"Vətənin
şərəfini qoruya
biliriksə, biz varıq"
Qəsbkar ermənilərin
torpaqlarımızı işğal
altında saxlaması,
şəhərlərimizi xaraba,
yurd yerlərimizi viran qoyması, təbii sərvətlərimizi
talaması illər idi ki, insanlarımızı
qisasa səsləyirdi.
Doğulan körpələr
dünyaya Qarabağ dərdi ilə gəlirdi. Analarımız
körpələrinə şirin
nağıllar əvəzinə
qorxunc Xocalı qətliamı haqqında danışırdılar… Cənnət
diyarımız Qarabağ
erməni vandalizminin törətdiyi vəhşiliklər
nəticəsində dünyanın
ən dəhşətli
fəlakət zonasına
dönmüşdü…
Samir Qarabağdan
uzaq, qədim Bərgüşad kəndində
doğulub dünyaya gəlsə də, ürəyi Qarabağ həsrəti ilə döyünür, düşüncəsində
torpaqlarımızın azad
olunması kimi müqəddəs hisslərlə
yaşayırdı.
Bu gün Bərgüşadda elə
bir nəsil olmaz ki, yetişdirdiyi
oğullardan Qarabağ
döyüşlərində şəhid verməmiş
olsun…
Samir ailədə
iki bacıdan sonra dünyaya gələn tək oğlan idi. İki bacının əziz xələfi idi. Bacıları onu göz bəbəkləri
kimi qoruyur, az qala ürəklərinin
içinə qoyub orada bəsləmək istəyirdilər.
Samir Qəfərli
1 noyabr 1994-cü ildə
Ucar rayonunun Bərgüşad kəndində
anadan olub. 2012-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən
Samir Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Kulturologiya
fakültəsinə qəbul
olunub. Müəyyən
səbəblərdən bir
müddət təhsil
aldığı universitetdən
ayrılmaq məcburiyyətində
qalıb. 2016-cı ildə
təhsilini yenidən
davam etdirmək üçün universitetə
qayıdan Samir 2019-cu ildə oranı uğurla başa vurub. Təhsil aldığı
müddətdə Samir
Qəfərli Xəzər
TV-də yayımlanan
"Ata ocağı"
serialında aktyor kimi ilk debütünü
edib. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb.
27 sentyabr 2020-ci ildə
erməni qəsbkarlarının
növbəti təcavüzü
nəticəsində başlayan
Vətən müharibəsi
zamanı artıq Samir Qəfərli düşmənlə üzbəüz
səngərdə duran
igidlərimizin ön cərgəsində səf
tutanların sırasında
idi. Sinəsi düşmənə qarşı
qəzəb, torpaqlarımızın
azad olunma həsrəti ilə çırpınan Samir sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə saxlayıb bacısı ilə danışır.
30 oktyabr 2020-ci ildə Laçın
istiqamətində gedən
döyüşlərdə qəhrəmancasına şəhid
olur. 31 oktyabr 2020-ci ildə doğulduğu doğma Bərgüşad
kəndində böyük izdihamla canından çox sevdiyi torpağa tapşırılır.
Böyük bacısı
Aysel qardaşı ilə son telefon
danışıqlarını göz yaşı içində xatırlayır:
"Oktyabrın 15-i axşamüstü
telefonuma zəng gəldi. Samir idi. Səsindən, danışığından hiss
etdim ki, sevinci yerə-göyə sığmır. "Aysel,
Cəbrayıldan zəng
edirəm" dedi. Ordumuz sürətlə irəliləyir. Cəbrayıl,
Kəlbəcər, Hadrut
əlimizdədir. Üzü
Qubadlıya sarı gedirik. İnşallah, tezliklə torpaqlarımızı
düşməndən azad
edəcəyik. Qardaşın
bir qəhrəman kimi qayıdar evimizə, sən də sevinərsən. Qardaşınla bir ömür fəxr edəcəksən" dedi. Samirin ən böyük arzusu idi ki,
evlənsin, qızı
olsa, anamızın adını ona qoysun. Deyirdi ki, qızım olsa, onu qolumun
üstündə böyüdəcəyəm.
Anamı yaşada bilmədik, barı adını yaşadaq..."
Vətənin azadlığı,
Qarabağın erməni
qəsbkarlarından xilas
edilməsi uğrunda qanlı döyüşlərə
qatılan, düşmənə
kini, nifrəti ilə silahlanan cəsur döyüşçü
Füzuli, Cəbrayıl,
Qubadlının, Laçının
uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla
iştirak edir. Samirin bir şüarı
var idi: "Vətənin şərəfini
qoruya biliriksə, biz varıq. Onda yaşamağa dəyər". Samir Tanrının ona verdiyi 26 illik bir ömrü şərəflə yaşayanlardan
oldu. Oktyabrın 30-da düşmən gülləsinə
tuş gələn igidimizin həyatı yarımçıq kəsilsə
də, ömrünü
vətənin ömrünə
calayanlardan oldu.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan
və hərbi hissə qarşısında
qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə yerinə
yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
Samir Qəfərli ölümündən sonra
"Vətən uğrunda",
"Cəbrayılın azad
olunmasına görə",
"Laçının azad
olunmasına görə",
"Qubadlının azad
olunmasına görə"
medalları ilə təltif edilib.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2024.-
3 may, № 90.- S.15.