Polineziya, Korsika, Melaneziya,
Karib dənizi və Antil adalarında kolonializmin fəsadları
ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub
ünvanlanıb
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı
ilə BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən
qurtuluş: assimilyasiyanın nəticələri və onun
insan hüquqlarının həyata keçirilməsinə təsiri”
mövzusunda konfransın iştirakçıları Polineziya,
Korsika, Melaneziya, Karib dənizi və Antil adaları
xalqlarının məruz qaldıqları müstəmləkə
vəziyyətindən dərin narahatlıqlarını ifadə
etmək üçün ATƏT-in Demokratik Təsisatlar və
İnsan Haqları Bürosunun direktoru Matteo Mekaççiyə
və ATƏT-in media azadlığı üzrə nümayəndəsi
xanım Tereza Ribeyroya açıq məktub
ünvanlayıblar.
AZƏRTAC xəbər verir ki, konfrans
iştirakçıları 1945-ci ildə BMT Nizamnaməsinin
imzalanmasından sonra özünüidarənin beynəlxalq
standartlarının BMT Baş Assambleyasının öz
müqəddəratını təyinetmə və bundan irəli
gələn müstəmləkəsizləşdirmə
üçün tələb olunan şərtləri nəzərdən
keçirməsi sayəsində inkişaf etməyə
başladığını vurğulayıblar. Qeyd olunub ki,
1946-1960-cı illərdə BMT Baş Assambleyası tərəfindən
müvafiq qətnamələr qəbul edilib və bu beynəlxalq
prinsiplər üzrə qlobal konsensus yaranmağa
başlayıb. Proses 1960-cı ildə dekolonizasiya haqqında
tarixi bəyannamənin (1514 saylı Qətnamə) və onu dəstəkləyən
qətnamənin (1541 saylı Qətnamə) qəbul edilməsi
ilə sürətlənib. Bu proseslər müstəmləkə
altında olan ölkələrin və ərazilərin
müstəqilliyi uğrunda mübarizəni təşviq etdi.
Lakin həmin qətnamənin qəbul edilməsindən 64 il
keçsə də, Polineziya, Korsika, Melaneziya, Karib dənizi və
Antil adalarının xalqları hələ də yeni müstəmləkəçilik
təcrübələrinə məruz qalırlar.
Kolonializmə qarşı mübarizədə Bakı
Təşəbbüs Qrupunun rolunun xüsusi
vurğulandığı məktubda qeyd olunub: “2023-cü ildə
beynəlxalq miqyasda qeyri-hökumət təşkilatı kimi
yaradılmış Bakı Təşəbbüs Qrupunun əsas
məqsədi müstəmləkəçilik və
neokolonializmlə mübarizəni dəstəkləməkdir.
Bu çərçivədə Bakı Təşəbbüs
Qrupu Cenevrə və İstanbulu da əhatə etməklə
Bakıdan Nyu-Yorka qədər 10-a yaxın beynəlxalq konfrans
təşkil edib. 2024-cü il aprelin 30-da Avstriyanın
paytaxtı Vyanada növbəti konfransı keçirdik.
Mövzu “Müstəmləkəçilikdən qurtuluş:
assimilyasiyanın nəticələri və onun insan
hüquqlarının həyata keçirilməsinə təsiri”dir.
Yüksək qurumunuz həmin tədbirə dəvət olunub.
Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti
hökumətlərarası səviyyədə
vurğulanıb. 2024-cü il aprelin 4-də Konqo
Respublikasının Prezidenti cənab Deni Sassu-Nqessonun Azərbaycan
Respublikasının paytaxtı Bakıya rəsmi səfəri
zamanı “Azərbaycan Respublikası ilə Konqo Respublikası
arasında əməkdaşlıq haqqında Bəyannamə”
imzalanıb. Bu bəyannamənin 8-ci bəndində bildirilir:
“Hər iki tərəf müstəmləkəçiliyin nəticələri
və onun müxtəlif təzahürləri, eləcə də
neokolonial təcrübədən irəli gələn
çağırışların müzakirəsi
üçün əlverişli mühit yaradan Bakı Təşəbbüs
Qrupu tərəfindən təşkil olunmuş dekolonizasiya və
neokolonializm mövzusunda silsilə beynəlxalq konfransları
diqqətə çatdırıblar”.
Xüsusilə bildirilib ki, Bakı Təşəbbüs
Qrupu tərəfindən təşkil edilən bütün
beynəlxalq konfranslarda Polineziya, Korsika, Melaneziya, Karib dənizi
və Antil adalarında məşğulluq, mənzil təminatı
sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin
istismarı barədə ətraflı məlumat verilib, Fransa
hökumətinin himayəsi altında təşkil edilən
kütləvi immiqrasiya faktları diqqətə
çatdırılıb.
Həmin hallar məktubda aşağıdakı qaydada
ümumiləşdirilərək təqdim olunub:
- Həmin ərazilərdə Fransa
inhisarçılığının maraqları güdülərək,
həddindən artıq qida asılılığına (ərzaq
məhsullarının 80 faizindən çoxu Fransadandır) və
həyat bahalılığına səbəb olan
düşünülmüş zəif iqtisadi inkişaf
strategiyası həyata keçirilir. Yoxsullaşma (Qayanada əhalinin
50 faizi yoxsulluq həddində yaşayır) və kütləvi
işsizlik bu ərazilərin gələcəyini ciddi şəkildə
sarsıdan hər cür neqativ hallara (zorakılıq, silah və
narkotik ticarəti) gətirib çıxarıb;
- 1989-cu il (Qviana) Yerli və qəbilə xalqlarına
dair (169 ¹-saylı) Konvensiya ratifikasiya edilməyib;
- Getdikcə daha çox təhdid edilən yerli dilləri
arxa plana keçirən fransız mədəniyyətinin
hegemonluğunun və assimilyasiya siyasətinin tərkib hissəsi
kimi, yerli xalqların tarixinə, coğrafiyasına, mədəniyyətlərinə,
eləcə də onların gələcəkləri ilə
bağlı maraqlarına uyğun gəlməyən
fransız tədris proqramları məktəblərdə tətbiq
edilir;
- Torpaqların zəbt edilməsi (Fransız Qvianası
torpaqlarının 90 faizi Fransa dövlətinə aiddir), sahəsi
milyonlarla kvadratmetr olan Xüsusi İqtisadi Zonalara nəzarət
(Fransa 11 milyon kvadratmetrlik Xüsusi İqtisadi Zona ilə
dünyada ən böyük ikinci dəniz gücüdür),
onilliklər ərzində yerli gənclərin Fransaya
deportasiyası siyasətinin həyata keçirilməsi
Qvadelupa və Martinikada ağır demoqrafik böhrana və təbii
ehtiyatların talanmasına səbəb olub;
- Fransız hüquqi dövləti adı altında
bütün müqavimət hərəkatlarını cinayətləşdirən
və rüşvətxorları qoruyan iki səviyyəli
müstəmləkə ədliyyə sistemi
formalaşdırılıb (Martinika və Qvadelupada xlordekon zəhərlənməsi
və torpaq istilasına qarşı mübarizə aparan gənclərin
həbsi, siyasi dustaq statusu tanınmadan korsikalıları
mühakimə edən və onların dustaqlıq şəraitinə
qeyri-bərabər münasibət göstərən müstəsna
yurisdiksiyalar yaradılıb;
- Polineziya müstəmləkəsizləşdiriləcək
ölkələr siyahısına yenidən daxil edildikdən
bəri “boş kreslo” siyasəti həyata keçirilir;
- Böyük Qərb dövlətləri yerli xalqlarla ən
kiçik məsləhətləşmələr aparmadan
Hind-Sakit okean regionunda (Polineziya, Yeni Kaledoniya), Karib dənizi-Amerika
bölgəsində (Fransız Qvianası, Martinika, Qvadelupa) və
Korsikada (Solenzara bazası) ərazilərdən hərbi-geostrateji
bazalar kimi istifadə edir;
- Numea Sazişinə əsasən başlayan müstəmləkəsizləşdirmə
prosesinə əməl edilmir, beləliklə, qeyri-qanuni
referendum keçirilir və seçicilərin sayı
azalır.
“Tarix və öz xalqları qarşısında məsuliyyətdən
yola çıxaraq, ən son fransız müstəmləkələri
olan Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil
adalarından olan təşkilatların və Bakı Təşəbbüs
Qrupunun nümayəndələri sizdən Fransa hökumətinə
beynəlxalq norma və təcrübələrə zidd olan
bütün hərəkətləri dayandırmaqla
bağlı müraciət etməyi xahiş edirlər.
Biz yerli xalqların mədəni və dini irsinin vəziyyəti
haqqında məlumat xarakterli hesabat hazırlamaq
üçün UNESCO-nun rəhbərliyi ilə beynəlxalq
ekspertlər qrupunun yaradılmasının və dərhal
müvafiq ərazilərə göndərilməsinin zəruriliyini
vurğulayırıq.
Biz, həmçinin 2024-cü ilin noyabrında Azərbaycan
Respublikasının paytaxtı Bakıda keçiriləcək
COP29-da Fransanın müstəmləkəçilik siyasətinin
zərərli ekoloji təsirlərinin müzakirə edilməsinin
böyük əhəmiyyətini vurğulayırıq.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının ətraf mühit, iqtisadiyyat, insan
hüquqları və yerli xalqların hüquqları ilə
bağlı vəziyyəti öyrənmək
üçün xüsusi missiya göndərməsi
üçün sizdən dəstək göstərməyinizi
xahiş edirik.
Bəşəriyyətimizin qlobal istiləşmənin
əsas fəsadları və onun gələcəyini təhdid
edən görünməmiş təhlükələrlə
üzləşdiyi bir vaxtda sizin kömək və dəstəyinizə
inanır və ümid edirik ki, bu dəfə xahiş və
müraciətlərimiz cavabsız qalmayacaq”, - deyə
açıq məktubda qeyd olunub.
Azərbaycan.-2024.-
3 may, ¹ 90.- S.13.