Qərbdə
islamofobiya tüğyan
edir
"Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb
ölkələrinin dövlət
siyasətinin tərkib
hissəsini təşkil
edir. Son bir ildə dünyada
baş vermiş bütün antiislam təzahürlərinin 80 faizi
bu ölkələrin
payına düşür".
Martın 8-də Bakıda
keçirilən "Müxtəlifliyin
qorunması: 2024-cü ildə
islamofobiya ilə mübarizə" mövzusunda
beynəlxalq konfransın
iştirakçılarına ünvanladığı məktubunda
Prezident İlham Əliyevin vurğuladığı
kimi, bu gün dünyanın bir çox ölkəsində antiislam
siyasəti tüğyan
edir. Xüsusilə də özünü
"humanizm beşiyi"
hesab edən Avropada islamofobiya meyilləri kəskin artıb və müsəlman aləminə
qarşı aparılan
bu çirkin kampaniya getdikcə daha nümayişkaranə
formada həyata keçirilir. Gah müsəlmanların dini
kitabı "Qurani-Kərim"
yandırılır, gah
Məhəmməd Peyğəmbərin
karikaturası çəkilərək
təhqir olunmağa çalışılır və
digər bu kimi hallarla insanların
dini hissləri ilə oynanılan təxribatlara əl atılır. Dini nifrət zəminində törədilən bu əməllər əsasən
Fransa, İsveç, Danimarkada tez-tez baş verir və ən dəhşətlisi də
budur ki, həmin ölkələr
tərəfindən bu
vandal hərəkətlər
insan hüquq və azadlıqları ilə əlaqələndirilir,
qanuni olduğu bildirilir. Bu ölkələrin rəsmiləri
tərəfindən baş
verən rüsvayçılıqlara,
milyonlarla insanın dini hisslərinin tapdalanmasına riyakarcasına
fərqli don geydirilir, açıq-aşkar
dini qızışdırıcılığa
hesablanmış islamofob
əməllərə sözün
əsl mənasında
göz yumulur, "münbit" şərait
yaradılır.
Sözügedən konfransın
iştirakçılarına ünvanladığı məktubunda
bununla bağlı dövlət başçısı
bildirib ki, Fransa özünün ənənəvi neokolonializm
siyasəti ilə bərabər, müsəlmanlara
qarşı açıq-aşkar
təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif
islamofob kampaniyalar təşkil edir. "Dünyəvilik" adı
altında sırf müsəlmanların hüquq
və azadlıqlarının
məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik
aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman
mədəniyyət mərkəzləri
və qəbiristanlıqlar
müxtəlif formalarda
təhqirlərə məruz
qalır, müsəlman
vətəndaşlar sıxışdırılır.
Ermənistanın vandallıqlarına
susqunluq nümayiş
etdirilir
Azərbaycan dünyada
ən çox islamofobiyadan əziyyət
çəkən ölkələrdəndir.
İstər torpaqlarının
30 illik işğalı
dövründə, istərsə
də hazırda ölkəmiz antiislam siyasəti ilə üz-üzə qalıb.
İşğal illərində
Ermənistan tərəfindən
Azərbaycana məxsus
dini irs vəhşicəsinə dağıdılıb.
İşğaldan azad
olunmuş ərazilərimizdəki
67 məsciddən (Şuşada
13, Ağdamda 5, Füzulidə
16, Zəngilanda 12, Cəbrayılda
5, Qubadlıda 8, Laçında
8) 65-i tamamilə, 2-si isə
qismən dağıdılaraq
yararsız hala salınıb. Həmçinin
vandal düşmən
tərəfindən bu
ərazilərdə yüzlərlə
müsəlman qəbiristanlığı
yerlə yeksan edilib, dini ibadət
yerlərimizdə donuz
saxlanılaraq, təkcə
azərbaycanlıların deyil,
bütün islam aləminin dini hissləri təhqir olunub.
Eyni zamanda indiki Ermənistan ərazisində xalqımızın
dini-mədəni irsi erməni vandalları tərəfindən tamamilə
məhv edilib. XX əsrin əvvəllərində
İrəvan quberniyası
ərazisində 300 məscidimiz
qeydə alındığı
halda, hazırda Ermənistan ərazisində,
İrəvan şəhərində
yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Bu məscidin qismən salamat saxlanması isə erməni fitnəsinə görə, dünyanın
gözündə pərdə
asmaq üçündür.
Bir başqa təəssüfləndirici məqam
isə "demokratik Qərb"in Ermənistanın
bütün bu vandallıqlarına qarşı
susqunluq nümayiş
etdirməsidir. İndi
Azərbaycana qarşı
bir qara qəpiklik dəyəri olmayan qətnamələr
qəbul edən, ölkəmizlə bağlı
yalan və böhtanlar səsləndirən
Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi riyakar qurumlar
ayrı-seçkilik, xristian
təəssübkeşliyi, islamofobiyadan qaynaqlanan çirkin niyyətlə Ermənistana qarşı murdar əməllərinə
görə heç bir qətnamə qəbul etməyib, təzyiqdən bəhs etməyib.
Azərbaycana qarşı
"səlib yürüşü"nə
çıxanlar məğlubiyyətə
məhkumdurlar
Əksinə, qərəzli
Qərb siyasi dairələri neokolonializm
siyasəti həyata keçirən Fransanın
başçılığı ilə Azərbaycanın torpaqlarını işğaldan
qurtarmasına, suverenliyini
təmin etməsinə
görə ölkəmizə
qarşı sözün
əsl mənasında
"səlib yürüşü"nə
çıxıblar. Korrupsioner
siyasətçilərin yuvası
halına gəlmiş
Avropa Parlamenti və Avropa Şurasının Parlament
Assambleyası kimi islamofobiya siyasəti yürüdən qurumların
əli ilə qərəzli qətnamələr
qəbul etməkdən
tutmuş kampaniya şəklində erməni
yalanlarını tirajlamağa
qədər hər cür çirkinliklər
edirlər. Təbii ki, bu antiislam,
anti-Azərbaycan siyasətinə
Makron hökuməti yön verir. Həmçinin Paris açıq
şəkildə separatizmə,
hələ də ölkəmizə qarşı
ərazi iddiası güdən təcavüzkar
Ermənistana dəstək
verməklə, onu silahlandırmaqla beynəlxalq
hüququ tapdaladığını
da ortaya qoyur.
Ancaq Azərbaycan
milli, dini maraqlarına təhdid olan bütün qüvvələrlə istənilən
platformada layiqli mübarizə aparmağa qadirdir. Bunu bütün dünya Bakının Fransanı küncə sıxışdıraraq,
onun neokolonialist, irqçi, antisemitizm, islamofob, türkofob, azərbaycanofob siyasətini
dünyada ifşa etməsinin fonunda əyani görüb, şahidi olub.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.6.