Tarixi keçmişimizdən xəbər verən Məmmədbəyli türbəsi

 

 

Bölgələrimizin hamısı bir-birindən gözəldir. Zəngilan rayonu da təbii-coğrafi şəraiti, mədəni irsi, tarixi abidələri ilə seçilən bölgələrimizdən biridir.

Təəssüflər olsun ki, 1993-cü il oktyabr ayının son günlərində erməni qəsbkarları bu gözəl diyarı da işğala məruz qoymuşdular. Doğma ocaqlarımızı ələ keçirmiş qəsbkarlar təkcə evləri, yaşayış binalarını deyil, tarixi abidələri dağıdıb yerlə yeksan etmişdilər. Vəhşi xislətli ermənilər bu yerlərdə daşı daş üstə qoymamışdılar. Daşnaklardan geriyə dəhşətli, tükürpərdən səhnələr qalmışdı. Bu torpaqlardan azərbaycanlıların izini silmək üçün hər yeri dağıtmış, yandırmış, viran qoymuşdular.

İşğalın ömrü 30 ilə yaxın çəkdi. 2020-ci il sentyabr ayının 27-də erməni işğalçılarının təxribatı nəticəsində 44 gün davam edən Vətən müharibəsi başladı. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə oktyabrın 20-də Zəngilan rayonunu da işğaldan azad etdi.

Zəngilan azadlığa qovuşduqdan sonra mütəxəssislər tərəfindən rayon ərazisindəki tarix-mədəniyyət abidələrinə baxış keçirilib, onların hazırkı vəziyyəti qeydə alınıb, inventarlaşma aparılıb. Təəssüf ki, işğala məruz qalmış digər ərazilərimiz kimi, Zəngilanda da tarixi abidələrin əksəriyyəti dağıdılıb, vandalizmə məruz qalıb. Elə bir abidə yoxdur ki, erməni işğalından ziyan çəkməsin.

Rayon ərazisində dövlət mühafizəsinə götürülmüş 19 tarix-mədəniyyət abidəsindən 8-i ölkə əhəmiyyətli, 11-i yerli əhəmiyyətli abidələrdir. Bunlardan Səkkizguşəli türbə, Dairəvi qüllə, Qız qalası kimi tarix-memarlıq abidələrini, Şəhri Şərifan kimi arxeoloji abidələrin adlarını qeyd etmək istərdik.

Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən ölkə əhəmiyyətli abidə kimi qeydə alınan Xacə Yəhya Məhəmməd oğlu türbəsi tikinti formasına görə Səkkizguşəli türbə adı ilə tanınır. Memarlıq üslubu ilə seçilən türbə 1304-1305-ci illərdə inşa olunub. Türbənin ətrafında Orta əsr qəbiristanlığı yerləşir. Tarixi tikilinin səkkizbucaqlı formada piramidalı günbəzlə tamamlanan divarları xaricdən daxildən yonulmuş daşla üzlənib. Bu daşlar tarixi abidəyə xüsusi gözəllik verib.

Türbənin mövcud olduğu ərazi kəndin ən hündür yerində yerləşir. Abidənin günbəzi iki qatdan ibarətdir. Daxili günbəz sferik, xarici günbəz isə piramidalı formadadır. 1975-ci ildə yeraltı sahə təmizlənərkən türbənin sərdabəsi üzə çıxıb. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının varlı şəxslərin qəbri üstündə ucaldılarmış. Bu, bizə həmin dövrdən qalan qiymətli tarixi abidədir.

Türbənin maraqlı orijinal kitabəsi var. Kitabə qapı yerindən yuxarı qövsvarı çatılmış bütöv daş üzərində həkk olunub. Ölçüsü 1,45 x 0,90 metrdir. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda işlənilib. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə, türbənin memarı bənnası Əli Məcdəddin olub. Araşdırmaçıların fikrincə, Xacə Yəhya Məhəmməd oğlu dövrünün böyük alimlərindən olub.

 Onu da qeyd edək ki, işğal dövründə erməni qəsbkarları türbənin bir tərəfini atıcı silahlarla vurub dağıdıblar. Hazırda azad olunmuş ərazilərdə yerləşən tarix-memarlıq abidələrinin bərpa konservasiya edilməsi istiqamətində müəyyən zəruri işlər həyata keçirilir. İnanırıq ki, başqa tarixi abidələrimiz kimi, Məmmədbəyli türbəsi bərpa olunaraq əvvəlki görkəminə qaytarılacaq. Gec olsa, tarixi ədalət öz yerini tapacaq. Sakinlər geri dönəndə başqa tarixi abidələrimiz kimi Səkkizguşəli türbəni ziyarət edəcəklər. Qaçqınlıq həyatından geri dönən kimi bu tarixi abidə ömrünün yeni dönəmini yaşayacaq.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 28 mart, № 63.- S.15.