İftira yalanlar, yaxud Solovyovun məsuliyyətsizliyi

 

 

Xəbər verildiyi kimi, martın 22-də Moskvada "Crocus City Hall" ticarət mərkəzində terror hadisəsi baş verib. Son məlumatlara görə, hadisə zamanı 140 nəfər həlak olub.

Şahidlərin sözlərinə görə, avtomatlarla silahlanmış şəxslər ticarət mərkəzinə daxil olaraq, "Piknik" qrupunun konserti olan zalda tamaşaçılara atəş açıb və qumbara atıblar. Artıq hüquq-mühafizə orqanları bu qanlı terror hadisəsini törədənlərin bəzilərini həbs ediblər. Axtarışlar, istintaq araşdırmaları davam edir. Qatillər həbs olunduqca hadisələrin yeni təfərrüatları üzə çıxır.

Rusiyada baş verən terror hadisəsini demək olar ki, bütün dünya ölkələri  pisləyir. Heç bir günahı olmayan mülki insanlara qarşı bu cür qəddarlıq və vəhşilik qəzəblə qarşılanır. Başqa dövlətlər kimi Azərbaycan da terror hadisəsini həmişə olduğu kimi pisləyib. Çünki xalqımız uzun illər erməni terrorundan əziyyət çəkib. Terrorun nə olduğunu başqa xalqlardan daha yaxşı bilir.

"Crocus City Hall"da baş verən terrorla bağlı müxtəlif fərziyə və fikirlər irəli sürülür. Bu qanlı hadisə dünyanın aparıcı televziya və mətbuat orqanlarında geniş şərh edilir. Təəssüflər olsun ki, bu verilişlərin  bəzilərində obyektivlikdən uzaq olan fikir və rəylər də söylənilir. Tamaşaçılara həqiqətdən uzaq olan yanlış məlumatlar verilir. Qazanılmış çoxillik təcrübə göstərir ki, belə hadisələr haqqında verilən məlumatlara həssaslıqla yanaşılmalıdır, həqiqətə uyğun olmayan fikirlər səsləndirilməməlidir. Təəssüf ki, hadisənin baş verdiyi Rusiyada məlumatların yayılmasına heç də hamı həssaslıqla yanaşmır, dediyi sözün mahiyyətinə varmır, məsuliyyətini anlamır.

Qanlı terror hadisəsinin mətbuatda, televiziyada işıqlandırılması göstərir ki, bəzi Rusiyalı jurnalistlər yayımladıqları verilişlərdə reallıqdan çox uzaq olan məlumatlar səsləndirirlər. Bu jurnalistlər sözləri ilə, hərəkətləri ilə kimlərəsə yarınmağa çalşırlar, onların sifarişlərini yerinə yetirirlər. Belələri bu hadisələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ermənipərəstliyi ilə seçilən belə jurnalistlərdən biri də davranışı, ifadə tərzi ilə tamaşaçılarda ikrah hissi doğuran, efir vaxtında anormal hərəkətlər və jestlər edən teleaparıcı Vladimir Solovyovdur.

Bu gün onu Rusiyada jurnalist kimi yox, daha çox təxribatçı və təlxək kimi qəbul edirlər. Təlxəyin dediyi də yalandan başqa bir şey olmaz. Daim Azərbaycana qarşı qərəzli mövqe tutan Solovyov "Crocus"dakı terror hadisəsi ilə bağlı əlində heç bir fakt olmadan Azərbaycanı hədəfə almağa çalışır. Hansı ki, artıq hüquq-mühafizə orqanları terroru törədənləri də, onun sifarişçilərini də həbs etməyə başlayıblar. Burada Azərbaycanla bağlı heç bir iz, heç bir ifadə yoxdur. Hadisədə əli olanların həbsi ilə bağlı məlumatları gün ərzində efirlərdə dəfələrlə təkrar-təkrar göstərirlər. Bu məlumatları təkcə jurnalistlər deyil, sadə vətəndaşlar da izləyirlər. Ermənilərə xidmət göstərən, onların sifarişlərini yerinə yetirən, dəyirmanlarına su tökən, ölkəmizə qarşı daim qərəzli mövqe tutan Solovyovun bu məlumatlardan xəbəri yoxdurmu, yoxsa hadisənin necə törədildiyini bilmirmi? Təbiidir ki, bilir. Amma özünü bilməməzliyə vurur. Yanlış məlumatlar verməklə ağalarına bir daha sadiq olduğunu göstərir.  Yalanları ilə ictimaiyyəti aldatdığının isə heç fərqinə varmır. Bu, sözün Solovyov məsuliyyətsizliyindən başqa bir şey deyil.

"Crocus City Hall" konsert zalında törədilmiş terrorla bağlı teleaparıcı, jurnalist Vladimir Solovyovun ölkəmizə qarşı dilə gətirdiyi yalan və qərəzlərlə əlaqədar Azərbaycan Mətbuat Şurası bəyanat yayıb. Bəyanatda qeyd edilib ki, "V.Solovyov özünün eyhamları ilə Azərbaycana münasibətdə informasiya təxribatı aparır. Nəzərə almır ki, terrorçunun heç bir milli və dini mənsubiyyəti ola bilməz. Üstəlik, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur. V.Solovyovun "Crocus City Hall"da törədilmiş təxrtibata etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişəni alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin "sifarişlərini" yerinə yetirdiyi məlumdur.

Məsuliyyət hissindən uzaq olan Solovyov efir zamanı bəzi məqamlarda hətta jurnalist olduğunu da unudur. Unutduğuna görə də ağlına və ağzına gələnləri danışır. Dediklərinin cəmiyyətdə hansı fəsadlar törədəcəyini düşünmür. Obyektivlikdən çox uzaq olan yalan məlumatlar yayır. Qəsdən, bilə-bilə ictimaiyyətə reallıqdan uzaq olan informasiyalar ötürür. Ölkəmizə qarşı belə qərəzli mövqe nümayiş etdirməsi ilə ermənilərin sifarişini yerinə yetridiyini bir daha təsdiqləyir. Bəyantda bu fikirlər də öz əksini tapıb: "Şübhə yoxdur ki, V.Solovyovun "Crocus City Hall" terrorunda Azərbaycan izini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır. Bu, media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiyadır. Jurnalistin hadisə və proseslərə yanaşması, habelə qiymətləndirmə tərzi Rusiya ictimaiyyətini, o cümlədən media cameəsini ciddi şəkildə düşündürməlidir. Çünki Solovyov cəmiyyəti yanlış istiqamətə yönləndirməklə məşğuldur. Onun tutduğu mövqe əsl həqiqətləri və reallıqları korporativ maraqlara qurban verməkdir. Bu, bir peşə sahibinin nəinki başqa, ən əsası vətəndaşı olduğu ölkəyə vurduğu son dərəcə ağır zərər və ziyandır", - deyə qeyd olunub.

Teleaparıcı V.Solovyovun ölkəmizə qarşı qərəzli mövqe tutması ilk dəfə deyil. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla dostluğunu təsdiqləyən faktlar həm Rusiya, həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çoxdan məlumdur. Adlarını çəkdiyimiz bu yaramazlar hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirməyə çalışmışdılar. Ona görə də Solovyovun "Crocus City Hall" olayı ilə bağlı eyni çirkin dəst-xətti bizə çoxdan tanışdır. Solovyovun da, ona bu sözləri dedirdənlərin də başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmaqdır. Əminliklə demək olar ki, solovyovlar və onun tərəfdarları məqsədlərinə heç vaxt çatmayacaqlar. Çünki Azərbaycan və Rusiya arasındakı monolit dostluğu və mehribançılığı yalançı bir teleaparıcının sərsəm fikirləri korlaya bilməz. Yaxşı deyiblər ki, milçək bir şey deyil, sadəcə olaraq vızıltısı ürək bulandırır. Solovyovun həqiqətdən uzaq fikirləri də yalnız və yalnız ürək bulandırır. İnanırıq ki, bu həssas məqamda Rusiya cəmiyyətində Solovyov kimi məsuliyyətsiz teleaparıcının dediklərinə qarşı güclü ictimai qınaq formalaşacaq, onun yaramaz və məsuliyyətsiz əməllərinə layiqli hüquqi qiymət veriləcək. Bulanıq sular axıb-axıb durulacaq. Bu duruluqda isə kimin kim olduğu aydın görünəcək.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 28 mart, № 63.- S.9.