Heydər
Əliyev siyasəti Azərbaycanın yüksəlişinin
yeganə təminatıdır
Bu günlərdə
respublikamızın hər
yerində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü
qeyd olunur. Bu münasibətlə keçirilən hər bir tədbir göstərir ki, xalqımız müstəqilliyimizin
xilaskarı, müasir
dövlətimizin qurucusu
olan Heydər Əliyevin əziz xatirəsini hər zaman uca tutacaq,
böyük minnətdarlıqla
yad edəcək.
Ümummilli Liderin
anadan olmasının ildönümünü həm
də ilk dəfə olaraq Azərbaycanın ərazi
bütövlüyünün tam təmin olunduğu bir vaxtda qarşılayırıq.
Və bu tarixi reallıq Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun təntənəsi
və Ulu Öndərin ən layiqli davamçısı
olan Müzəffər
Ali Baş Komandan İlham Əliyevin müdrikliyinin və qətiyyətli siyasətinin məntiqi nəticəsidir.
Xalqımızın dahi oğlu Heydər Əliyev elə bir dühadır
ki, barəsində hər zaman böyük ehtiramla söz açılacaq, xalqımız və dövlətimiz qarşısındakı
əvəzolunmaz tarixi
fəaliyyəti bütün
zamanlarda dərin minnətdarlıqla xatırlanacaq.
Azərbaycanın son
55 illik tarixini fikir və təhlil
süzgəcindən keçirdikdə
görürük ki, bu dövrdə xalqımızın əldə
etdiyi bütün nailiyyətlərin, dövlətçiliyimizin
və müstəqilliyimizin
xilasının təməllərində
Heydər Əliyevin xidmətləri və ölməz ideyaları dayanır. Hələ keçmiş
sovetlər dövründə
Azərbaycana birinci rəhbərliyi illərində
Heydər Əliyev ölkəmizin ittifaq miqyasında qazandığı
uğurlar, müttəfiq
respublikalar arasında
qabaqcıllar sırasına
çıxması müasir
tariximizə intibah dövrü kimi həkk olunub. Azərbaycanın yüksəlişi
ilə yanaşı, sovet ideologiyasının hakim olduğu həmin illərdə milli-mənəvi dəyərlərimizin
yaşadılması, itməməsi
üçün həyata
keçirilən tədbirlər
Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən,
Ulu Öndərin qətiyyətindən xəbər
verir.
Üzləşdiyimiz bütün uğursuzluqlar
Heydər Əliyevin siyasi rəhbərlikdə
təmsil olunmadığı
illərə təsadüf
edir. Amma Heydər Əliyev onda da öz
xalqının yanında
olub. Heydər Əliyev öz böyük siyasi dühası ilə milli müstəqillik uğrunda mübarizənin
öndəri idi. Böyük qürur hissi ilə qeyd etməliyik ki, məhz Heydər
Əliyev müasir tariximizdə ilk dəfə Naxçıvanda
üçrəngli bayrağımızı
rəsmi şəkildə
ucaltdı. Heydər Əliyevin qətiyyəti
ilə hələ sovet dövründə Naxçıvanda bütün
sovet dəyərlərindən
və adlarından imtina edildi. Məhz Heydər Əliyevin Naxçıvandan
başlatdığı mücadilə
xalqımızın müstəqillik
uğrunda mübarizəsində
həlledici amilə çevrildi və milli mücadiləmizin uğurlarını təmin
etdi.
Ulu Öndər
Heydər Əliyevin sayəsində ilk dəfə Naxçıvanda
20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymət
verilmişdi. Heydər
Əliyevin müdrikliyi
ilə keçmiş
sovet qoşunları Naxçıvanı tərk
etmiş, silah və texnikası isə yeni yaradılan
Azərbaycan Ordusunun və sərhəd xidmətinin sərəncamına
verilmişdi. Naxçıvana
gəlişi ilə Heydər Əliyev həm də bu qədim diyarı
qorumuş, Ermənistan
tərəfindən işğal
edilməsinə imkan verməmişdi. Bu mənada blokada vəziyyətinə düşən
Naxçıvan Muxtar
Respublikasının ötən
əsrin 90-cı illərində
bütün tarixi sınaqlardan uğurla çıxmasının əsas
səbəbi bu diyara məhz Heydər Əliyev kimi təcrübəli siyasətçinin və görkəmli dövlət
xadiminin rəhbərlik
etməsi idi.
Elə buna görə də Azərbaycanın siyasi-hərbi
problemlərlə üz-üzə
qaldığı müstəqilliyimizin
ilk illərində ölkə ictimaiyyəti vəziyyətdən çıxmaq,
Azərbaycanı xilas
etmək üçün
Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Xalq Heydər Əliyevə inanır, ona güvənirdi. 1992-ci ilin noyabr ayında
Naxçıvanda Ulu Öndərin liderliyi ilə Yeni Azərbaycan
Partiyasının yaranması
da Heydər Əliyevə olan inamdan irəli gəlirdi.
Ölkədə hərbi-siyasi
vəziyyətin ən
gərgin həddə
çatdığı 1993-cü ilin iyun ayında
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya
gəlişi, əvvəl
Ali Sovetin Sədri, həmin ilin oktyabr ayında
isə Prezident seçilməsi Azərbaycanın
müasir tarixində dönüş nöqtəsi
oldu. Respublikamızda başlanan Heydər Əliyev siyasətinin nəticəsi kimi bütün gərginliklər,
təhlükələr dəf
edildi, dövlətçiliyimizin
təməlləri yaradıldı,
inkişafın konturları
müəyyən edildi,
hüquqi dövlət
quruculuğu həyata
keçirildi. Tənəzzüldən
çıxan Azərbaycan
"Əsrin müqaviləsi"
kimi tarixi sazişlə qlobal səviyyədə layiqli yerini tutdu.
Ümummilli Lider
Heydər Əliyevin siyasi kursu, ideyaları,
əsasını qoyduğu
inkişaf xətti Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir. Hələ
2003-cü ildə prezident
seçilərkən andiçmə
mərasimi zamanı cənab İlham Əliyev demişdi: "Ölkəmiz müasir dövlətə çevriləcəkdir.
Bütün bunları
etmək üçün
Azərbaycanda çox
işlər görmək
lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün
ən başlıcası,
ölkədə Heydər
Əliyevin siyasəti
davam etdirilməlidir. Bu gün yüksək
kürsüdən çıxış
edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm,
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm".
Ötən 20 ildən
bir qədər artıq dövrün reallıqları göstərir
ki, Prezident İlham Əliyev Azərbaycanı inkişaf
etmiş müasir dövlətə çevirib. Bu 20 ildə möhtərəm
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən möhtəşəm
uğurları yaşanıb.
İqtisadiyyatımız 3 dəfədən
çox artıb, Ulu Öndərin enerji siyasəti keyfiyyətcə yeni mərhələyə yüksəlib,
Azərbaycan kosmik kluba daxil olub.
Bütün bunları
təmin edən Prezident İlham Əliyev həm də Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə
çevirib.
Bu 20 ilin ən möhtəşəm
hadisəsi isə torpaqlarımızın işğaldan
azad edilməsi, Qarabağda 200 illik erməni separatizminə son
qoyulması və ərazi bütövlüyümüzün
təmin olunmasıdır.
Qətiyyətli və
müdrik siyasəti ilə bu uğurları
xalqımıza yaşadan
Müzəffər Ali
Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini layiqincə
yerinə yetirdi. Bütün bu hadisələrin məntiqi
davamı kimi Rusiya sülhməramlılarının
Azərbaycanı tərk
etməsi və Qazaxın 4 qeyri-anklav kəndinin işğaldan azad olunması bir daha təsdiq
etdi ki, Prezident İlham Əliyev Azərbaycanın
milli maraqlarını
qətiyyətlə təmin
edən Liderdir.
Mayın 10-da həm
də fəaliyyəti
ilə hər bir azərbaycanlının
rəğbətini qazanmış
Heydər Əliyev Fondunun yaranmasının
20-ci ili tamam olur. Yarandığı gündən Ulu Öndərin adını
daşıyan fond 20 ildə qarşıya qoyduğu bütün vəzifələri layiqincə
yerinə yetirib, Azərbaycanın yüksəlişinə,
ölkəmizin dünyada
tanınmasına xidmət
edib. Heydər Əliyev Fondu hər zaman ehtiyacı olanın yanında olub, müraciət edən hər kəsə əl tutub. Fond tərəfindən sosial və mədəni sferalarda həyata keçirilən
layihələr, məktəblərin,
uşaq bağçalarının,
uşaq evlərinin tikintisi və təmiri, tibb mərkəzlərinin yaradılması
və son illərdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa işləri Heydər Əliyev ideyalarına sədaqətin nümunəsi
olmaqla, cəmiyyətimiz
tərəfindən böyük
razılıqla qarşılanır.
Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı dövrünü
yaşayır. Bunu bizə nəsib edən Ulu Öndər
Heydər Əliyevin yolu, Prezident İlham Əliyev siyasətidir. Bu yol, bu siyasət
Azərbaycanın daha
da yüksəlişinin
və yeni nailiyyətlərimizin yeganə
təminatıdır.
Cəbi
QULİYEV,
Milli Məclisin
deputatı
Azərbaycan.-2024.-
10 may, № 96.- S.12.