Dünyanın problemləri Bakıda müzakirə olunur
Bakı daha bir əhəmiyyətli tədbirə evsahibliyi edir. Bu, Azərbaycan
Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilən
"Parçalanmış dünyanın bərpası"
mövzusunda XI Qlobal Bakı Forumudur. "Gülüstan" sarayında
keçirilən forumda təkcə
qlobal əhəmiyyət
kəsb edən müharibə və sülh mövzuları deyil, həm də iqlim dəyişiklikləri,
sağlamlıq, pandemiya,
yeni texnologiyalar məsələləri müzakirə
edilir.
Məlumat üçün
bildirək ki, forum ilk dəfə
2013-cü il mayın
7-8-də keçirilmişdir. O zaman Cənubi Qafqaz Forumu adlanan
beynəlxalq tədbirin
açılış mərasimində
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. Forumda qadın məsələləri, dinlərarası
və mədəniyyətlərarası
dialoq, regionda gedən proseslər, Qarabağın işğalı,
eləcə də bölgədəki digər
münaqişə ocaqları ilə bağlı vəziyyət
müzakirə olunmuşdur.
İki gün davam edən foruma İordaniya kraliçası xanım Nur, BMT Baş katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra
ölkələrin sabiq
dövlət və hökumət başçıları,
ümumilikdə dünyanın
40-dan çox ölkəsindən
200-ə yaxın tanınmış
ictimai-siyasi xadim qatılmışdır. Həmin
tədbirdən sonra davamlı olaraq hər il Azərbaycan
bu foruma evsahibliyi edir. Foruma ildən-ilə artan marağın bir səbəbi də təbii ki, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin
qlobal problemlərin həll yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq
platformaya çevrilməsidir.
Qeyd edək ki, budəfəki tədbirdən bir gün öncə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin həmsədrləri
- Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqanı və İsmail Serageldini, eləcə də keçmiş dövlət
və hökumət başçılarını, mərkəzin
İdarə Heyətinin
üzvlərini qəbul
etmişdir. Xanım Vayra Vike-Freyberqa İlham Əliyevi prezident seçkisində qalib gəlməsi, Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması, COP29-a
evsahibliyi etməsi münasibətilə təbrik
etmiş, Azərbaycanın
dünyada "yaşıl
enerji" sahəsində
də qlobal lider olduğunu demiş, builki forumda 68 ölkədən
gələn 400-dən çox
qonağın olduğunu
diqqətə çatdırmışdır.
Nizami Gəncəvi Mərkəzinin digər həmsədri İsmail Serageldin isə XI Qlobal Bakı Forumunun yeni uğurlara imza atacağına ümidvar olduğunu bildirmiş, Azərbaycanın COP29-a sədrlik
və bu sessiyaya evsahibliyi prosesində Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin öz
dəstəyini verməyə
hazır olduğunu söyləmişdir.
Dünən
işə başlayan XI Qlobal Bakı Forumunda COP28-in nəticələri və
COP29-a hazırlıq məqsədilə
qlobal müzakirələr
aparılır. Yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən
təhlükəsizlik məsələlərinə
və sülhün təmin olunması üçün perspektivlərə,
bölünmüş dünyada
dayanıqlığın qurulmasına,
onun qlobal sülhə təsirinə
nəzər salınır.
Həmçinin qarşıda
duran problemlərin həlli yolları müzakirə olunur, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər,
iqlim, qida və nüvə təhlükəsizliyi məsələləri,
eləcə də qlobal idarəetmədə
hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri,
gənclər siyasəti,
qlobal çağırışlara
qarşı davamlığı
artırmağın yolları,
qeyri-bərabərlik, təbii
ehtiyatların azlığı
və miqrasiya məsələlərindən, süni intellekt, dronlar və kibersilahlar dövründə
yeni təhlükəsizlik
nümunələrindən danışılır.
Bəs nə üçün tədbir
"Parçalanmış dünyanın bərpası"
adı ilə keçirilir? Bu sualın cavabını BMT Baş katibinin siyasi məsələlər
üzrə müavini
Qay Rayder belə vermişdir: "Qlobal məsələləri
sürətlə həll
etməliyik. BMT Baş
katibi dəfələrlə
bəyan edib ki, bu, iqtisadiyyat
və bir çox şeyə ziyan vurur. Nə
qədər ki, parçalanmış dünyada
olacağıq, bu proseslər davam edəcək. Ona görə də bunu aradan qaldırmaq
üçün səy
göstərməliyik. BMT-nin
bu gün 193 üzvü var. Biz atılan addımlarda yenilik etməliyik. Bizim gələcəyimiz üçün
nəzərdə tutulan
danışıqlar davam
edir". Albaniya Prezidenti Bayram Beqay da çıxışında
"Parçalanmış dünyanın bərpası"na
toxunmuşdur: "Gələcək
çiçəklənən, sülh içində olan Avropadan keçir. Biz qonşuluq siyasətinin davam etdirilməsinə həm ölkəmizdə,
həm də ölkəmizdən kənarda
hazırıq. Artıq
vaxt yetişib, dostluq, əməkdaşlıq
yolunda irəliləməliyik.
Parçalanmış dünyanın
bərpası üçün
körpülər salmalıyıq.
Bu da sülhü
təşviq edə bilər".
Bakı Forumu əhəmiyyətinə və
əhatəsinə görə
dünyada nüfuzlu tədbirlərdən sayılır.
Bu barədə forumda çıxış
edən Prezident İlham
Əliyev belə demişdir: "Düşünürəm ki,
Qlobal Bakı Forumu Davos Dünya
İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı
qədər vacibdir".
Amma Beynəlxalq Qlobal Bakı Forumunu adıçəkilən
forumlardan fərqləndirən
cəhətlər də
var. Davos Forumunda yalnız iqtisadi, Münxen Forumunda isə təhlükəsizlik məsələləri
müzakirə olunur. Bakı Qlobal Forumu isə beynəlxalq gündəmdə
olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə
edir. Ona görə də Bakı Forumu bu dəfə də qlobal məsələlərin müzakirə
edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir.
Ümumiyyətlə, Cənubi Qafqazda həyata keçirilən
əksər qlobal layihələrin müəllifi
və ev sahibi Azərbaycandır. Bu o deməkdir ki, ölkəmiz beynəlxalq problemlərin
həllini çözmək
üçün ideal
məkandır.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.13.