XI Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir
XI Qlobal Bakı Forumu
Martın 14-də XI Qlobal
Bakı Forumu açılış mərasimindən
sonra işini “Parçalanmış dünyanın
bərpası” mövzusunda
panel iclasla davam etdirib.
AZƏRTAC xəbər verir ki, birinci panel iclasına İsveçrə Beynəlxalq
İşlər üzrə
Forumun vitse-prezidenti
David Cikvadze moderatorluq
edib.
O bildirib
ki, Azərbaycan Qələbədən
sonra prezident seçkilərində çox
müdrik seçim edib. Moderator, eyni zamanda, dünyada gərginliyin olduğu bir vaxtda Azərbaycanda
sabitliyin hökm sürdüyünü vurğulayıb.
“Parçalanan
dünyanın bərpası
istiqamətində səylərimizi
əsirgəməyəcəyik. Dünyada münaqişələr
canlanmaqdadır. Bütün
beyin mərkəzlərini
bir araya gətirərək müzakirələr
aparmalıyıq. Tədbirlərin
görülməsi mühüm
əhəmiyyət kəsb
edir. XI Qlobal Bakı Forumunda bu mövzular geniş müzakirə olunacaq”, - deyə David Cikvadze qeyd edib.
Robert F.Kennedi İnsan
Hüquqları Fondunun
prezidenti Kerri Kennedi Qlobal
Bakı Forumunun yeni üfüqlər açdığını
söyləyib. Bildirib
ki, dünyanı xilas
etmək üçün
düşüncə tərzi
dəyişməlidir.
O qeyd
edib ki, Robert F.Kennedi
İnsan Hüquqları
Fondu bərabərsizliyə, haqsızlığa qarşı
hər zaman səsini ucaldır.
“Biz hüquqların bərabər
olmasına nail olmalıyıq,
həmçinin yoxsulluğun,
bütün bu təlatümlərin öhdəsindən
birgə gəlməliyik.
Biz güclərimizi birləşdirməliyik”,
- deyə K.Kennedi
əlavə edib.
Panel iclasında çıxış
edən Çin Hökumətinin Avropa məsələləri üzrə
xüsusi nümayəndəsi,
Birləşmiş Millətlər
Təşkilatı Baş katibinin
keçmiş müavini,
Çinin Almaniyadakı
sabiq səfiri Vu Honqbo parçalanmış
dünyanı bərpa
etməyin ən uyğun yolunun bütün dünya insanlarının birləşməsi
olduğunu deyib.
“Dünya parçalanır. Bunun qarşısını
almağın yollarından
biri müxtəliflikdir.
Məlumdur ki, bir nəfərin yaratdığı
problem yüzlərlə insana
sirayət edir. Birləşmiş Millətlər
Təşkilatı müsbət
istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Ticarətin inkişafı
vacib məsələlərdən
biridir. Dünyanı bərpa edərək hər kəs bundan bəhrələnməlidir.
Çünki yoxsulluq
böyük təlatümlərə
gətirib çıxara
bilər. Mühit təmiz və aydın qurulmalıdır.
İqtisadi təşkilatın
qarşısında duran
vacib məsələlər
var. Dünya sülh və
əmin-amanlıqla qurulmalıdır.
Gələcək üçün
bu, vacib amildir”, - deyə xüsusi nümayəndə
vurğulayıb.
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev
qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi. Azərbaycan-Ermənistan əlaqələrindəki
istiləşməyə hamı
şahiddir.
Prezidentin köməkçisi
bildirib ki, Azərbaycan Ermənistanla
sülhün bərqərar
edilməsində səylərini
əsirgəmir. Azərbaycan
heç bir parçalanmanın olmaması
mühitində daha çox əməkdaşlığı
təşviq edir. Azərbaycan öz öhdəliyinin üzərindən
layiqincə gəlir. Cənubi Qafqazdakı təcrübəni dünyanın
digər bölgələrinə
yayılmasına çalışır.
H.Hacıyev qeyd
edib ki, hələ də bir çox ölkələr COVID-19-un təsirinin
qarşısını tam
ala bilməyib. “Azərbaycan peyvəndlərin
bərabər paylanması
təşəbbüsü ilə çıxış
etmişdi. Beynəlxalq
təsisatların öhdəliklərini
yerinə yetirməmələri
qarşımızda duran
problemlərdəndir. Beynəlxalq
təsisatların, Avropa
təşkilatlarının böhran yaşadığını
görürük. Azərbaycan
təşəbbüsləri ilə parçalanmış
dünyanın bərpasına
töhfəsini verəcək.
Avropa təsisatları
acınacaqlı vəziyyətdədir.
Azərbaycan Avropa Parlamenti qarşısında
heç bir öhdəlik daşımır.
Azərbaycana qarşı
mənfi hallarla rastlaşırıq”, - deyə
o əlavə edib.
Serbiyanın sabiq
Prezidenti Boris Tadiç isə bildirib: “Yeni münaqişələrin qarşısını
almağa çalışmalıyıq.
Bütün vaxtımızı
faciədə yaşamalı
deyil, çıxış
yolları axtarmalıyıq”.
Təhsilin əhəmiyyətini
qeyd edən sabiq prezident siyasətçilərin təlimatlanmasının
vacibliyini vurğulayıb.
İspaniyanın sabiq
xarici işlər naziri Ana Palasio
isə deyib ki, qarşımızda duran əsas prioritetlərdən biri insanların hansı xalqdan, ölkədən olmasına baxmayaraq azad yaşaması, iqtisadi imkanlardan bəhrələnməsidir. Biz
artıq bir-birimizi anlamalıyıq. Fərqliliklər
üzə çıxmalıdır.
İclasda çıxış
edən BMT Baş Assambleyasının 75-ci Prezidenti,
Türkiyə Böyük
Millət Məclisinin
üzvü Volkan Bozkır diqqətə çatdırıb ki, parçalanan dünyanın
yenidən birləşdirilməsi
mühüm əhəmiyyət
kəsb edir. Biz bilməliyik ki, bu parçalanmanın
səbəbləri nələrdir.
Qarşımızdakı problemlərin
həllinə siyasi yollarla xidmət etməliyik. Biz bütün dünyanın
bərpası üçün
düzgün nizamlanma
barədə düşünməliyik.
BMT-nin rolunun yenidən danışılmalı
olduğunu deyən Volkan Bozkır qeyd edib: “BMT çox mühüm təsisatdır. Hazırda
onu əvəz edəcək başqa bir qurum yoxdur.
Onun təsisatları əzmkar şəkildə
çalışırlar. Lakin
BMT münaqişələrin sülh yolu ilə həllinə heç bir töhfə vermir. Bu isə təsisata
olan etimadı itirir”.
Ermənistan-Azərbaycan münaqişəsindən də
bəhs edən Volkan Bozkır bildirib: “Münaqişələr
sülh yolu ilə həll edilməsə, hər bir ölkə fərdi şəkildə
yol axtaracaq. Fransa keçmiş Minsk qrupunun üzvü, Azərbaycanın
dostu idi. Lakin Fransanın Ermənistana silah-sursat satması bu ölkəyə açıq
dəstək idi”.
BMT-nin Sivilizasiyalar
Alyansının sabiq ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir vurğulayıb
ki, hazırda dünyada xaos yaşanmaqdadır. Ksenofobiya,
ayrı-seçkilik bizim
cəmiyyəti bölür.
Həyat, yaşam tərzi köklü şəkildə pisləşib.
Addımlarımızı müharibədən
daha çox sülhə doğru atmalıyıq. Bu, çox vacib elementdir. Addımlarımızın
tərzini dəyişməliyik,
daha çox yaradıcı tərəfdən
yanaşmalıyıq. Ən
önəmlisi isə
odur ki, sülhlə bağlı həll yolları gündəmə gətirilməlidir.
Latviyanın sabiq
Prezidenti Egils Levits Bakının zəngin keçmişə
malik şəhər olduğunu söyləyib.
O deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibliyi etməsi üçün bu şəhər düzgün
seçilmiş məkandır.
“İnanıram ki,
bu mötəbər tədbir iqlim dəyişiklikləri ilə
bağlı yeni müzakirələrə nəfəs
gətirəcək və
uğurla keçiriləcək”,
- deyə Egils Levits əlavə edib.
Qeyd edək ki, XI Qlobal Bakı
Forumuna bir çox ölkələrin,
eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri
qatılıblar. Forumda
70-dən artıq ölkədən
350-dən çox qonaq
iştirak edir.
Martın 16-dək davam
edəcək Forumda
COP28-in nəticələri və COP29-a hazırlıq
məqsədilə qlobal
müzakirələr aparılacaq,
yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik
məsələsinə və
sülhün təmin
olunması üçün
perspektivlərə, bölünmüş
dünyada dayanıqlılığın
qurulmasına, onun qlobal sülhə təsirinə nəzər
salınacaq, qarşıda
duran çağırışların
həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə,
o cümlədən iqlim,
qida və nüvə təhlükəsizliyi
problemlərinə toxunulacaq.
Eyni zamanda, qlobal idarəetmədə
hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri,
gənclər siyasəti,
qlobal çağırışlara
qarşı davamlılığı
artırmağın yolları,
qeyri-bərabərlik, təbii
ehtiyatların azlığı
və miqrasiya məsələlərinə toxunulacaq,
süni intellekt, dronlar və kibersilahlar dövründə
yeni təhlükəsizlik
nümunələri barədə
müzakirələr aparılacaq.
Azərbaycan.-2024.-
15 mart, ¹ 58.- S.7.