Ermənistan
havadarlarının sifarişlərini
yerinə yetirməklə
regional əməkdaşlıq
imkanlarını itirir
Ermənilər xislətlərinə
uyğun türk dünyasının milli
bayramları, Novruz çərşənbələri ərəfəsində təxribat
törətməklə, qəfil
hücumlar təşkil
etməklə xalqımızın
bayram ovqatını pozmağa, necə deyərlər, yanan tonqallara soyuq su çiləməyə,
soydaşlarımızı yurd-yuvalarından perik salmağa çalışmışdılar.
Ermənistan silahlı
qüvvələri bölmələrinin
elə bu il martın 11-də saat 12:10-da Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi
istiqamətində yerləşən
mövqelərindən ordumuzun
Tovuz rayonunun Əsrik yaşayış
məntəqəsi istiqamətindəki
mövqeləri üzərində
kvadrokopter vasitəsilə
kəşfiyyat uçuşları
həyata keçirməyə
cəhd göstərməsi
söylədiklərimizin bariz
nümunəsidir.
Deyirlər dəyirman
bildiyini edir, çax-çax baş ağrıdır. Azərbaycan
işğaldan azad edilmiş ərazilərdə
bərpa-tikinti və quruculuq işləri ilə 30-32 il əvvəl elindən-obasından
didərgin salınan insanların ata-baba yurdlarına qayıdışını
təmin etdiyi bir vaxtda ermənilər
təxribatla məşğul
olurlar. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən aldığımız
məlumata görə,
bölmələrimizin sayıqlığı
nəticəsində aşkar
olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.
Xatırladaq ki,
2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra
Qarabağda kök salmış separatçı
rejim tamamilə ləğv olundu. Bu, Bakı ilə
İrəvan arasında
gərginliyin azaldılmasına
müəyyən töhfə
verdi və sülhün yeganə reallıq olduğunu müəyyənləşdirdi. Bir neçə ay Ermənistanla Azərbaycan arasında heç bir gərginlik yaşanmadı.
Lakin bu sakitlik uzun çəkmədi,
Azərbaycan-Ermənistan şərti
dövlət sərhədinin
Zəngilan rayonu ərazisindən keçən
hissəsində Dövlət
Sərhəd Xidmətinin
sərhəd qoşunlarının
Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən
mövqeyinə açılan
atəş nəticəsində
hərbi qulluqçumuz
yaralandı. Atəş
Ermənistan silahlı
qüvvələrinin Qafan
rayonunun Nerkin-And yaşayış məntəqəsi
istiqamətində yerləşən
mövqelərindən açılmışdı.
Zəngilan istiqamətində
ermənilərin törətdikləri
təxribata cavab olaraq fevralın 13-də keçirilən
"Qisas" əməliyyatının
nəticələri Ermənistan
üçün ağır
oldu: bir əsgərimizin yaralanmasına
qarşı 4 erməni
hərbçisi məhv
edildi, biri yaralandı.
Görünən odur
ki, İrəvan üçün maraqlı
olan nə qədər insan itkisi verməsi yox, öz çirkin
maraqlarının necə
təmin edilməsidir.
Ekspertlərin fikrincə,
təcrübəyə əsasən
Bakının adekvat addımlarının ağır
nəticələrinin olacağını
bildikləri halda təxribata əl atmaları isə hədəfin hərbi yox, siyasi olduğunu
deməyə əsas verir. Çünki hadisədən dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi açıqlamasında
Azərbaycanı "danışıqları
pozmaqda", "sərhəddə
eskalasiya yaratmaqda"
ittiham etməyə cəhd etdi. Ermənistanın bu iddiaları bölgədə
heç nəyi dəyişdirməsə də,
Avropa strukturlarında
"Qisas" əməliyyatını
"Azərbaycanın hücumu"
olaraq göstərməyə
və bundan Bakıya qarşı təzyiq kimi istifadə etməyə imkan yarandığını
düşündülər.
Vətən müharibəsindən
sonra bir neçə ay davam edən sakitlik məhz rəsmi
Bakının hərbi-diplomatik
səylərinin nəticəsi
idi. Lakin Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin
Zəngilan rayonu ərazisindən keçən
hissəsində, eləcə
də Ermənistan silahlı qüvvələri
bölmələrinin bu
il martın 11-də günün günorta çağı Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi
istiqamətində yerləşən
mövqelərindən ordumuzun
Tovuz rayonunun Əsrik yaşayış
məntəqəsi istiqamətindəki
mövqeləri üzərində
kvadrokopter vasitəsilə
kəşfiyyat uçuşları
həyata keçirməyə
cəhd etməsi göstərir ki, Ermənistanın konstruktiv
hərbi vəziyyəti
davam etdirməyə siyasi iradəsi çatmır.
Əslində, Ermənistanın
belə təxribatlara
əl atması gözləniləndir. Hindistan
və Fransa kimi dövlətlərin son zamanlar Ermənistanı
sürətlə silahlandırması,
Avropa İttifaqının
(Aİ) Ermənistandakı missiyasının genişləndirilməsi
istiqamətində səyləri,
habelə Fransa Milli Jandarmının xarici missiyalarının komandiri, briqada generalı Uilyam De Meyerin Ermənistana gedərək binoklla Azərbaycana - işğaldan
azad edilən ərazilərə tərəf
baxması təsadüfi
deyil. Bütün bunların gözlənilən
nəticələri göz
qabağındadır. Maraqlıdır
ki, həmin vaxtlarda xarici KİV-də, o cümlədən
İrəvan mediasında
Ermənistanın sərhəddə
əməliyyat həyata
keçirərək siyasi
arenada uğur qazanacağı iddia edilirdi...
Bütün bunlar
deməyə əsas verir ki, təxribatlar
qəsdən və planlı şəkildə
törədilir. Qarşı
tərəf vəziyyəti
bilərəkdən gərginləşdirməyə
çalışır və
hiss olunur ki, bundan sonra
da Cənubi Qafqazdakı geosiyasi mübarizə fonunda bu kimi təxribatların
davam etməsi ehtimalı qaçılmazdır.
Maraqlıdır ki,
Ermənistanın baş
naziri Nikol Paşinyan mətbuata açıqlamalarında, müxtəlif
dairələrdə çıxışlarında
İrəvanın Bakı
ilə sülh müqaviləsini imzalamağa
hazır olduğunu bildirir. Onun sözlərinə görə,
Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsinin arxitekturası
və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalaması üçün siyasi iradəsi var.
Görünən odur
ki, Paşinyan kənar güclərin, o cümlədən ABŞ-nin,
Fransanın, Avropa İttifaqının (Aİ) təsiri
altındadır. Adıçəkilən
ölkələrin hər
biri İrəvana təzyiq göstərərək
öz maraqlarını
təmin etməyə
çalışırlar. Onların
bir çoxu, xüsusilə Qərb oyunçuları regiondakı
təsir güclərini
artırmağa çalışırlar
və bunun üçün gərginliyin
yaranmasına, güclənməsinə
səy göstərirlər.
Ermənistan isə lazımi siyasi iradə ortaya qoya bilmədiyindən kənar güclərin təhrikinə məruz qalır. Bununla da Ermənistan bölgədə süni gərginlik yaratmaqla, üçüncü tərəflərin
sifarişlərini yerinə
yetirməklə, ən
başlıcası onlara
inanmaqla, əslində,
"oturduğu budağı
baltalayır", regional
əməkdaşlıq imkanlarını
itirir.
Rəhman
SALMANLI,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.14.