Heydər
Əliyevin gənclər
siyasəti layiqincə
davam etdirilir
Xalqımız müasir
Azərbaycan dövlətinin
memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü
qeyd edir. Bu münasibətlə respublikamızın dörd
bir yanında Heydər Əliyevin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir,
insanlar Fəxri xiyabana axın edir, Ulu Öndərin
məzarı önünə
gül-çiçək dəstələri
düzürlər. Bu
günlərdə hər
birimiz bir daha Heydər Əliyev şəxsiyyətinin
böyüklüyünün, Heydər Əliyev əzəmətinin təsiri
altındayıq.
Respublikamızın gənclər təşkilatları
da Ulu Öndərin
anadan olmasının
101-ci ildönümü böyük
coşqu ilə qeyd edirlər. Heydər Əliyev Azərbaycan gənclərinin
böyük dostu, himayədarı olmuşdur.
Azərbaycanın son
55 illik tarixindən də məlum olduğu kimi, həm sovetlər birliyi, həm də müstəqillik illərində Heydər Əliyev gənclərin problemlərini, onları narahat edən məsələləri daim
diqqətdə saxlamış,
gənc nəslin cəmiyyətə inteqrasiyası,
onların özlərini
realizə etmələri
üçün mütərəqqi
gənclər siyasəti
həyata keçirmişdir.
Ulu Öndər
Heydər Əliyev hələ sovet illərində minlərlə
azərbaycanlı gənci
yüksək təhsil
almaq, müasir peşələrə daha
dərindən yiyələnmək
üçün keçmiş
Sovet İttifaqının
ən nüfuzlu ali məktəblərinə
göndərmişdir. Ümummilli
Lider 1993-cü ildə
xalqımızın istək
və tələbi ilə siyasi hakimiyyətə gəldikdən
sonra da xüsusi diqqət yetirdiyi məsələlərdən
biri gənclərlə
bağlı problemlərin
aradan qaldırılması
olmuşdur. Heydər Əliyev hələ
1993-cü ilin sentyabrında
parlamentdə gənclərin
nümayəndələrini qəbul edərək onları dinləmişdir.
1994-cü ilin iyulunda gənclər və idman siyasətini həyata keçirən mərkəzi dövlət
idarəetmə orqanının
yaradılması, 1996-cı il fevralın 2-də Ulu Öndərin iştirakı ilə Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi və bu tarixin təqvimə
hər il böyük coşqu ilə qeyd etdiyimiz
Azərbaycan Gəncləri
Günü kimi daxil olması Heydər Əliyevin dövlətçilik fəaliyyətində
gənclər siyasətinin
əsas yerlərdən
birinin tutduğunu göstərir. Ulu Öndərin "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında düşünməlidir"
sözləri isə biz gənclərin fəaliyyətinin devizidir.
Heydər Əliyevin
əsasını qoyduğu
mütərəqqi gənclər
siyasəti Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən
yeni mərhələyə
yüksəldib. Prezident
İlham Əliyevin fəaliyyətində gənclərin
inkişafı, təhsili,
dövlət idarəçiliyində
irəli çəkilmələri
ilə bağlı məsələlər hər
zaman prioritet olub. O cümlədən gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi, onlar
üçün təqaüdlərin
təsis olunması da mütərəqqi gənclər siyasətindən
xəbər verir. Prezident İlham Əliyevin təsdiq etdiyi müxtəlif dövlət proqramları
gənclərlə bağlı
qarşıya qoyulan vəzifələrin uğurla
yerinə yetirilməsini
təmin edib. Xüsusilə qeyd edilməlidir ki, hər il yüzlərlə
gəncimiz üçün
dövlət hesabına
dünyanın ən mötəbər ali təhsil müəssisələrində
təhsil almaq imkanının yaradılması
respublikamızda həyata
keçirlən gənclər
siyasətinin olduqca mütərəqqi olmasından
xəbər verir.
Gənclərin intellektual,
fiziki və mənəvi inkişafı,
onların respublikamızın
siyasi, ictimai, iqtisadi, sosial və mədəni həyatına daha aktiv qoşulmalarını
təmin etmək üçün Prezident İlham Əliyev
"2015-2025-ci illərdə Azərbaycan gənclərinin
İnkişaf Strategiyası"nı
da imzalayıb. Bu strategiya çərçivəsində
ötən müddətdə
həyata keçirilən
dövlət gənclər
siyasəti sayəsində
qarşıda duran vəzifələr uğurla
həyata keçirilib.
Regionlarda "Gənclər
Evi"nin yaradılması,
gənc ailələrin
sosial qayğılarının
dəstəklənməsi, gənclər üçün
ipoteka şərtlərinin
sadələşdirilməsi kimi məsələlər
gənc nəslin inkişafına və onların qayğılarının
aradan qaldırılmasına xidmət edən mühüm addımlardır.
Azərbaycan gəncləri
isə dövlətin
onlara göstərdiyi
diqqət və qayğıya öz layiqli əməlləri ilə cavab verir, etimadı doğruldur, hər bir sahədə
vətənə və
xalqa xidmətin layiqli nümunələrini
göstərirlər. Ən
mühüm məsələlərdən
biri də budur ki, mütərəqqi
dövlət siyasətinin
nəticəsi kimi hər bir Azərbaycan
gənci həm də vətənpərvər
vətəndaş kimi
formalaşır. Torpaqlarımızın
azad olunması ilə nəticələnən
Vətən müharibəsində
gənclər əsl qəhrəmanlıq nümunəsi
göstərdilər. Onların
əksəriyyəti heç
vaxt Qarabağı görməmişdi. Amma Vətən müharibəsində
vətənpərvərliyin, vətən sevgisinin ən mükəmməl nümunələrini yaratdılar. Bu savaşda gənclərimiz
tariximizə səs salan qəhrəmanlıq salnamələri yaratdılar,
şəhidlik mərtəbəsinə
ucaldılar. "Fəxr
edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər
idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki
elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı
tarixi görməyən
gənclər Qarabağ
uğrunda, Vətən
uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər
və şəhid oldular, qazi oldular
və Müzəffər
Ordumuzun şöhrətini
yüksəklərə qaldırdılar",
- deyə Prezident İlham Əliyev bu barədə bildirib.
Bəli,
dövlətimiz və
xalqımız torpaqlarımızın
azadlığı uğrunda
canlarını fəda
etmiş şəhid gənclərimizi hər zaman ehtiramla yad edir və
tarixboyu yad edəcəklər.
Azərbaycan dövlətinin
gənclərin inkişafı
istiqamətində yaratdığı
imkanlar olduqca nümunəvidir. Bütün
bunlar göstərir ki, Heydər Əliyevin banisi olduğu dövlət gənclər siyasəti layiqincə yaşadılır
və dövrün çağırışlarından irəli gələrək
yeni keyfiyyət mərhələsinə yüksəldilir. Bu siyasətdən layiqincə
bəhrələnən gənclik
isə dövlət və xalq qarşısında
mənəvi borcunu, məsuliyyətini düzgün
dəyərləndirir və öz əməlləri ilə dövlətin göstərdiyi
etimadı uğurla doğruldur.
Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümü ilə
əlaqədar Azərbaycan
Tələbə Gənclər
Təşkilatları İttifaqı
və tələbə
gənclər təşkilatları
tərəfindən 3-10 may
tarixlərində "Əbədi
lider həftəsi"
çərçivəsində silsilə tədbirlər keçirilməkdədir. Müxtəlif
məzmunlu bu tədbirlərlə tələbə
gənclərimiz Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər.
Azərbaycan Dillər
Universitetinin Tələbə
Gənclər Təşkilatı
tərəfindən isə
Ulu Öndərə həsr olunmuş tədbirlər bütün
ilboyu davam etdiriləcək.
Nicat ƏLİYEV,
Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər
Təşkilatının sədri
Azərbaycan.-2024.-
10 may, № 96.- S.12.