Prezident
Xankəndidə separatçıların
bütün ümidlərinə
od vurdu
"Prezident İlham
Əliyev martın
18-də Xankəndidə Novruz
tonqalını alovlandıraraq
Azərbaycan xalqını
bayram münasibətilə
təbrik etdi. Dövlət başçısı
təbrik çıxışında
bildirdi ki, bu gün işğaldan
azad edilmiş ərazilərimizdə bayram
tonqallarını yandırmaq
böyük xoşbəxtlikdir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O, dövlət başçısının
çıxışını xatırlatdı: "Dördüncü
dəfədir ki, bayram tonqalını mən azad edilmiş
Qarabağ torpağında
qalayıram. 2021-ci ildə
Şuşada, 2022-ci ildə
Suqovuşanda, keçən
il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində
bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir.
Altı ay bundan əvvəl cəmi bir gündən
az davam edən antiterror əməliyyatı nəticəsində
biz öz suverenliyimizi tam bərpa etdik və bu gün
Azərbaycan ərazisində
ölkəmizin ərazi
bütövlüyü tamamilə
təmin edilmişdir".
Dövlətimizin başçısı
bunu Azərbaycan xalqının böyük
qələbəsi kimi
qiymətləndirərək vurğuladı ki, biz 2020-ci ildə torpaqlarımızı işğaldan
azad etdik, amma həmin dövrə qədər Azərbaycana müxtəlif
dairələrdən siqnallar
göndərilirdi ki, münaqişənin hərbi
yolla həlli yoxdur. Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, əgər münaqişənin dinc həlli həyata keçirilmirsə, onda torpaqlarını hərbi
yolla işğaldan azad edə bilər.
E.Mirbəşiroğlu qeyd edib ki,
Azərbaycan hər zaman keçmiş münaqişə vəziyyətinin
dinc vasitələrlə
aradan qaldırılmasının
tərəfdarı olub,
danışıqlar prosesində
səmimiyyətlə iştirak
edib. Hər zaman dünyaya çağırış
edib ki, Ermənistana təzyiq göstərilsin ki, o Azərbaycan torpaqlarından
çıxsın. Lakin
bəlli dairələrin
davranışları aydın
göstərirdi ki, onlar keçmiş status-kvo vəziyyətinin
qalmasında maraqlıdırlar
və Ermənistana zaman qazandırmağa çalışırlar. ATƏT-in Minsk qrupu
münaqişənin tənzimlənməsi
ilə deyil, idarə olunması ilə məşğul olurdu, bu da
Azərbaycan torpaqlarının
gələcəkdə hüquqi
mənsubiyyətini dəyişdirmək
üçün Ermənistana
imkan yaratmaq idi. Azərbaycan bütün bunların qarşısını sərt
şəkildə alaraq
öz gücünü
göstərdi.
Prezident İlham
Əliyev çıxışında
məhz bu məqamlara işarə etdi. "Eyni zamanda vurğuladı ki, antiterror tədbirlərinin keçirilməsinə
ehtiyac qalmayacaqdı. Ermənistanın Azərbaycan
ərazisindən silahlı
qüvvələrini geri
çəkməsi, separatçıların
silahlarını yerə
qoyması və beynəlxalq dairələrə
onlara təzyiq etmələri üçün
yenə çağırış
etdik. Ölkə rəhbəri bunları xatırlatmaqla bir daha göstərdi ki, 2020-ci ilə qədər baş verənlərlə 2023-cü ilin
sentyabrına qədər
cərəyan edən
proseslər arasında
bir oxşarlıq mövcud idi. Yəni hər iki halda Azərbaycan
çağırış edirdi, məsələni dinc vasitələrlə həll etməyə çağırırdı, lakin
ölkəmizin çağırışlarına
düzgün reaksiya verilmirdi. Belə olan halda Azərbaycan
güc tətbiq edərək təhlükəsizliyinə
mövcud təhdidləri
aradan qaldırmalı
oldu", - deyə o əlavə edib.
Deputat bildirib ki, Prezident İlham
Əliyev bu gün Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən qəbul
olunduğunu vurğulayıb.
Yəni Azərbaycanın
dostlarının, əməkdaşlıq
edənlərin sayı
çoxdur, əməkdaşlıq
etmək istəyənlərin
də sayı durmadan artır. Bütün bunlar Azərbaycanın haqlı
olduğunu göstərir.
O qeyd edib ki, Azərbaycan bu gün formalaşdırdığı
yeni geosiyasi reallıqlar şəraitində
güc mövqeyində
inamla dayanır: "Azərbaycanın beynəlxalq
nüfuzu, təsiri, rolu durmadan artır. Dövlət başçısı xüsusilə
vurğuladı ki, Xankəndidə binalar sovet dövründə azərbaycanlı memarlar tərəfindən öz
vəsaitimiz hesabına
inşa olunub. Yəni orada erməni izi heç vaxt mövcud olmayıb. Separatçılar Xankəndinin
görkəmini dəyişdirməyə,
erməniləşdirməyə çalışıblar. Amma
indi ermənilərin şəhərin simasının
dəyişdirilməsi istiqamətində
yaratdıqları elementlər
tam aradan qaldırılır. Azərbaycan
ərazilərində separatizmin
əlamətləri bir
daha olmayacaq. Bundan sonra işğaldan
azad olunmuş ərazilərimiz davamlı,
sürətlə inkişaf
edəcək, effektli məskunlaşma həyata
keçiriləcək.".
Prezident İlham
Əliyev Xankəndidə
bayram tonqalını yandırmaqla təcavüzkar,
işğalçı Ermənistanın,
xüsusi olaraq separatçıların bütün
ümidlərinə od
vurdu.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.10.