Milli
Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın
148-ci Assambleyasında çıxış
edib
Milli Məclisin
sədri və Parlamentlərarası İttifaqda
Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Sahibə Qafarova martın 23-də İsveçrə
Konfederasiyasının Cenevrə
şəhərində keçirilən
Parlamentlərarası İttifaqın
148-ci Assambleyasında “Parlament
diplomatiyası: sülh
və qarşılıqlı
anlaşma üçün
körpülərin qoyulması”
mövzusunda çıxış
edib.
AZƏRTAC xəbər verir ki, çıxışında
Milli Məclisin spikeri Parlamentlərarası
İttifaqın 148-ci Assambleyasının
işinə uğurlar
arzulayıb. O, sülh,
təhlükəsizlik və
qarşılıqlı anlaşma
məsələsinin qurumun
2024-cü il üçün
strateji siyasət istiqaməti və müzakirələrin mövzusu
kimi seçilməsinin
önəmini vurğulayaraq
bildirib ki, sülh və qarşılıqlı anlaşma
məsələsi böyük
əhəmiyyət qazanaraq
həlledici bir amilə çevrilib. Daha yaxşı bir dünyaya olan ümidlərimiz sülh və qarşılıqlı anlaşma
ilə sıx bağlıdır.
Sahibə Qafarova
bu gün dünyanın daha parçalanmış və
daha təhlükəli
hala gəlməsindən
söz açaraq, bunun beynəlxalq qaydalara əməl olunmamasının, ikili standartların və müəyyən dövlətlərin
maraqlarının üstünlük
təşkil etməsinin
nəticəsi kimi çoxtərəfli mexanizmlərin
səmərəsizliyi ilə
əlaqələndirildiyini söyləyib.
Spiker diqqətə
çatdırıb ki,
bu məsələlər
bir neçə gün əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilən,
68 ölkədən 400-dən artıq yüksək səviyyəli qonağın
iştirak etdiyi 11-ci Qlobal Bakı Forumu çərçivəsində
“Parçalanmış dünyanın
bərpası” mövzusunda
geniş müzakirə
olunub.
Birləşmiş Millətlər
Təşkilatının mərkəzində
dayanan daha güclü, daha səmərəli və çoxtərəfli inklüziv
sistemin yaradılması
zərurəti ilə
bağlı ümumi konsensusun mövcudluğuna
diqqət çəkən
spiker bildirib ki, bu sistem
beynəlxalq hüququn
ümumi qəbul edilmiş norma və prinsiplərinin ciddi şəkildə, ayrı-seçkilik qoymadan
tətbiqinə, dövlətlərin
suverenliyinə və ərazi bütövlüyünə
hörmət edilməsinə,
ədalətin qorunmasına
əsaslanmalıdır. Vurğulanıb
ki, bu, hamımızın
nail olmağa çalışdığı sülhü və anlaşmanı bərpa etmək və qorumaq üçün ön şərtdir.
Milli Məclisin
sədri parlament diplomatiyasının artan əhəmiyyətinə toxunaraq,
parlamentlərin sülh
və qarşılıqlı
anlaşmaya nail olmaqda rolu barədə
fikirlərini bölüşüb.
O deyib ki, parlament diplomatiyası qlobal problemlərin həllində çoxtərəfliliyin
və beynəlxalq əməkdaşlığın qorunub saxlanılmasının
hər zamankından daha vacib olduğu
mövcud beynəlxalq
çətinliklər kontekstində
ölkələrarası əlaqələrdə
mühüm amilə çevrilib. Onun sözlərinə görə,
daha geniş bir perspektivdən baxılmalı olan sülh və təhlükəsizlik problemlərinə
qarşı parlamentləri
təkbaşına bir
vasitə kimi görmək həddindən
artıq nikbinlik olardı. Lakin dialoqun sülh üçün əsas tələb olması konsepsiyasını nəzərə
alsaq, parlamentlər sülhə və qarşılıqlı anlaşmaya
körpü salmaq üçün effektiv əlavə mənbəyə
çevrilirlər. Xalqın
nümayəndələri olaraq
parlamentlər etimad, təhlükəsizlik və
sülh içində
dinc birgə yaşamaq kimi məsələlərin həllinə
mühüm töhfələr
verə bilərlər.
Sahibə Qafarova
bu kontekstdə PAİ
rəhbərliyinin, xüsusən
də baş katib Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin
spikerlərinin ilk görüşü üçün
platforma təqdim etməsində rolunu yüksək qiymətləndirib.
O bildirib ki, bu gün hər
iki ölkə sülhə əvvəlkindən
daha yaxındır. İki ölkənin parlamentləri arasında bu cür görüşlər
konstruktiv müzakirələr
üçün faydalı
mexanizm olacaq.
Spiker Sahibə
Qafarova xüsusilə
söyləyib ki, bəyan edilmiş hədəflərindən yayınan
digər bəzi parlamentlərarası təşkilatlardan
fərqli olaraq PAİ
dialoq baxışına
sadiq qalır və tərəflər arasında təmaslara körpü yaratmaq kimi mühüm rol oynayır.
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.3.