Ermənistan hər zaman buyruq qulu olub

 

 

İndi Paşinyanın ritorikasını dəyişməsi də yeni "tapşırıq"ların nəticəsidir

 

 

 

Məğlub Ermənistanın üç ildən artıq müddətdə təxribatlara əl atdığını, separatçıların baş qaldırmağa çalışdığını dəfərlərlə müşahidə etmişik. Təbii ki, iqtisadi cəhətdən zəif, ordusu məhv edilmiş ölkənin belə addımlar atması həm erməni xislətinin, həm də havadarlarının "silahlandırma" dəstəyinin göstəricisidir.

Ermənistan baş naziri Nikol Paşinyanın son çıxışı zamanı arxayın-arxayın danışması da bir daha göstərdi ki, Fransa artıq Hayastanı "istədiyi havaya oynadır".

Hər kəsə aydındır ki, Vətən müharibəsindən başlayaraq bu günə kimi üzərinə götürdüyü bütün öhdəliklərdən boyun qaçıran Ermənistan rəsmilərinin sülhlə bağlı çıxışları yeni təxribatlara hazırlanmaq üçün vaxt qazanmaqdan başqa bir şey deyil. Amma Azərbaycan hər şeyin fərqindədir, Ermənistanı da, onun havadarlarını da yaxşı tanıyır. Daim ona-buna sığınan Ermənistan məğlubiyyətini dərk edərək regionda sülhün, təhlükəsizliyin təmin olunmasında yaxından iştirak etməli, revanşist hərəkətlərindən əl çəkməlidir. Əks halda meydanda tək qalan o olacaq.

Milli Məclisin deputatı Vüqar İsgəndərov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Vətən müharibəsindən sonra Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanması üçün sözdə razılıq bildirsə də, bununla bağlı işlərin görüləcəyini, hətta ötən ilin sonuna kimi sülh sazişinin baş tuta biləcəyini söyləsə də, əməldə bunun əksini göstərib: "Hər kəs görür ki, Paşinyan indiyə qədər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bütün bunlar göstərir ki, bu ölkənin həm xarici, həm də daxili siyasətində müstəqillik yoxdur. Ermənistan himayədarlarının, daha doğrusu, ağalarının təklifləri əsasında hərəkət edir, onların tapşırıqlarını icra edir. Ən böyük problem budur".

Deputat qeyd edib ki, Paşinyanın son zamanlar çıxışlarında ritorikasını dəyişməsi həmin tapşırıqların nəticəsidir. O, qeyri-stabil siyasətlə, dediklərinin əksini etməklə, hər gün bir fikir söyləməklə müstəqil qərar qəbul etmək iqtidarında olmadığını açıq-aydın göstərir. Paşinyan kimlərinsə tapşırıqlarnı icra edir və bu, Ermənistanın tarixboyu gəldiyi yoldur. Uzun illər Rusiyanın aləti kimi fəaliyyət göstərib, indi də özünə yeni havadarlar tapıb. Bu siyasətin daha da irəliləməsi onu deməyə əsas verir ki, Ermənistan özünü ikinci Ukrayna kimi hazırlayır. Bu isə Ermənistanın gələcəkdə bir dövlət kimi mövcudluğunu sual altında qoyur.

Azərbaycanın öz inkişaf yolunda olduğunu, işğaldan azad etdiyi bölgələri cənnətə çevirdiyini vurğulayan V.İsgəndərov bildirib ki, dövlətimiz xarici siyasətdə milli maraqlara söykənən mövqeyini müəyyənləşdirib. "Ona görə də indiki situasiyaya baxsaq, itirən yalnız Ermənistan olacaq. Daha da irəli getsə, vəziyyət pisləşəcək və bunu indiki Ermənistan hökuməti anlamalıdır", - deyə deputat əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 15 mart, № 58.- S.9.