Sahibkarlığa
dövlət dəstəyi
davam edir
Bu ilin
iki ayında sahibkarlara 23,2 milyon manat güzəştli kreditlər ayrılıb
Dünya təcrübəsi
göstərir ki, heç bir ölkə özəl sektoru inkişaf etdirmədən sosial-iqtisadi
tərəqqiyə nail
ola bilməyib. Ən azı o səbəbdən ki, sərbəst bazar iqtisadiyyatında aparıcı
qüvvə özəl
sektor hesab edilir. Bu sektorun
yaranması üçün
isə sahibkarlığın
formalaşdırılması əsas şərtdir.
O üzdən müstəqilliyimizə
yenidən qovuşduqdan
sonra ölkəmizdə
icra edilən iqtisadi islahatların hədəfi sahibkarlığın
inkişafı və özəl sektorun formalaşması oldu. Bu məqsədlə sahibkarların hüquqlarının
qorunması və özəl sektora dövlət qurumlarının
yersiz müdaxilələrinin
qarşısının alınması
istiqamətində lazımi
qərarlar qəbul edildi. Belə bir qanunvericilik bazası özəl sektorda sərbəstlik yaratmaqla yanaşı, ona kənar müdaxilələrin qarşısının
alınmasında da önəmli rol oynadı.
Dövlət təkcə
sahibkarların hüquqlarının
qorunması ilə kifayətlənmədi, ümumən
sahibkarlığın inkişaf
edib təşəkkül
tapmasını da təmin etdi. Bir neçə qısa fakt: ötən əsrin
90-cı illərinin sonlarından
sahibkarların güzəştli
kreditlərlə təmin
edilməsinə başlanıldı.
Bununla yanaşı, bir çox sahələrdə sahibkarların
rahat fəaliyyət göstərməsi üçün
lisenziyalar ləğv
edildi, zəruri olan yerlərdə isə onun alınması
proseduru sadələşdirildi.
Sahibkarlığın inkişafına göstərilən
dövlət dəstəyi
2023-cü ildə də
davam edib. Keçən il Sahibkarlığın İnkişafı
Fondu tərəfindən
ümumi dəyəri
459,9 milyon manat olan layihələr üzrə 3276 sahibkara
193,8 milyon, həmçinin
3261 kiçik və orta həcmli layihələrə 139,3 milyon
manat güzəştli
kreditlər verilib. Həmin kreditlər sahibkarlara bizneslərini inkişaf etdirməklə
yanaşı, 3 mindən
çox yeni iş yeri açmalarına
imkan yaradıb.
Güzəştli kreditlər
ayrılan sahələr
də maraq doğurur. Bu, dövlətin hansı sahəyə daha çox əhəmiyyət verdiyini
göstərir. Məsələn,
götürək ötən
ili. 2023-cü ildə
ayrılan güzəştli
kreditlərin 55,1 faizi
aqrar sektorun, 44,9 faizi müxtəlif sənaye məhsullarının
istehsalı və emalı, həmçinin digər sahələrin inkişafına yönəldilib.
Verilmiş kreditlərin
85,5 faizi regionların,
14,5 faizi paytaxtın ətraf qəsəbələrinin
payına düşüb.
Göründüyü kimi, ölkəmizdə iki sahənin inkişafına xüsusi diqqət yetirilir. Birincisi, kənd təsərrüfatıdır. Məlumdur ki, dünyadakı mövcud geosiyasi gərginlik şəraitində dövlətlər
bir-birinə qarşı
siyasi təsir vasitəsi kimi ərzaq məhsullarına
sanksiyalar qoymağa başlayıblar. Bu, hər bir ölkədən,
o sıradan Azərbaycandan
ərzaq təhlükəsizliyi məsələsinə
daha diqqətli olmağı tələb edir. Həmin səbəbdən ölkəmizdə
aqrar sektorun inkişafına və ərzaq təhlükəsizliyinin
təmin edilməsinə
xüsusi yanaşma təsadüfi deyil.
İkinci mühüm
fakt isə ayrılan kreditlərin çoxunun regionların payına düşməsidir.
Məlumdur ki, dövlətin iqtisadi-sosial
strategiyasının əsas
məqsədi ölkənin
hərtərəfli inkişafına
nail olmaqdır. Bununla əlaqədar regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 proqram qəbul edilib. Digər tərəfdən,
aqrar sektorda çalışan sahibkarlar
təbii ki, regionlarda fəaliyyər göstərirlər. Yəni
güzəştli kreditlərin
daha çox regionlarda fəaliyyət göstərən sahibkarlara
ayrılması həm
bölgələrin inkişafına,
həm də kənd təsərrüfatı
məhsullarının istehsalını
artırmağa hesablanıb.
Bütün bu
və digər dəstək hesabına indi Azərbaycan sahibkarları özləri
investisiya yatırmaq imkanına malikdirlər. Təkcə keçən
il iqtisadi və sosial sahələrin inkişafına
yatırılan ümumi
sərmayənin 43,9 faizi
qeyri-dövlət sektoruna
məxsus olub. Sənayedə qeyri-dövlət
sektorunun payı isə keçən il 84,5 faizə çatıb.
Cari il də Sahibkarlığın
İnkişafı Fondu
iş adamlarına dəstəyini davam etdirir. Fonddan verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında sahibkarlara 647 layihənin maliyyələşdirilməsinə
23,2 milyon manat güzəştli kredit ayrılıb. Həmin kreditlər hesabına 300-ə
yaxın yeni iş yerinin açılması nəzərdə
tutulur.
Rüstəm
KAMAL,
Azərbaycan.-2024.-
28 mart, № 63.- S.12.