Azərbaycan səhnəsinin ilk təkrarolunmaz Məcnunu

 

 

Sarabski Hüseynqulu Rzayevin səhnə adı idi. Azərbaycan teatr tarixində də bu adla qaldı. Tərcümeyi-halına gəlincə, o, məşhur "Köhnə Bakı" əsərində yazıb: "Mən bakılıyam. 1879-cu ildə Bakının İçərişəhər adlanan hissəsində, Yeddilər məhəlləsinin məscidi sayılan Giley məscidi yaxınlığındakı evimizdə doğulmuşam. Bu ev ana babam məşədi Rəhim Hüseyn oğlunun mülki idi. Atam dənizdə işləyirdi"...

Hüseynqulunun yazdığı kimi, atası Məlik gəminin qara fəhlələrindən idi. Nə qədər ağır zəhmətə qatlaşsa da, ailəsini kasıblıq, gün-güzəran qayğılarından qurtara bilmirdi. Bir gün isə dəniz onun fəlakətinə çevrildi. Atanın faciəli ölümündən sonra ailənin, iki kiçik uşağın yükü ananın çiyinlərinə düşdü. Varlıların evində xidmətçilik etdi. Hüseynqulu da kiçik yaşlarından ağır işlərdə çalışmaq məcburiyyətində qaldı.

Ancaq anası dolanışıq qayğıları içərisində də oğlunun təhsilini unutmadı. Hüseynqulunun anası eşitmişdi ki, Anaqız adlı qadın molla bir abbasıya Quranı öyrədir. Oğlunu onun yanına apardı. Hüseynqulu əvvəl çox sevinirdi. Ancaq sonra sevinci qüssəyə döndü: "Molla mənə 5 ay dərs keçdi, lakin mən heç bir kəlmə belə yadda saxlaya bilmirdim... 5 aydan sonra onlar mənə mollanın yanından çıxmağa icazə verdilər".

Bundan sonra məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşən və kasıblar üçün nəzərdə tutulan rus dilində axşam kurslarına getməyə başladı.

Musiqiyə uşaqlıqdan həvəsi böyük idi. Elə o vaxtlardan məlahətli səsi ilə seçilirdi. Sonralar qələmə aldığı xatirələrində yazırdı: "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdim".

İlk dəfə teatr tamaşasına baxmağa gedəndə on iki yaşındaydı. Həmin tamaşanın - həvəskarların ifasında "Xan Sarabi" adı ilə səhnələşdirilmiş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyasının təəssüratını ömrü boyu unutmadı. O gün səhnənin, aktyorluq sənətinin sehrinə düşdü. Səhnə adını da "Xan Sərabi"nin təsiri ilə götürdü və Azərbaycan teatr sənətinin unudulmaz Sarabskisi oldu.

O, bu sənətə çox çətin bir dövrdə gəldi. Çoxu aktyorluğun kişiyə yaraşmadığını deyir, səhnəyə çıxanları qınayır, həqarət edirdi. Səhnəyə ilk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul rolunda çıxdı.

1903-cü ildən həvəskar artistlərin təşkil etdiyi dram cəmiyyətlərinin işində iştirak etdi. 1906-cı ildə təşkil olunan "Nicat" Maarif Cəmiyyətinin işində uzun illər fəal iştirak edən Hüseynqulu Sarabski 1908-ci ildən cəmiyyətin nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti oldu.

Hüseynqulu Sarabskini operaya gətirən Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahı rolunda çıxış edərkən oxuduğu "Hicaz" muğamı oldu. Gənc, istedadlı aktyorun həmin ifası o zaman Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin diqqətini çəkdi. Üzeyir bəy Hüseynqulu Sarabskini öz operasında baş rola - Məcnun roluna dəvət etdi.

1908-ci il yanvarın 25-də "Leyli və Məcnun" operasında Məcnun rolunu ifa etdi. Bu obraz Hüseynqulu Sarabskinin yalnız yaradıcılığında deyil, həyatında müstəsna rol oynadı. Aktyor olduğu üçün ona rişxənd edənlərin münasibəti dəyişdi. Hüseynqulu Sarabski illər sonra o günləri yada salaraq yazırdı ki, vaxtilə onu barmaqla göstərənlər, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar. O, Məcnun rolunu 30 ildən artıq müddətdə 400 dəfə oynadı.

Hüseynqulu Sarabskinin adı Üzeyir bəy Hacıbəylinin opera və operettalarında - "Leyli və Məcnun"da Məcnun, "Əsli və Kərəm"də Kərəm, "Şeyx Sənan"da Şeyx Sənan, "Şah Abbas və Xurşidbanu"da Şah Abbas, "Rüstəm və Söhrab"da Söhrab, "O olmasın, bu olsun"da Sərvər, "Ər və arvad"da Mərcan bəy, "Arşın mal alan"da Əsgər, Müslüm Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi milli opera tariximizə yazılıb.

O, rejissor kimi bir çox opera, operetta və dram tamaşalarına quruluş vermiş, Azərbaycan Dövlət Konservatoriyasında, Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam sənətindən dərs demişdir.

Xalq artisti fəxri adına 1932-ci ildə layiq görülmüş, 1938-ci ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. 1934-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü, 1938-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi Hüseynqulu Sarabski 1945-ci il fevralın 16-da vəfat etmişdir.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 15 mart, № 58.- S.15.