Solovyov
yenə də ara qızışdırır
Təxribatçı
jurnalistin son açıqlaması Rusiya
dövlətinə və
cəmiyyətinə qarşı
xəyanətdir
"Rusiyalı jurnalist
Vladimir Solovyovun sonuncu dəfə Azərbaycana qarşı səsləndirdiyi uydurmalar
ilk belə ittiham deyil. O, hər zaman ölkəmizə qarşı
qərəzli olan, informasiya müharibəsində
düşmən mövqeyində
dayanan jurnalistdir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Mətbuat Şurasının
İdarə heyətinin
üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, teleaparıcı Vladimir Solovyovun Moskvada baş verən terror aktında Azərbaycan izini axtarmaq yönümlü açıqlamalarına münasibət
bildirərkən deyib.
Hacıbəy Heydərli
hələ 2016-cı ildə
Solovyovun Azərbaycanı
İŞİD-lə əlaqədələndirdiyini,
Vətən müharibəsi
dönəmində də
Azərbaycana qarşı
çirkin kampaniya apardığını, ölkəmizə
qarşı ittihamlar irəli sürdüyünü
xatırladaraq deyib ki, indiki mərhələdə
bu, Solovyovun təxribatçı addımlarının
davamı kimi qiymətləndirilməlidir. Ancaq
əvvəlki məsələlərdə
V.Solovyov məhz Azərbaycana qarşı kampaniya aparırdısa, son açıqlaması isə həm də Rusiya dövlətinə və cəmiyyətinə qarşı
xəyanətdir. Çünki
terror aktı Moskvada baş verib və terrordan
heç bir dövlət sığortalanmayıb.
Terrorçunun milliyyəti,
dini önəm daşımır. Belə
olan təqdirdə onun milli məsələləri
ön plana çıxarması Rusiya
daxilində yeni çaxnaşma yaratmaq, Rusiyada olan milli
azlıqları dövlətə
qarşı qaldırmaq
istəyindən doğur.
"Belə açıqlamalar,
ilk növbədə Rusiya cəmiyyəti tərəfindən qınanılmalı,
Solovyov kimi təxribatçı jurnalistlərin
qarşısı alınmalıdır.
O, heç vaxt öz sözünü demir, jurnalistdən daha çox təxribatçı kimi tanınır. Onun dediyi sözlər Ermənistan milyarderlərinin,
diasporunun düşündüyü
fikirlərdir. Onlar deyə bilmədiyi sözləri pul müqabilində Solovyov vasitəsilə çatdırırlar",
- deyə H.Heydərli
bildirib.
Onun sözlərinə
görə, terror aktı ilə bağlı istintaqın davam etdiyi, dünyanın
gözü Rusiyada olduğu halda V.Solovyovun belə ittihamlar səsləndirməsi
işin gedişinə
qarışmaq, həm
də Rusiya dövlətini zəif göstərmək niyyətindən
doğur. Dünyanın
bir çox ölkəsində terror aktı baş verəndə bununla bağlı mediaya yayım qadağası qoyulur. Jurnalistlər mövzu ilə bağlı şəxsi fikirlərini səsləndirmirlər,
çünki istintaq davam edir və
işə hansısa fikirlə təsir etmək imkanı mümkün hesab edilir. Solovyov hazırki prosesdə Rusiya dövlətinə xəyanət edir. Azərbaycan-Rusiya münasibətlərinin
yüksək səviyyədə
olduğu vaxtda onun fikirləri məkrli və qərəzli qəbul olunur.
H.Heydərli qeyd
edib ki, o, bu açıqlaması ilə Rusiya cəmiyyətində Azərbaycana
qarşı nifrəti
artırmağa, iki ölkənin münasibətlərinə
kölgə salmağa
çalışır: "Bununla bağlı təkcə Azərbaycan jurnalistikası, cəmiyyəti
deyil, həm də ruslar reaksiya verməlidirlər.
Bu da faktdır ki,
Rusiyada Solovyovu ciddi şəxs, jurnalist kimi qəbul etmirlər.
O, sadəcə olaraq, bəzi qüvvələrin
maşasıdır".
Bu gün Rusiyada
azərbaycanlıların ruslarla birgə mehriban şəraitdə
yaşadığını deyən baş redaktor
vurğulayıb ki, Solovyov kimi təxribatçı,
şantajçı, xalqların, dövlətlərin
arasını vurmaq istəyənlər heç bir halda məqsədlərinə
çatmayacaqlar. Jurnalist kimi V.Solovyovun bu
açıqlamasını şiddətlə
qınadığını deyən H.Heydərli
düşünür ki, məsuliyyətsiz açıqlamalar
verən, iki dövlətin münasibətinə kölgə
salmağa çalışan, Rusiyada yaşayan azərbaycanlılara
qarşı bu cür ittihamlar səsləndirən şəxslər,
"jurnalist"lər qanun qarşısında cavab verməlidirlər.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.9.