İlham Əliyevin təşəbbüsü
ilə yaradılan Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu artıq mühüm qlobal platforma kimi qəbul edilir
"Mədəniyyətlərarası
dialoq elə bir məfhumdur ki, biz onu
güclü şəkildə
təşviq edirik. Ölkəmizdə çoxsaylı
tədbirlər təşkil
edirik. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin
bir hissəsi olaraq məhz bunu Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
həyata keçiririk
və digər tədbirlərdə bu məsələyə toxunuruq.
Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaqdır. Bu dialoq məsələsi orada da müzakirə
olunacaqdır. Əminəm
ki, bütün dünyadan gələn bu sahə üzrə
rəhbərlər bu
gün Bakıda həmrəylik nümayiş
etdirəcəklər və
liderlik göstərəcəklər".
Bəşəriyyəti narahat edən qlobal çağırışlar
Mayın 1-də Bakı
Konqres Mərkəzində
"Sülh və qlobal təhlükəsizlik
naminə dialoq" mövzusunda VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində
çıxış edən
Prezident İlham Əliyev bir daha dünyaya sülh, həmrəylik çağırışı etdi. Azərbaycanın bu yolda tutduğu
mövqeyini, qarşıya
qoyduğu məqsədini
açıqlayan Prezident
qlobal təhdidlərə
qarşı birgə mübarizənin konturlarını
təqdim etdi.
Tədbirin moderatoru,
ABŞ-nin Corc Meyson Universitetinin Sülh və Münaqişələrin Həlli
üzrə Cimmi və Rozalin Karter Məktəbinin dekanı, professor Alpaslan Özerdem də səmimi şəkildə vurğuladı
ki, forum iştirakçıları Bakıda
toplaşan zaman sərhədləri aşan,
məfkurələri keçən
dərin çağırışlarla
və fürsətlərlə
səciyyələnən qlobal
duruma şahidlik edirlər.
Onun fikrincə,
bu gün bəşəriyyət iqlim
dəyişmələri, pandemiya,
terrorçuluq, kibertəhlükələr
və geosiyasi gərginlik kimi mürəkkəb məsələlərlə
üzləşir. Əlbəttə
ki, dünya dövlətləri insanlıq
naminə münaqişələri
həll etməli və sülhü yaratmalıdırlar. 2011-ci ildən
başlayaraq məhz
"Bakı Prosesi"
bu məqsədi vacib tutub.
Xatırladaq ki,
2008-ci ildə İlham
Əliyev tərəfindən
irəli sürülmüş
mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk
dəfə Bakıda
2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və
2019-cu illərdə təşkil
olunub. Ötən müddət ərzində
forumun coğrafiyası
çox genişlənib,
tədbirə qoşulan
ölkələrin və
qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10
mindən çox iştirakçı - hökumət
rəsmiləri, beynəlxalq
təşkilat və institutlardan rəhbər və nümayəndələr
qatılıblar. Eyni zamanda forumlar çərçivəsində 180 ölkədən olan iştirakçı 250-dən artıq
müxtəlifformatlı tədbirlərə,
plenar və panel müzakirələrə,
təqdimatlara qatılıb.
Keçirilən 250 tədbir
bölgədə yeni
mədəniyyətlərarası təşəbbüsləri ilhamlandırıb.
Bəşəriyyəti narahat edən qlobal çağırışların
diqqət mərkəzinə
çevrildiyi ötən
beş forum çərçivəsində aparılan müzakirələr,
tərtib edilən sənədlər beynəlxalq
təşkilatlar üçün
əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası
dialoqa dair vacib platforma kimi qəbul edilib.
Əsas məqsəd
dialoq vasitəsilə
sülhü təşviq
etmək, qlobal təhlükəsizliyi gücləndirmək
və əməkdaşlığı
möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır.
Dünyada yeni münaqişələr, təhdidlər
hələ də davam edir
İlham Əliyevin
müəllifi olduğu
"Bakı Prosesi"
də dünyaya ədalət çağırışı
edir - gəlin, bu yola birgə
çıxaraq, qarşımızdakı
fürsətdən yararlanaq,
birləşək, müxtəlifliyi
bayram edək, sülh, qarşılıqlı
hörmət və anlaşma dünyasının
yaradılmasına ümumi
səylər, baxışlar
və biliklər ilə töhfə verək!
İndiyədək bu
istiqamətdə həyata
keçirilən reallıqlardan
söz açan İlham Əliyev iştirakçıların diqqətinə
çatdırdı ki,
2019-cu ildə Bakıdakı
görüşdən sonra
əfsuslar olsun dünya təhlükəsiz
olmayıb. Çox təəssüf ki, bu gün də
dünyada yeni münaqişələr, qeyri-sabitlik
məkanları, təhdidlər
mövcuddur. Məhz buna görə də qlobal gündəlikdə olan məsələlərə ən
təxirəsalınmaz həll
variantları tapılmalıdır.
Azərbaycanın mədəniyyətlərarası
dialoqu güclü şəkildə təşviq
etdiyini deyən dövlət başçısı
bildirdi ki, ölkəmizdə çoxsaylı
tədbirlər təşkil
edilir. Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin
bir hissəsi olaraq məhz bu proses Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
həyata keçirilir
və digər tədbirlərdə bu məsələyə toxunulur.
Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaq. Bu dialoq
məsələsi orada
da müzakirə olunacaq.
Əksər ekspertlər
də hesab edirlər ki, COP29 Azərbaycan üçün
həm də bir fürsət sayılır. Bu beynəlxalq toplantı Azərbaycan həqiqətlərinin,
reallıqlarının və
eləcə də ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində
həyata keçirdiyi
layihələrin dünyaya
olduğu kimi çatdırılmasında mühüm
platforma olacaq.
"Alova yenidən odun atmaq istəyirlər"
Azərbaycan Prezidenti
həmçinin forum vasitəsilə
Cənubi Qafqazda maraqları olan qüvvələrə də
xəbərdarlıq etdi.
Hazırda Ermənistanla
Azərbaycan arasında
proseslərin yumşaldığını,
tərəflərin sülhə
yaxın olduğunu deyən Müzəffər
Ali Baş Komandan bəyan
etdi ki, hər iki tərəfin sülh danışıqlarını
aparması üçün
vasitəçiyə ehtiyacı
yoxdur: "Əslində,
müsbət tendensiyaya
və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası
başlayıb. Nəinki
delimitasiyası, hətta
demarkasiyası başlayıb...
Buna iki ölkə tərəfindən hər
hansı bir vasitəçi olmadan nail
olunub. Bu, bir daha onu göstərir ki, bizə
vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki,
məhz öz məqsədlərini güdürlər və
yardım etmək istəmirlər. Onlar bizim bölgəyə
öz fərdi, siyasi və iqtisadi maraqları naminə
müdaxilə etmək istəyirlər. Onlar həmin alova
yenidən odun atmaq istəyirlər", - deyə Prezident qətiyyətli şəkildə
vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda buna icazə və
imkan belə verməyəcək. Çünki 30 illik
toqquşmadan sonra Ermənistan da aydın şəkildə Azərbaycanın
Cənubi Qafqazda sülh istədiyini anlayır və
barış bölgədə yalnız iki ölkə
arasında normallaşma vasitəsilə həll oluna bilər.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
3 may, № 90.- S.8.