Münasibətlər
yüksələn xətlə
inkişaf edir
Azərbaycan-Qazaxıstan
əlaqələrinin inkişafı
türk dünyasının
maraqlarına uyğundur
"Azərbaycan Mərkəzi
Asiya ölkələri,
o cümlədən regionun
türk dövlətləri
ilə münasibətlərə
mühüm əhəmiyyət
verir. Bu baxımdan Azərbaycan və qazax xalqları
arasında münasibətlərin
yüksək səviyyədə
olması təqdirəlayiqdir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Pərvin Kərimzadə
deyib. Deputat bildirib ki, son
illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, bu
regionun dövlət başçılarının isə
Azərbaycana səfərləri
müntəzəm xarakter
alıb. Bu isə təbii olaraq ölkələrarası
əlaqələrin inkişafına,
yeni əməkdaşlıq
imkanlarının yaranmasına
gətirib çıxarıb.
Azərbaycanın sıx,
tarixi əlaqələrə
malik olduğu türk dövlətlərindən
biri də Qazaxıstandır. Qazaxıstan
Prezidenti Kasım-Jomart
Tokayevin ölkəmizə
dövlət səfəri
də əlaqələrimizin
yüksək səviyyəsinin
təzahürüdür. Prezident
İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı
Türk Dövlətləri
Təşkilatının "Türk əsri" çağırışı altında Astanada keçirilən 10-cu yubiley
Zirvə görüşündə
iştirak edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün
Xüsusi Proqramının
- SPECA-nın iştirakçı
ölkələrinin dövlət
və hökumət başçılarının Zirvə
görüşündə iştirak etmək üçün ölkəmizdə
işgüzar səfərdə
olmuşdu. Dövlət
başçılarımızın sıx münasibətləri
ölkələrimiz arasında
əlaqələrə mühüm
töhfə verir, ikitərəfli əməkdaşlığın
yüksələn xətlə
inkişafına və
əlaqələrin daha
da genişlənməsinə
xidmət edir. Ümumiyyətlə, Azərbaycan
və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı
yüksəksəviyyəli səfərləri ikitərəfli
münasibətlərə müsbət
təsirini göstərib.
Bu baxımdan Qazaxıstan Prezidentinin ölkəmizə budəfəki
rəsmi səfəri
də iki qardaş dövlət arasında müttəfiqlik
münasibətlərini daha
da gücləndirəcək.
P.Kərimzadə qeyd
edib ki, martın 11-də dövlət
başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali
Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsini
tarixi hadisə hesab etmək olar. "Çünki bu iclas əlaqələrimizin
gələcək inkişafı
baxımından mühüm
müzakirə platforması
oldu. Eyni zamanda Qazaxıstan rəsmi olaraq COP29-un ölkəmizdə keçirilməsi
ilə bağlı dəstəyini ifadə etdi. Bütövlükdə
türk dünyasının
ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən
ən mühüm amillərdən biridir. Dost Qazaxıstan qısa müddətdə
nüfuzlu beynəlxalq
təşkilata çevrilən
Türk Dövlətləri
Təşkilatının (TDT) əsasını qoyan ölkələrdən biridir.
Qazaxıstan Mərkəzi
Asiyada böyük coğrafiyaya malikdir, zəngin təbii resursları və əmək ehtiyatları ilə TDT-nin institusional qurum kimi möhkəmlənməsinə,
funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə
davamlı töhfələr
verir. Qazaxıstan TDT-də birləşən bütün ölkələrlə
xoş mərama əsaslanan dinamik siyasi-iqtisadi münasibətlər
qurub. Bu ölkənin rəsmiləri
TDT-nin qərarlarının
icrasının yüksək
səviyyədə təmin
olunmasına davamlı
səylər göstərirlər",
- deyə o əlavə
edib.
Müsahibimiz vurğulayıb
ki, son vaxtlar
türk dövlətləri
arasında keyfiyyətcə
yeni əməkdaşlıq
münasibətlərinin qurulmasının
şahidi oluruq. Xəzər-Qara dəniz hövzələri regionunda
geniş coğrafiyada
yerləşən türk
dövlətləri arasında
birliyin möhkəmlənməsində
Azərbaycan da xüsusi rol oynayır. Prezidentlərin
mətbuata bəyanatı
zamanı dövlət
başçımız qeyd
edib ki, beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında
birgə fəaliyyət
müzakirə olunub:
"Türk Dövlətləri
Təşkilatı çərçivəsində
qarşılıqlı fəaliyyəti
gələcəkdə də
möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə
gəldik. Çünki
bu təşkilat yaxın, dost, doğma ölkələri
birləşdirir, həmçinin
böyük potensiala,
ən başlıcası
inkişaf potensialına
malikdir".
Deputat qeyd edib ki, iki
ölkə mühüm
qlobal və regional layihələrin reallaşmasında da önəmli rol oynayır: "Bu baxımdan Orta dəhliz layihəsi xüsusi vurğulanmalıdır.
Prezident İlham Əliyevin dediyi kimi, Qazaxıstandan keçməklə Çin
Xalq Respublikasından Azərbaycana qədər yol qət edən
konteyner qatarı
Trans-Xəzər nəqliyyat
dəhlizinin artıq reallığa çevrilməsi,
onun özlüyündə
böyük dərəcədə
regional əməkdaşlığın
səviyyəsini müəyyən
etməsinin rəmzlərindən
biridir. Çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil".
Pərvin Kərimzadə
qazax xalqının Vətən müharibəsi
zamanı Azərbaycana
dəstək nümayiş
etdirdiyini bildirərək
əlavə edib ki, işğaldan azad olunmuş Füzuli şəhərində
Qazaxıstan şirkəti
tərəfindən inşa
olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi dostluğumuzun
daha bir nümunəsidir. Hər iki dövlət başçısı martın
12-də bu mərkəzin
açılışında iştirak etdi. Həmçinin Qazaxıstan
Prezidentinin qədim Şuşa şəhərinə
səfər etməsi
də çox qürurvericidir.
Beləliklə, Azərbaycan-Qazaxıstan
münasibətləri yüksələn
xətlə inkişaf
edir. Bu münasibətlər nəinki
ölkələrimizin, bütün
türk dünyasının
maraqlarına uyğundur.
Çünki bütövlükdə
türk dünyasının
güclənməsi prosesi
gedir ki, burada ölkələrimizin
arasında əməkdaşlığın
davamlı olaraq genişləndirilməsi mühüm
amildir. Qazaxıstan Prezidentinin dövlət səfəri zamanı imzalanan sənədlər
isə münasibətlərimizi
gələcəkdə daha
da gücləndirəcək.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.13.