Heydər
Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair
memorandum imzalanıb
Mayın 11-də
Şuşada Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa
dair memorandum imzalanıb. Memorandum mədəniyyət, elm və
təhsil, yeni texnologiyaların inkişafı sahələrində
təcrübə mübadiləsinin aparılmasını,
eyni zamanda, birgə layihələrin icra olunmasını nəzərdə
tutur.
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov
və ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin
görüşündə ikitərəfli əməkdaşlıq,
ICESCO ilə Fond arasında ötən müddət ərzində
mövcud əlaqələr müzakirə edilib.
Fondun
prezidenti Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri
kimi sivilizasiyaların yaxınlaşması, mədəniyyətlərarası
dialoq üzrə fəaliyyəti və xidmətləri
vurğulanıb.
Görüşdə
Fondun təhsil və mədəniyyətin inkişafına, Azərbaycanla
yanaşı, digər ölkələrdə humanitar sahədəki
layihələri, xalqlar və dinlərarası
yaxınlaşmaya yönələn fəaliyyəti qeyd olunub.
İmzalanan memorandumun əməkdaşlığın gələcək
uğuruna zəmin yaradacağı bildirilib.
2024-cü il
üzrə İslam dünyasının mədəniyyət
paytaxtı seçilən Şuşada Heydər Əliyev
Fondunun işğaldan sonra tarixi dini və mədəni abidələrin
qorunması, bərpası istiqamətində qısa müddətdə
apardığı işlərin mədəni-tarixi irsin
yaşadılması baxımından əhəmiyyəti qeyd
olunub. Bu sahədə də ICESCO ilə əməkdaşlıq
müzakirə edilib.
Sonra
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik
Şuşada tarixi-dini abidələri ziyarət edib,
işğal zamanı burada törədilmiş erməni
vandalizminə dair faktlarla tanış olub.
Xatırladaq
ki, Azərbaycan 50-dən çox müsəlman dövlətinin
təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni-humanitar
qurum olan ICESCO-nun 1991-ci ildən üzvüdür. 1991-ci
ildə qurulmuş bu münasibətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
2006-cı il noyabrın
24-də ICESCO-nun xoşməramlı
səfiri adına layiq görülməsi ilə daha da
genişlənib. Təşkilat
Azərbaycanda keçirilən
bir sıra beynəlxalq əhəmiyyətli
tədbirlərdə fəal
iştirak edir. Eyni zamanda, birinci
xanımın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu ilə ISESCO arasında səmərəli əməkdaşlıq
qurulub.
Azərbaycan.-
2024.- 12 may, № 98.- S.5.