Sənət elə
bir aləmdir ki, burada kimin
necə görünəcəyini,
yaradıcılıq zirvəsinə
çatmaqdan ötrü
hansı yollardan keçəcəyini heç
kəs təxmin edə bilmir. Bəzən ayrı-ayrı
insanlar onları sənətin yüksək
pilləsinə aparıb
çıxaracaq çox
parlaq istedada malik olur. Amma
öz istedadına etinasızlığı səbəbindən
Tanrı vergisini təhsilin, davamlı öyrənmənin gücü
ilə cilalamaması üzündən bu parlaqlıq yavaş-yavaş
sönüb yoxa çıxır. Bir gün həmin istedaddan daha heç nə qalmır.
Elələri də
olur ki, zəngin bir təhsil yolu keçir, davamlı öyrənir, zəhmətə
qatlaşır, öz
üzərində daim
çalışıb sənətdə
peşəkar kimi yetişir. Belələri böyük rəğbətə
layiqdirlər. Bununla belə həmin əzmkarlığın, özünüinkişafın
arxasında fitri istedad görünməyəndə
həssas nəzərlər
bu yoxluğu onların sənətində
həmişə duyub
hiss edə bilirlər.
Qədim xanəndəlik
ənənələrinin layiqli
davamçılarından olan
Xalq artisti Hacıbaba Hüseynov xüsusi təhsil yolu keçməsə də, fitri istedadı onu muğam sənətinin əsl ustadı zirvəsinə yüksəltmişdir.
O, ifaçılıq mədəniyyətinin
parlaq nümunələrini
yaratmışdır.
Çəmbərəkənddən
başlanan ömür
Düz 105 il əvvəl - 15 mart 1919-cu
ildə Bakının
qədim Çəmbərəkənd
məhəlləsində dünyaya
gəlmiş mərhum
xanəndə Hacıbaba
Hüseynova musiqi təhsili almaq qismət olmamışdı.
Onu peşəkar sənətə gətirən,
bir də ömrünün ahıl çağlarında Azərbaycan
musiqisinin parlaq təmsilçilərindən biri
kimi beynəlxalq səhnələrə aparıb
çıxaran yollar isə sırf təsadüflərlə bağlı
olmuşdu. Bu təsadüflər mərhum
sənətkara cəmi
4-cü sinfə qədər
oxumağa macal vermişdi. Ömrünün
müəyyən hissəsini
dənizdə, qayıqlardan
yükboşaltma işində,
sonra gəmi təmiri zavodunda tornaçı dəzgahının
arxasında keçirmişdi,
yalnız bir neçə onillikdən sonra bütün ruhu ilə bağlı
olduğu sənət
dünyasına gəlib
çıxmışdı. Amma bütün bu təsadüflərin içində bir sirr vardı ki, bu da
Hacıbaba Hüseynovun
fitri musiqi istedadı idi. O, ömrü boyu öz istedadının qayğısına qalırdı.
Oxuyub, baxıb, dinləyib, sınayıb öyrənməkdən, sənət
dəryasının dərinliklərinə
baş vurmaqdan əsla yorulmur, bu bacarığı tələbələrinə də
ötürməyə çalışırdı.
Onun istedadı
təkcə musiqi sahəsində deyildi. Hacıbaba Hüseynov xanəndə olduğu qədər həm də gözəl şair, qəzəlxan, böyük müəllim,
tələbələrinin sevimli
ustadı idi. O, inanclı bir ailədə böyümüşdü,
hələ uşaq ikən həyatın sərt dəyişiklikləri
dövründən keçmişdi.
Elə təhsilini
yarımçıq qoymağının
da səbəbi hələ yaşının
erkən çağlarından
inandığı dəyərlərə
bağlılığından, prinsiplərinə sadiqliyindən
irəli gəlirdi. Çox sonralar xatirələrində yazırdı
ki, dördüncü
sinfi bitirib beşinciyə keçmək
ərəfəsində məktəblərinin
komsomol təşkilatı
katibi əlində bir dəstə kitabça sinfə girir. Onlara sovet
məktəbliləri olduğunu
xatırladır və
"Allahsızlar cəmiyyəti"nə
üzv olmalarının
vacibliyini bildirir. Bu izahdan sonra
əlindəki kitabçaları
bir-bir şagirdlərə
paylamağa başlayır.
Onlardan birini də 14 yaşlı Hacıbabaya verir. Həmin gündən bu yeniyetmə məktəbdən uzaqlaşır.
Dənizçi oğlu
Atası Hüseynəli
kişi dənizçi
idi. Məktəbdən
çıxandan sonra Hacıbaba atasının yanında çalışmağa
başlayır, yük
daşıyır. Amma
sinifdən, məktəb
partasından uzaq düşsə də, oxumaqdan uzaq düşmür, kitablar onun ən yaxın
dostuna çevrilir. Onların köməyi ilə bu istedadlı
gənc biliyini, savadını durmadan artırır. Eyni zamanda musiqi istedadını inkişaf
etdirməyindən, eşitdiyi
mahnıların sözlərini
dərhal öyrənməyindən,
zümzümə etməyindən
də qalmır. Bu istedadına bələd olan adamların xahişi ilə nə vaxtsa məhəllələrindəki
dini mərasimlərdə
növhələr dediyi,
mərsiyələr oxuduğu
vaxtlar da olmuşdu. Onda sənayeləşmə yenicə
başlamışdı. Atası
uzaqgörən adam idi, hiss edirdi
ki, oğlu mütləq bir sənətin sahibi olmalıdır. Ona görə də Hacıbabanı Paris Kommunası
adına Gəmi Təmiri Zavodunun nəzdindəki fabrik-zavod
məktəbinə qoyur.
Gələcəyin məşhur
xanəndəsi burada tornaçı ixtisasına
yiyələnir. Təhsilini
başa vurandan sonra da elə
zavodda qalıb işləməyə başlayır.
Hacıbaba Hüseynov
o kəslərdən idi
ki, məşğul olduğu hər işdə mükəmməlliyə
çalışır, kamilliyə
can atırdı. Bu, məşğul olduğu tornaçı peşəsinə yanaşmasından
da hiss olunurdu.
Yaşı çox deyildi, amma bu
qısa müddətdə
zavodun ən səriştəli tornaçılarından
biri kimi ad çıxarmışdı.
İşi musiqidən
kənar sahədə
olsa da, ondan uzaq düşməmişdi.
İmkan tapan kimi bu sənətin
incəliklərini öyrənir,
bacarıqlarını təkmilləşdirirdi.
Onda müharibə dövrü idi, çox ağır günlər yaşanırdı.
İnsanlar cəbhədəki
doğmalarının intizarını
çəkirdilər, evlərə
qara xəbərlər
gəlirdi. Sabah nə baş verəcəyini kimsə bilmirdi. El-obada toylar, şənliklər çox olmazdı. Amma ara-sıra toy şənlikləri yenə təşkil edilirdi. Bəzən yaralanıb cəbhədən
qayıtmış gənclərə
toy büsatı qurulurdu. Bəzən ailələr bir neçə ay sonra cəbhəyə yola düşəcək övladlarına toy edirdilər ki, arzu-kamları qəlblərində
qalmasın. Musiqiçi
dostları belə toy məclislərinə hərdən Hacıbaba Hüseynovu da aparırdılar. Xüsusilə
qohumu qarmonçalan Teymur Dəmirovla toylara tez-tez gedirdi. O, heç bir musiqi təhsili
almadan nağarada ifa etməyi mükəmməl öyrənmişdi.
Elə toylara da əvvəllər nağaraçı kimi gedir, yalnız yaxşı səsinin olduğunu bilənlər ondan xahiş edəndə hərdən
bir-iki ağız da oxuyardı. Onun üçün sənətdə çox
böyük meyarlar vardı. Zülfi Adıgözəlov, Seyid Şuşinski, Xan Şuşinski kimi ustadların iştirak etdiyi məclisdə oxumağı qəti qəbul etmirdi. Hətta onların öz ifaları ilə necə deyərlər möhürünü
vurduqları mahnıları
artıq özü böyük sənətkar
kimi şöhrət tapdığı vaxtlarda da repertuarına salıb oxumağı doğru sanmazdı.
Əhməd Bakıxanovla
tanışlıq
Azərbaycanın daha
bir görkəmli müğənnisi Sara Qədimovanın bacısı
ilə ailə həyatı qurmuşdu.
1945-ci ildə - müharibə
başa çatandan sonra Sara xanım
onu məşhur pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Bu tanışlıq Hacıbaba Hüseynovun sənət taleyində çox böyük rol oynayır. Əhməd Bakıxanovun dəvəti ilə gənc Hacıbaba onun ansamblında çalışmağa başlayır,
görkəmli sənərkarların
yanında musiqinin sirlərinə daha dərindən vaqif olurdu.
Heyrətamiz dərəcədə
güclü hafizəsi
ona klassik ədəbiyyat nümunələrini
tez bir zamanda
əzbərləməyə, əruzun incəliklərini
mənimsəməyə imkan
verirdi. Cavanlıqdan özü də şeirlər, qəzəllər,
müxəmməslər yazır,
davamlı mütaliənin
köməyi ilə yaradıcılığını mükəmməlləşdirirdi. Məhəmməd Füzuli,
Seyid Əzim kimi klassiklərimiz əsrlərin o üzündən
görkəmli sənətkarın
zəkasına işıq
salan çıraqlar,
yol göstərən
ustadlar idi. O, Əhməd Bakıxanovu da ömrünün sonuna qədər özünün ustadlarından
sanırdı.
1962-ci ildə Hacıbaba
Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə başlayır
və burada ömrünün sonuna qədər - düz 30 il pedaqoji fəaliyyətlə
məşğul olur.
Bu illərdə hər biri Azərbaycan
musiqisi tarixinin parlaq simaları olan Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət
Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqa belə tanınmış sənətkarlarımız
Hacıbaba Hüseynovdan
dərs almışlar.
Amma onun sinfində tələbə
kimi iştirak etmədən də Hacıbaba müəllimdən
öyrənən çoxlu
sayda xanəndə vardı. Məsələn,
Ağaxan Abdullayev, Alim Qasımov kimi sənətkarlar Hacıbaba Hüseynovun ifalarından ciddi şəkildə təsirlənmişdilər.
Bir zaman ustadların ifalarını,
söhbətlərini dinləyərək,
yazdıqlarını oxuyaraq
öyrənən Hacıbaba
müəllim artıq
özü Azərbaycan
musiqi sənətinin sanballı ustadlarından idi. O, "Rast" muğamının "Üşşaq",
"Hüseyni", "Novruzi
ravəndə" və
digər muğamlarda olan "Şah Xətai" şöbələrinin
ilk ifaçılarından
sayılırdı. Onun
təşəbbüsü ilə "Bayatı-Şiraz"
muğamının "Dilrüba"
şöbəsi dərsliyə
əlavə olunmuşdur.
Mötəbər körpü
Hacıbaba Hüseynov
bir çox musiqi tədqiqatçılarımızın
da haqlı olaraq qeyd etdikləri
kimi, muğam sənətimizin dünəni
ilə bu günü və gələcəyi arasında
çox mötəbər
bir körpü idi. O, klassik muğam irsimizin təşəkkül tapıb
formalaşdığı əsrarəngiz
dövrlə gələcək
arasında çox vacib rabitə qurmağı bacaran sənətkarlarımızdandır. Həmişə maraqlı
söhbətlər, müzakirələr
mühitinə, savadlı
insanlarla ünsiyyətə
can atan Hacıbaba Hüseynov son dərəcə müdrik, dərin bir insan idi.
Klassik ədəbiyyat
incilərimizi güclü
hafizəsində yaşadan
ustad sənətkar
300-dən artıq qəzəli,
müxəmməsi, rübaisi,
qoşmaları ilə
özü də Azərbaycan ədəbiyyatı
xəzinəsinə bir-birindən
gözəl töhfələr
vermişdir. Hacıbaba
Hüseynovun qələmindən
çıxan poeziya nümunələri bu gün də ayrı-ayrı xanəndələrimizin
repertuarında yer tutaraq sevgi ilə
oxunur, dəyərli bir irsi yaşadır.
Görkəmli sənətkarın
bəstəkarlıq qabiliyyəti
də güclü idi. Bəstəkarlıq səriştəsindən istifadə
edərək o, uşaqlıq
illərində, gəncliyində,
yeniyetməlik çağlarında
eşitdiyi hansısa unudulmuş melodiyaları,
ayrı-ayrı təsnifləri
bərpa etməyi bacarırdı. Onları müasirləşdirərək daha gözəl hala salır, köhnəlmiş sözləri
dəyişir, yeri gələndə öz yaradıcılığından və ya digər
şairlərdən uyğun
gələn misralar əlavə edir, bir-birindən gözəl
yeni musiqi lövhələri yaradaraq
dinləyicilərin könlünü
oxşayırdı.
Ömrünün ahıl
çağlarında xanəndə
bir-birinin ardınca xarici ölkələrə
qastrol səfərlərində
də olmuşdu.
1989-cu ildə Azərbaycanın
böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa, 1990-cı
ildə Türkiyənin
Adana şəhərinə
getmişdi. 1991-ci ildə
isə 1 ay ərzində Belçikanın
Brüssel, Fransanın
Paris, Marsel, Lyon, Monpelye şəhərlərində,
İsveçrədə, Hollandiyada
qastrol konsertləri vermişdi. 1992-ci ildə isə on iki
nəfərlik musiqiçi
heyəti ilə İrana 2 aylıq qastrol səfəri uğurla baş tutmuşdu.
Hacıbaba Hüseynov
1993-cü il oktyabrın
24-də Bakıda vəfat etmişdir.
Görkəmli muğam
ustadının sənətini
xalqımız və dövlətimiz daim yüksək qiymətləndirmişdir.
O, Azərbaycan Respublikasının
Əməkdar artisti və qısa müddətdən sonra Xalq artisti adına
layiq görülmüşdür.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə 2019-cu ildə Hacıbaba Hüseynovun 100
illik yubileyi yüksək səviyyədə
qeyd edilmişdir.
Hacıbaba Hüseynov
elə sənətkardır
ki, bütün nəsillərin təmsilçiləri
onun ifalarını böyük sevgi ilə dinləyir, yüksək dəyərləndirirlər.
Ustad sənətkarın
dinləyiciləri sırasında
yeni nəslin nümayəndələrini görmək
çox gözəldir.
Bu, ona dəlalət
edir ki, əsl sənət də, sənətkar da əbədiyaşardır.
Hacıbaba Hüseynov
da öz sənəti ilə bu əbədiyaşarlığın
rəmzinə çevrilib.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
15 mart, № 58.- S.15.