Gürcüstan Azərbaycandan nümunə götürür

 

 

"ABŞ başda olmaqla, bir sıra Qərb dövlətlərinin Gürcüstan ssenarisi ölkədə çox ciddi qarşıdurmaya gətirib çıxarıb, səfərbər olunmuş cəmiyyət parçalanıb, vətəndaş həmrəyliyi pozulub. Gürcüstan parlamentinin qəbul etdiyi "Xarici agentlər haqqında" qanun da Qərbin Gürcüstan hakimiyyətini özündən asılı vəziyyətə salmaq cəhdlərinin qarşısını almaq məqsədi daşıyır".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki,  Qərbin bu oyununun arxasında öz strateji maraqları dayanır: "Birmənalı şəkildə Cənubi Qafqazda möhkəmlənmək niyyəti güdən Qərb  indiki məqamı olduqca əlverişli hesab edir. Çünki Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün yaxşı imkanlar açılıb. Bu məqsədlə Gürcüstanı hədəf seçən Qərb orada maliyyələşdirdikləri vətəndaş cəmiyyəti institutlarından tələb edirlər ki, küçələrə çıxıb, Gürcüstan hökumətinə qarşı etirazlarını ifadə etsinlər. Üstəlik, gürcüləri arxayın edirlər ki, onların arxasında dayanıb xalqa istənilən dəstəyi verəcəklər. Gürcüstandakı real mənzərə bundan ibarətdir".

Deputatın sözlərinə görə, ABŞ- "Xarici agentlərin qeydiyyatı haqqında" akt mövcuddur. Yəni belə bir qanunun qəbul edilməsi, əslində, Gürcüstanın kəşfi deyil. Qərbin niyyəti tamam başqadır, onlar Gürcüstandakı mövcud hakimiyyətin ancaq Qərbin diktəsi altında fəaliyyət göstərməsinə çalışırlar.

"Qərb Gürcüstanın öz milli maraqlarını kənara qoymasına, müstəqil siyasət yürütməməsinə anti-Rusiya siyasəti reallaşdırmasına niyyətlənib. Elə 2004-  ildə Saakaşvili eyni məqsədlə hakimiyyətə gətirilmişdi. 2008-ci ildə Rusiya ilə məlum qarşıdurma vəziyyəti yarandıqda isə Saakaşvili hakimiyyətinə Qərb tərəfindən lazımi dəstək göstərilməmişdi. Gürcüstanın sabiq prezidenti Saakaşvilinin hazırkı durumu da riyakar qüvvələrin çirkin planlarının nəticəsidir. Yəni faktiki olaraq bu gün Qərb Gürcüstanı Ermənistanı Ukraynadakı vəziyyətə salmağa çalışır, - deyə müsahibimiz əlavə edib.

Elman Nəsirov xatırladıb ki, riyakar Qərb 2010-cu ildə Azərbaycana qarşı da eyni çirkin ssenarini tətbiq etmək istəyirdi: "Lakin Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi Qərb siyasi dairələrinin ölkəmizlə bağlı siyasi hoqqabazlıqlarının qarşısını aldı. Prezident İlham Əliyevin qətiyyətli prinsipial siyasəti bu çirkin niyyətlərin aradan qaldırılmasını şərtləndirdi".

Deputat bildirib ki, Gürcüstanda 25 minə yaxın qeyri-hökumət təşkilatının böyük bir qismini maliyyələşdirən Qərb dolayısı ilə Azərbaycandakı analoji tör-töküntülərə vəsait ayırır: "Bir sıra xəyanətkarları lazım gəldikdə Azərbaycan hakimiyyəti əleyhinə çıxış etmək üçün hazırlaşdırmağa cəhd edir. Qərbin siyasi dairələri qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda da səfərbər olunmuş cəmiyyəti parçalamağa, vətəndaş həmrəylini dağıtmağa ölkədə xaos yaratmağa çalışırlar. Lakin əvvəllər olduğu kimi, bütün bu niyyətlər yenə puç olmağa məhkumdur".

Elman Nəsirov sonda vurğulayıb ki, Gürcüstanın ali siyasi rəhbərliyi Qərbin əsas niyyətinin heç gürcü xalqının mənafeyi maraqları olmadığını gözəl anlayır. Bu gün Gürcüstan Azərbaycandan nümunə götürür Qərbdən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılmasının bu ölkənin inkişafı üçün mühüm amil olduğunu başa düşür.

 

Azərbaycan.-2024.- 12 may, № 98.- S.8.