Azərbaycan ICESCO ilə əməkdaşlığı
yüksək qiymətləndirir
Milli Məclisin
sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində
keçirilən Parlamentlərarası İttifaqın 148-ci
Assambleyası çərçivəsində İslam
Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının
(ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə
görüşüb.
AZƏRTAC xəbər
verir ki, görüşdə təşkilatla Azərbaycan
arasında əməkdaşlığın yüksək səviyyədə
inkişaf etdiyi və tərəflər arasında davamlı
dialoqun mövcudluğu məmnunluqla qeyd edilib.
Milli Məclisin
sədri ötən ilin dekabr ayında Mərakeşə rəsmi
səfəri çərçivəsində ICESCO rəhbəri
ilə görüşünü məmnunluqla xatırlayaraq,
ölkəmizin bu təşkilata və İslam ölkələri
ilə əməkdaşlığa böyük önəm
verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan İslam
Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsinin
fəal üzvüdür. Ölkəmiz üzv dövlətlərlə
həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq edir,
hər zaman ölkələrimiz arasında həmrəyliyin
möhkəmlənməsinə səy göstərir.
Sədr diqqətə
çatdırıb ki, Azərbaycan ICESCO ilə əməkdaşlığı
yüksək qiymətləndirir və bu əməkdaşlığa
xüsusi önəm verir.
Görüşdə
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin
(QHPŞ) konfransının əhəmiyyəti və
aparılan müzakirələrin aktuallığı
vurğulanıb. QHPŞ-də İCESCO-ya müşahidəçi
statusunun verilməsinin tərəflər arasında əməkdaşlığa
töhfə verəcəyi bildirilib.
Söhbət
zamanı Salim bin Məhəmməd əl-Malik ICESCO-nun Azərbaycanla
əməkdaşlığın daha da inkişafında
maraqlı olduğunu bildirib. O, ötən illərdə
ölkəmizə səfərləri çərçivəsində
ölkə rəhbərliyi ilə keçirdiyi
görüşləri məmnunluqla xatırlayıb,
imzalanmış Fəaliyyət Planının ICESCO ilə Azərbaycan
arasında əməkdaşlığın daha da dərinləşməsinə
töhfə verəcəyini bildirib.
Baş
direktor Heydər Əliyev Fondunun İslam dünyasında təhsil,
elm, mədəniyyət sahələrində
gördüyü işləri yüksək qiymətləndirib.
O, həmçinin
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək
hüququ qazanmasına, həmçinin Şuşa şəhərinin
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan olunmasına görə təbriklərini
çatdırıb.
Görüşdə
Azərbaycanla bu beynəlxalq təşkilat arasında
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da müzakirələr aparılıb.
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.6.