Dərin
ehtiramla
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
faşizm üzərində Qələbə uğrunda həlak
olan Azərbaycan övladlarının xatirəsini ehtiramla
anıblar
Mayın 9-da
faşizm üzərində tarixi Qələbədən 79 il
ötür.
AZƏRTAC xəbər
verir ki, bu münasibətlə Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı,
tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını
ziyarət edərək abidəsi önünə gül dəstəsi
qoyub, müharibədə həlak olan bütün Azərbaycan
övladlarının xatirəsini ehtiramla anıblar.
Qeyd edək
ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə
mühüm töhfələr verib. Bu Qələbənin
qazanılmasında çox böyük payı olan
xalqımız 600 min oğul və qızını cəbhəyə
yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə
qəhrəmanlıqla həlak olub. Həmin müharibə
zamanı göstərdikləri igidliyə görə Azərbaycanın
130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb, 170 mindən artıq əsgər
və zabitimiz müxtəlif orden və medallarla təltif
edilib.
Azərbaycan
diviziyaları Qafqazdan Berlinədək şanlı
döyüş yolu keçib, yüzlərlə həmyerlimiz
isə partizan dəstələrinin tərkibində
vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici
rol oynayıb. Azərbaycan sovet ordusu üçün
yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü
olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi,
neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz
edilib.
Bu müharibədə
şərəfli döyüş yolu keçmiş Azərbaycan
övladlarının tarixi şücaətləri hər
zaman ehtiramla anılıb. Xalqımızın Ümummilli
Lideri Heydər Əliyev hakimiyyətdə olduğu
bütün dövrlərdə müharibə veteranlarına
xüsusi diqqət və qayğı göstərib, onları
“xalqımızın qızıl fondu” adlandırıb.
Prezident İlham Əliyev də müharibə
veteranlarının sosial problemlərinin həllini daim diqqət
mərkəzində saxlayır, 9 May - Qələbə
bayramı ərəfəsində onlara maddi yardımlar
göstərilir. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli
Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində
iştirak etmiş şəxslərə 2000 manat məbləğində,
İkinci Dünya müharibəsində həlak olmuş və
ya sonralar vəfat etmiş döyüşçülərin
dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə, İkinci Dünya müharibəsi
illərində döyüş cəbhələrinin arxa
hüdudları, yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
İkinci Dünya müharibəsi dövründə Leninqrad
şəhərinin müdafiəsinə görə müvafiq
medal və döş nişanı ilə təltif edilmiş
şəxslərə, habelə Leninqrad şəhərinin
mühasirəsi iştirakçılarına 1000 manat məbləğində
birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha
sübut edir ki, müharibə veteranlarına hərtərəfli
diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin
başlıca prioritetlərindən biridir.
Azərbaycan
xalqı artıq dördüncü ildir ki, 1941-1945-ci illər
müharibəsində faşizm üzərində Qələbəni
44 günlük Vətən müharibəsi nəticəsində
əldə olunmuş böyük Zəfərin
doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd
edir. Xalqımızın 30 il uğrunda mübarizə
apardığı ədalət nəhayət Zəfər
çaldı, Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq
səviyyədə tanınmış sərhədləri
çərçivəsində ərazi
bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə və 1941-1945-ci illər müharibəsində
canlarından keçmiş bütün oğul və
qızlarımızın əziz xatirəsi
xalqımızın qəlbində əbədi yaşayacaq.
Azərbaycan.-2024.-
10 may. № 96.- S.1-2.