Mədəni
liderlərin konsultativ
görüşü: “Mədəni
diplomatiya təcrübədə:
mədəniyyətlərarası anlaşmanın inkişafı"
Mayın 2-də Bakıda
keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə Azərbaycanın mədəniyyət
nazirinin müşaviri
Cahangir Səlimxanovun moderatorluğu ilə Mədəni liderlərin konsultativ görüşü
– “Mədəni diplomatiya
təcrübədə: mədəniyyətlərarası
anlaşmanın inkişafı”
mövzusunda panel iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, C.Səlimxanov
mədəniyyət diplomatiyasının
artıq yumşaq gücə çevrildiyini
qeyd edib. “Biz SSRİ-də yaşayan insanlar kimi bunu daha
yaxşı bilirik. Biz bu mədəni
təsirlərdən necə
qorunmaq, yumşaq gücə qarşı müdafiə mexanizmi barədə fikirləşməliyik”,
- deyə C.Səlimxanov
vurğulayıb.
Malayziya Senatının
sədri Mutang Tagal deyib ki,
qloballaşma prosesində
mədəniyyətlərarası sərhədlər daha tez silinir. Hər
bir ölkə həm ölkədaxili, həm də xaricdə sülh və mehriban münasibətlərin qurulmasının
tərəfdarıdır. Mədəniyyət
diplomatiyası burada müstəsna rol oynayır və münaqişə, nifrət
kimi mənfi təsirlərə qarşıdır.
Qəzzada baş verən faciə zamanı mədəniyyət
diplomatiyası olsaydı,
orada aclıq olmazdı, təhlükəsizlik
kimi həyati vacib şərtin mövcudluğu mümkün
olardı.
"Azərbaycan Malayziya
kimi çoxmədəniyyətlilik
nümunəsidir. Multikultural mühitin
qorunması və təbliği diplomatiyanın
bir istiqamətidir. Biz
rəqəmsal platformalar
vasitəsilə muzeylərə
virtual sərgilər təşkil
edərək mədəniyyətlərin
yayılması və
millətlərin birləşməsi
üçün bir sıra tədbirlər keçiririk. Təəssüflə
bildirmək istərdim
ki, son illərdə qloballaşma
zəifləyib, dövlətlər
arasında böyük
aşılmaz sədlər
qurulur, irqçilik artır. Buna görə də düşünürəm
ki, belə bir Forumun keçirilməsi ölkələr arasında
mədəniyyət diplomatiyasının
- qarşılıqlı etimadın,
sülhün və dostluğun yayılmasında
əvəzsiz rol oynayır”, - deyə Malayziya parlamentinin nümayəndəsi vurğulayıb.
Rusiya Milli Musiqi
Muzeyinin baş direktoru Mixail Brizkalov mədəniyyət
diplomatiyasının yayılmasında
musiqinin müstəsna
rolunu qeyd edib. O bildirib ki, musiqi sərhəd tanımır. Əgər
fərqli mədəniyyətlərə
malik insanlar bir-birinin mahnılarını dinləyə,
paylaşa bilirsə, bu digər sahələrdə
də sınanmalıdır.
Westmister Universitetinin
dosenti xanım Yemisi
Sloane Laura bildirib ki, multikulturalizm
sülhün əsasını
təşkil edir. Mədəniyyət diplomatiyası
sərhədləri aşır
və digər mədəniyyəti qəbul
etməyə çağırır.
“Mən Bakıda bu iki gün
ərzində Azərbaycan
yeməklərindən daddım
və çox bəyəndim. Qərara gəldim ki, bu mədəniyyətlə daha
yaxından tanış
olum. Problem mədəniyyətdə
deyil, iyerarxiyada və özünü digərindən üstün
tutmaqdadır. Digər
mədəniyyətləri öyrənməklə yanaşı,
onların ideologiyasını
da mənimsəmək lazımdır”,
- deyə Yemisi Sloane Laura vurğulayıb.
Rusiya Dövlət
Kitabxanasının baş
direktoru Vadim Duda isə
çıxışında bildirib: “Bu gün biz danışırıq, müzakirələr
aparırıq. Lakin düşünürəm
ki, biz danışmaqdan daha
çox iş görməyə çalışmalıyıq.
Prezident İlham Əliyev
çıxışında çox vacib bir məsələyə diqqət çəkdi - suverenlik. Suverenlik təkcə ölkəyə
aid deyil. On il sonra alimlər və tədqiqatçılar bugünkü
günə dair mövzularla bağlı araşdırma aparmaq istəsələr, çox
böyük çətinliklə
qarşılaşacaqlar. Çünki
bu gün artıq heç kim qəzet oxumur, hamı informasiyaları ağıllı
telefonlar, planşetlər
vasitəsilə alır.
Təklif edirəm ki,
biz birləşərək gələcəkdə də
istifadə edə biləcəyimiz etibarlı
resurs yaradaq”.
Yalovdan Haddassah
Akademik Kollecinin elmi işçisi Elina Bardaç
özünü bir sıra mədəniyyətlərin
birləşməsinin təcəssümü
hesab etdiyini deyib. O bildirib: “Çünki köklərimdə
rus, yəhudi qarışığı var, həmçinin
İngiltərədə yaşadığım
üçün bu ölkənin mədəniyyəti
ilə yaxından tanışam. Düşünürəm
ki, mədəniyyət diplomatiyasında
informasiyanın və
onun təqdimat formasının rolu danılmazdır”.
Rusiya Teatr Sənəti İnstitutunun
rektoru Qriqori Zaslavski deyib ki, hər il Rusiyada teatr festivalı keçirilir. Azərbaycan, Tacikistan, Qırğızıstan və
digər ölkələrin
teatrlarından tələbələr
festivala gəlirlər
və bir-birinə çox mehriban, dostcasına davranırlar.
Mədəniyyətlər arasında
sərhəd yoxdur, bu tələbələr bir-birinin mədəniyyətindən
faydalanır və möcüzə baş verir. “Çox sevindirici haldır ki, bu il Qırğızıstanda,
İssık-Kulda keçiriləcək
teatr festivalına Azərbaycandan nümayəndə
heyəti yenidən qatılacaq",- deyə o əlavə edib.
Qrabar İncəsənət
Qoruğu Mərkəzinin
direktoru Dmitri Sergeyev mədəniyyət
diplomatiyasının xalqlar
arasında müsbət
istiqamətdə yayılmasının
önəmini vurğulayıb.
Mərmərə
Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri
Akkan Suver qeyd edib ki, fərqli mədəniyyətlərə,
dinə və irqə mənsub insanların bir arada
yaşamaları yalnız dialoq, qarşılıqlı
anlaşma, hörmət və birgə yaşayışa səy
göstərməkdən keçir. “Mədəniyyət
diplomatiyası sayəsində dünyamızda sülh və əmin-amanlıq
şəraitində yaşaya bilərik. Çoxmədəniyyətli
coğrafiya yaratmalıyıq. Dinlər dinləri, mədəniyyətlər
mədəniyyətləri, dillər dilləri yalnız dialoq
vasitəsilə anlaya bilər”, - deyə Akkan Suver
vurğulayıb.
Birləşmiş
Millətlər Universitetinin Siyasət əsaslı Elektron
İdarəetmə üzrə əməliyyat bölməsində
baş köməkçi ekspert Səlim Qriqori Zuğbi isə
bildirib ki, dünyada sülh yalnız qarşılıqlı
hörmət və anlayış nəticəsində bərqərar
ola bilər.
Azərbaycan.-2024.-
3 may, ¹ 90.- S.6.