Azərbaycanın
pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Müqəddəs
Pasxa bayramı münasibətilə Azərbaycanın
bütün xristian icmasını ürəkdən təbrik
edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Qədim
dövlətçilik tarixinə malik olan Azərbaycanda
ayrı-ayrı xalqların və etiqadların mənsubları
yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində
yaşayır, heç bir ayrı-seçkiliyə məruz
qalmadan dil və mədəniyyətini, etnik-mədəni
özünəməxsusluğunu qoruyub saxlayırlar. Xalqımıza xas zəngin tolerantlıq ənənələrinin, multikultural
dəyərlərin təbliği
və təşviqi ölkəmizdə həyata
keçirilən dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu gün Azərbaycan Respublikası
müxtəlif dinlər
və etiqadlar arasında qarşılıqlı
hörmət və etimad mühitinin, demokratik birgəyaşayış
prinsiplərinin mövcud
olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin
inkişafına mühüm
töhfələr verir.
Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi
üçün bərabər
imkanlar yaradılmışdır.
Təqdirəlayiq haldır
ki, ölkəmizin bütün etnik və dini azlıqları,
o cümlədən xristian
vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində
yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq
borcunu layiqincə yerinə yetirirlər.
Əziz həmvətənlər!
Dirçəlişin, yeniliyin, mərhəmət
və xeyirxahlıq duyğularının rəmzi
olan Pasxa bayramı münasibətilə
bir daha hər birinizə cansağlığı, xoşbəxtlik,
ailələrinizə firavanlıq
arzulayıram.
Bayramınız mübarək
olsun!
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 2 may 2024-cü il
Azərbaycan.-2024.-
3 may, № 90.- S.1.