Ermənistan
hələ də Qərbin direktivlərini icra edir
Sülh müqaviləsinin imzalanmaması
üçün süni
maneələr yaradılır
"Ermənistanda separatçılara
yenidən meydan verilməsi yalnız Paşinyan iqtidarının
iradəsi ilə mümkündür. Görünən
odur ki, rəsmi İrəvan artıq "Qarabağ erməniləri"ndən və
keçmiş xunta rejiminin "funksionerləri"ndən
siyasi alət kimi həm daxildə
revanşist kəsimin
dəstəyinin qazanılması,
həm də Azərbaycana qarşı təsir rıçağı
kimi istifadə etmək istəyir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Bəhruz Məhərrəmov
deyib. Deputat bildirib ki, Ermənistan
hələ də nəzarətində saxladığı
anklav və qeyri-anklavlardan ibarət 8 kəndin qaytarılması,
habelə sülh müqaviləsinin imzalanması
üçün heç
bir əngəlin qalmaması fonunda süni maneələr formalaşdıraraq dayanıqlı
sülhün yolverilməzliyi
barədə Qərbin,
xüsusən Parisin direktivlərini icra edir. Məlumdur ki, Paşinyan iqtidarı həm antiterror tədbirləri zamanı, həm də sonrakı dövrdə bir müddət öncəyə
qədər Qarabağ
iqtisadi rayonundan könüllü şəkildə
köçən erməniəsilli
sakinlərə, yaxud Ermənistan vətəndaşlarına
münasibətdə təmkinli
davranır və bu da ümumi
sülh prosesində özünün müsbət
təsirini göstərirdi.
Hətta 2023-cü ilin
20 sentyabr tarixində Prezident İlham Əliyev antiterror əməliyyatlarında zəfərimizlə
əlaqədar xalqa müraciətində də
qeyd etmişdi: "Ermənistan bu dövr ərzində - dünən, bu gün deyə bilərəm ki, gözlənilmədən siyasi
səriştə göstərib
və biz bunu qiymətləndiririk. Bunu önəmli amil kimi görürük
və hesab edirəm ki, dünən və bu gün baş
vermiş hadisələr
eyni zamanda Azərbaycanla Ermənistan
arasında gedən sülh prosesinə də müsbət təsir göstərəcək".
Deputat qeyd edib ki, Fransanın
pozuculuq fəaliyyəti,
Emmanuel Makronun "Daşnaksütyun" partiyasının,
yaxud ASALA terror təşkilatının rəhbəri
kimi davranaraq İrəvanı sülhdən
yayındırması prosesi
demək olar prosesləri yarımçıq
qoyub. Ümumiyyətlə,
30 illik münaqişə
tarixində proseslərin
gedişatını təhlil
etdikdə çoxsaylı
təkzibedilməz faktlar
onu deməyə əsas verir ki, vasitəçilik missiyası altında pərdələnən Qərb
Azərbaycan və Ermənistan arasında münaqişəli vəziyyətə,
habelə Azərbaycan
ərazisində separatizmin
mövcudluğuna regiona
təsir rıçağı
kimi baxır və mümkün qədər beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə zidd olan həmin status-kvonu qorumağa çalışırdı. "İşğal dövründə
başda Fransa və ABŞ olmaqla, çoxsaylı beynəlxalq
hüquq subyektləri
münaqişənin həllini
yox, dondurulmasını
arzu edir, işğal və təcavüzdə ehtiva edən situasiyada xalqlar arasında etimad quruculuğu, Azərbaycan ərazisində
erməni qoşunlarının
qaldığı, separatçı
rejimin mövcud olduğu bir şəraitdə kommunikasiya
xətlərinin açılmasına,
ticari əlaqələrin
bərpa edilməsinə
çağırışlar edirdilər. Bu məsələdə Qərb
əlaqələrin normallaşmasına
nail olmaqla Ermənistanın qələbəsinin
davamlılığını qorumaq, Azərbaycanı isə bu reallıqla
barışdırmaq istəyirdi",
- deyə deputat əlavə edib.
B.Məhərrəmov bildirib ki, Prezident
İlham Əliyevin Vətən müharibəsi
və antiterror tədbirlərindəki müstəsna
zəfərlərinin ardınca
Ermənistan və ən əsası İrəvanın Qərbdəki
havadarları işğal
və separatizm rıçaqlarından məhrum
olublar və bununla da özünü
beynəlxalq ictimaiyyət
adlandıran, 30 ildir vasitəçilik nağılları
danışan qlobal subyektlərin iç üzü açılıb.
Ötən dövr ərzində məhz bu beynəlxalq subyektlər müxtəlif
müstəvidə Azərbaycan
əleyhinə kampaniyalara
başladılar, hətta
BMT Təhlükəsizlik Şurasında
ölkəmizi təcavüzkar
kimi qələmə verməyə çalışdılar.
Eyni zamanda Azərbaycan daxilində Qərbin maliyyə dəstəyi ilə formalaşan QHT və media subyektləri milli maraqlarımız əleyhinə aktivləşdirildi.
Lakin Azərbaycan bu istiqamətdə də təzyiqləri neytrallaşdırmağa və
qarşısını almağa,
o cümlədən Fransa
xüsusi xidmət orqanlarının timsalında
xarici və yerli casus şəbəkəsini
ifşa edərək zərərsizləşdirməyə nail oldu. Belə
olan halda bu gün Ermənistan
və havadarları keçmiş xunta rejiminin funksionerlərinə regionda siyasi və əməliyyat şəraitinə
nəzarət edən,
şərti sərhədlər
boyu bütün strateji yüksəkliklərdə
möhkəmlənən, döyüş
qabiliyyəti və peşakarlığını davamlı
şəkildə artıran,
arsenalını sürətlə
ən müasir silah, sursat və
texnologiya ilə yeniləməkdə olan Azərbaycana qarşısında
istifadə edə biləcəyi yeganə element kimi baxırlar.
Deputat qeyd edib ki, Azərbaycanın
hərbi-siyasi imkanları
ilə yanaşı, həm də mövqeyi beynəlxalq hüquqa əsaslanır:
"Ermənistanın 2022-ci ilin oktyabrı və 2023-cü ilin mayında rəqəmlərdə
ifadə etdiyi Azərbaycanın ərazi
bütövlüyü hələ
də bu ölkənin qanunsuz nəzarətində olan kəndləri də əhatələyir. Habelə
əgər İrəvan
heç bir əsas olmadan ləyaqətli qayıdış
hüququndan danışırsa,
separatizmə məhz bu çərçivədə
don geyindirmək istəyirsə, yanılır.
Azərbaycan öz ərazisindən heç bir erməniəsilli sakinin çıxarılmasında
maraqlı olmayıb, əksinə, Xankəndi və ətraf ərazilərdə yaşayan,
Ermənistan pasportu daşıyan insanlar özləri etnik separatizmin, milli nifrət hissinin daşıyıcıları olaraq
Azərbaycanın yurisdiksiyası
altında yaşamağa
razı olmamış, hakimiyyət orqanlarının müxtəlif
formalarda çağırışlarına
məhəl qoymayaraq könüllü formada Qarabağı ləyaqət
və təhlükəsizlikləri
təmin olunmaqla tərk ediblər. Amma bu gün
hələ də öz doğma yurduna qayıda bilməyən qərbi azərbaycanlılar barədə
eyni şərait yaradılıbmı? Qərbi
Azərbaycanın demək
olar ki, bütün mahallarında
yaşayan soydaşlarımız
soyqırımı əlamətləri
təhdidi altında, məhz azərbaycanlı olduqlarına görə Ermənistanın dövlət
siyasətinə çevrilmiş
etnik təmizləmənin
nəticəsində öz
yurd-yuvalarından işgəncələr
altında qovulmuş,
bu gün də onların geri dönüşü üçün İrəvan
faktiki olaraq perspektiv qoymamaqdadır. Belə olan halda əgər Qarabağdan könüllü
şəkildə köçən
sayı şişirdilmiş
ermənilərin məsələsi
gündəmə gəlirsə,
ondan daha öncə 300 mindən artıq qərbi azərbaycanlının haqları
müzakirə olunmalıdır".
B.Məhərrəmov vurğulayıb ki, Ermənistan və ya havadarları Qərbi Azərbaycan irsinin məhv edilməsi, soydaşlarımızın
öz yurdlarına qayıtmasını mümkünsüz
edən situasiyaya aydınlıq gətirmədən
Azərbaycan və Ermənistan arasında bu yöndə heç bir məsələ müzakirə
oluna bilməz. Ona görə də Paşinyan hakimiyyəti separatçı
rejimin tör-töküntülərinə
İrəvana meydan verilməsinin ağır nəticələri barədə
düşünməli, qərbi
azərbaycanlıların haqlarının
bərpası üçün
Azərbaycan dövləti
tərəfindən bütün
mümkün tədbirlərin
görüləcəyini yaddan
çıxarmamalıdır.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.14.