Ermənistanda
kilsə revanşistlərə
dəstək verir
Hayastanda keçmiş
hərbi xunta təmsilçilərinin təşkilatçılığı
ilə baş nazir Nikol Paşinyanın
əleyhinə keçirilən
etiraz aksiyaları davam edir.
Əsas niyyət
iqtidara qarşı
müqavimət və
itaətsizlik təşkil
etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc yolu ilə olsa belə
hakimiyyəti qəsb etməkdir. Görünən
isə odur ki, Xocalı soyqırımını törədənlər
və son savaşda məğlub olan müharibə canilərinin Paşinyanı
hakimiyyətdən devirmək
planları heç də asan olmayacaq.
Hökumət əleyhinə
etiraz aksiyaları mediada təqdim edildiyi qədər genişmiqyaslı deyil.
Azərbaycan və
Ermənistan arasında
delimitasiya və demarkasiya prosesinin Ermənistan cəmiyyətinin
müəyyən bir qismi tərəfindən etirazla qarşılanması,
bununla yanaşı, bu aksiyalarda daha çox erməni din adamlarının adının
hallanması, əslində,
iki ölkə arasında aparılan danışıqları hərbi-siyasi,
diplomatik kontekstdən
çıxarıb dini
aspektlərə yönəltmək
cəhdidir. Xalq arasında nüfuzunu itirən keçmiş hərbi xunta təmsilçilərinin indi
din xadimlərindən
vasitə kimi istifadə etməsi açıq-aydın ortadadır.
Burada əsas məqam da bu
yürüşə erməni
keşişin başçılıq
etməsidir.
Hayastanın hazırkı
baş naziri Nikol Paşinyanın İrəvanda kifayət qədər güclü, istər siyasi tərəfdarlarının çoxluğu,
istərsə də geniş maliyyə imkanlarına malik olmaq baxımından xeyli sayda rəqibi
mövcud olduğu halda, Azərbaycanla sərhəddə yerləşən
bir inzibati rayonda yaradılmış
"Vətən naminə
Tavuş" hərəkatının
Kirants (Xeyrimli) sərhəd kəndindən
İrəvana yürüşə
başlaması təsadüf
deyil.
Bu günlərdə
növbəti dəfə
Nikol Paşinyanın danışıqlar prosesində
Almatı Bəyannaməsini
əsas götürdüyünü
və bu bəyannaməni prinsiplərinin
Ermənistan və Azərbaycan tərəfindən
hüquqi baza kimi qəbul edildiyini açıqlaması
erməni cəmiyyətində
birmənalı qarşılanmayıb.
Revanşist qüvvələrin,
habelə xarici dairələrin ssenarisi əsasında təşkil
olunan etiraz aksiyalarının "lideri"
rolunu oynayan keşiş Baqrat Qalstanyan Paşinyanı əvəzləyəcək fiqurun
kimliyini müəyyənləşdirmək
üçün piketlərin
məntiqi sonluğa çatdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edib ki, deputatlarla görüşüb onlarla
hansı addımların
atılacağını, hansı
formada prosesin daha da irəli
gedəcəyini müzakirə
ediblər: "Sonra baş nazirliyə namizəd lazım olacaq və bu namizəd elan ediləcək. Sizin rəğbət bəslədiyiniz və rəğbət bəsləmədiyiniz
adlar müzakirə edilir, sonda barəsində
razılığa gəlinəcək
namizəd elan olunacaq".
Keşiş burada
sabiq prezident, Xocalı cəlladı
Robert Koçaryanı nəzərdə
tutur. Amma bu oyunların arxasında dayananlardan biri olan Koçaryanı
ölkə əhalisinin
böyük bir qismi qətiyyən qəbul etmək istəmir.
Radikal erməni
din xadimi, erməni kilsəsinin Tavuş yeparxiyasının
rəhbəri Baqrat Srbazan İrəvanda, respublika meydanında jurnalistlərə açıqlamasında
bildirib ki, demarkasiya prosesinin dayandırılması barədə
danışmağı planlaşdırırıq:
"Amma xalqın tələbi belə idi, başqa heç nə danışa bilməzdim, sadəcə olaraq xalqın tələbinin ifadəsini səsləndirdim.
Bu hərəkat bizim üçün çox vacibdir. Biz kritik həddə
çatmışıq, bundan
kənara çıxa
bilmərik. İnsanların
burada yaşamaq istəyəcəyini düşünmürəm.
Bütün məsuliyyət
səlahiyyətlilərin üzərinə
düşür. Onlar
bu prosesi dayandırmaq üçün
hər vasitədən
istifadə etməlidirlər.
Bu insanlar getməlidirlər". O qeyd
edib ki, baş nazir vəzifəsinə namizəd
olacaq müxtəlif adlar 2 parlament fraksiyası ilə müzakirə olunur, lakin hələ razılaşma yoxdur.
İqtidara yaxın
olan mediada bildirilib ki, mövcud vəziyyətdə
Paşinyanın impiçment
məsələsi də
real deyil. Hayastan qanunlarına görə, impiçment prosesinin başlaması üçün qərar layihəsi təqdim etməyə deputatların
1/3-nin (36 deputat) imzası
lazımdır. Hazırda
müxalifətin 35 deputatı
var ki, buna
görə də qərar layihəsinin nəinki qəbul edilməsi, hətta təqdim edilməsi üçün lazım olan 36 səsdən 1-i çatmır.
Qeyd edək ki, Hayastan parlamentində
hakim "Mülki Müqavilə" partiyası
71 deputat, Robert Koçaryanın
"Ermənistan" bloku
29, Serj Sarkisyanın
"Şərəfim var"
bloku isə 6 deputatla təmsil olunur. 1 deputat isə "Şərəfim
var" blokundan istefa verib və
müstəqil fəaliyyət
göstərir. İmpiçmenti
üçün kifayət
qədər səsi olmayan müxalifət isə hazırda bu problemi küçə
təzyiqi ilə həll etməyə ümid edir.
Hər halda proseslərin gedişi Hayastanı qarşıdakı
dövr ərzində
daha çətin günlərin və qarşıdurmaların gözlədiyini
göstərir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
12 may, № 98.- S.8.