfindən dəstəklənir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
14 mart, №57.- S.8.