Təbib rəssam

 

 

Təsviri sənətin bəlkə ən maraqlı sahələrindən biri rəngkarlıq ya boyakarlıq adlanır. Haqqında bəhs etdiyimiz qəhrəmanımız məhz təsviri sənətin rəngkarlıq sahəsində fəaliyyət göstərir.

Onun bir sıra tabloları var ki, onlara tamaşa edəndə rəssamın dərəcədə həyatı sevdiyini, təbiətin vurğunu olduğunu, özünün daxili dünyasını, nikbin əhvali-ruhiyyəsini rənglərlə təcəssüm etmək qabiliyyətinə malik olduğunu duyursan. Bu tablolara tamaşa edərkən insanda suallar yaranır: bunu başa gətirən sənətkar harada rəssamlıq təhsili alıb, müəllimi kim olub?

Aytən Canəli qızı Qocayeva Bakı şəhərində dünyaya göz açıb. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən İlqar Əliyev adına 96 saylı orta məktəbdə oxuyub. Hələ orta məktəb yaşlarından onda rəssamlığa sonsuz sevgi yaranıb. Lakin o, ali təhsilini tibb sahəsində davam etdirməyə qərar verib. Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi kafedrasında təhsil almasına baxmayaraq, A.Qocayeva ali məktəb illərində rəssamlıqla mütəmadi məşğul olub. Beləliklə, Aytən Qocayeva Respublika İncəsənət Gimnaziyasında tanınmış rəssam Əsgər Əsgərovdan bu sənətin incəliklərini öyrənib. O, bu gün müəllimi - 2020-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmiş Leyla Rəşidovadan rəssamlığın sirlərini öyrənməkdədir.

2012-ci ildə Tibb Universitetində təşkil olunan "Təbib rəssam" adlı sərgidə öz yaradıcılıq nümunələri ilə iştirak edən Aytən Qocayeva 23 nəfər iştirakçı arasında birinci yerə layiq görülərək, diplomla mükafatlandırılıb. 2012-ci ildə Tibb Universitetini bitirib, Milli Onkologiya Mərkəzində rezidentura təhsili alıb. 2020-2022-ci illərdə Milli Onkologiya Mərkəzində həkim-onkoloq işləyən Aytən Qocayeva 2022-ci ildən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin Hərbi Hospitalında işləyir.

Öyrəndik ki, Aytən Qocayeva peşəkar həkimdir. İnsanların sağlamlığının keşiyində dayanır. Lakin o, insanların cismani sağlamlığı ilə bərabər, həm mənəvi, ruhi sağlamlığının da qayğısına qalmağı düşünür. Bununla əlaqədar olaraq mütəmadi rəssamlıqla məşğul olur, ərsəyə gətirdiyi sənət tabloları ilə bunu sübut edir. Aytən Qocayevanın sənət nümunələrinə baxanda, onları seyr edəndə tamaşaçıda xoş duyğular yaranır. Rəssamın tabloları insana müsbət impuls verir. Aytən Qocayeva yaradıcılığında daha çox ülviliyə, mənəvi saflığa, ruhi sakitliyə, lirik hisslərə köklənib. Çalışır ki, onun təxəyyülündən, yaradıcı rəssam müşahidələrindən əldə etdiyi bədii görüntüləri rənglərin dili ilə kətan üzərində canlandırıb başqalarına da göstərə bilsin. Deyə bilərik ki, rəssam öz istəyinə nail ola bilib.

Aytən Qocayevanın bədii yaradıcılıq nümunələri güclü estetik təsir qüvvəsinə malikdir. Kətanda canlandırılmış məkan, təbiət mənzərələri - dağ, meşə, dəniz, ağac, körpü, ev, qayıq təsvirləri öz natural keyfiyyətlərini qoruyub saxlamaqla yanaşı, həm rəssamın fərdi görüm-duyum, yaradıcı təxəyyülündən süzülərək sanki ayrı biçimdə, kətanda fırça ilə ecazkar rənglərin ahəngi ilə "sığallana-sığallana" yaradılıb. Bu baxımdan rəssam yaradıcı daxili məni ilə özünün potensialını göstərməyə, təcəssüm etməyə çalışır. Aytən Qocayeva həm diqqəti cəlb edən natürmortlar müəllifidir. Rəssamın yaratmış olduğu natürmort nümunələrində Azərbaycan təbiətinin yetirdiyi nemətlər - nar, heyva, alma, əlvan güllərin təsviri şamdan ya qədim xalça fonunda incə zövqlə öz orjinal bədii həllini tapıb.

2023-cü ildə Muzey Mərkəzinin sərgi qalereyasında Aytən Qocayevanın  yaradıcılıq dünyasını əks etdirən sənət nümunələrindən ibarət "İkinci məkan" adlı fərdi sərgisi təşkil olunub. Bu rəssam üçün yaradıcılıq hesabatı idi. Gənc istedadlı təbib rəssam Aytən Qocayeva bu yaradıcılıq imtahanından müvəffəqiyyətlə çıxıb.

 

Əsəd QULİYEV,

sənətşünas

Azərbaycan.-2024.- 3 may, № 90.- S.15.