İkili siyasət xəstəliyi Ermənistana da yoluxub

 

 

İrəvan dostuna xəyanət, düşməninə sədaqət nümayiş etdirir

 

 

 

Qərb Rusiya ilə qarşıdurmanın bir dayanacağını da Cənubi Qafqaza keçirmək istəyir. Burada zəif bənd kimi Ermənistan seçilib. Çünki SSRİ dağıldıqdan sonra bu ölkə müstəqil dövlət kimi formalaşa bilməyib, həmişə kənar qüvvələrin təsiri altında olub.

Məlumdur ki, 44 günlük Vətən müharibəsinədək Ermənistan Rusiyanın vassalı kimi onun izini olmadan müstəqil addım ata bilməmişdir. Fikirləşirdi ki, Qarabağ uğrunda savaş olarsa, Rusiya onların əvəzində Azərbaycanla döyüşəcək. Ancaq ümidləri puç oldu. Bundan sonra ermənilərin Rusiyaya sadiqliyi barədə uydurduğu nağılların heç bir əsasının olmadığı üzə çıxdı. Üzə çıxan ermənilərin həm astarı oldu. Beləliklə, Ermənistan-Rusiya münasibətləri gündən-günə pisləşməyə başladı. Əslində isə məsələ təkcə bununla bağlı deyildi. Qərbin, daha dəqiq desək, Sorosun uşağı olan Nikol Paşinyan bu məsələdən məharətlə istifadə edib Qərbə yaxınlaşmaq kursunu götürdü. Ağır məğlubiyyətin acı təsiri altında dərin depressiya keçirən erməni cəmiyyətinin isə bunu qəbul etməkdən savayı əlacı yox idi.

N.Paşinyanın Qərbə hesablanan bu siyasətinə Rusiyadan sərt reaksiya gecikmədi. Rusiya haqlı idi, çünki ortada ermənilərin nankorluğu vardı.  Hamıya məlumdur ki,  erməniləri dünyanın dörd bir yanından indiki Ermənistan adlanan əraziyə gətirən Rusiya olub. Onlara özgə ərazilərində dövlət yaratmağa kömək edən Rusiyadır. Bu səbəbdən fikirləşirdi ki, ermənilər ömrü boyu ona minnətdar olmalıdır. Ancaq nəzərə almayıb ki, ermənilər tarix boyu ağalarını dəyişməyi ən yaxşı bacaran tayfadır.

Bununla belə, N.Paşinyanın Qərb siyasəti uğur qazanmır. Ona görə ki, onlara "cənnət" vədi verənlər görməyə gələndə yaxalarını kənara çəkirlər. Məsələn, Ermənistan Qərbdən təhlükəsizlik barədə təminat istəyəndə o, nala-mıxa vurur. Belə olan halda heç şübhəsiz ki, erməni baş nazirinin gözü önünə Ukrayna Zelenski gəlir. N.Paşinyanın növbəti Avropa turnesindən qayıdandan sonra "Əgər daha bir müharibə olsa, Qərb uzaqdan gəlib bizi silahlı qüvvələrlə müdafiə etməyəcək, onlar isə (Azərbaycanla Türkiyəni nəzərdə tutur) yanımızdadır" deməsi bunun təsiridir. Eyni zamanda Ermənistanın Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi barədə atdığı müsbət addımlarda da bu məsələnin müəyyən rolu var.

Erməni keşişi Qralstanyanın başçılığı ilə Tauş bölgəsində etiraz aksiyalarının təşkili İrəvana yürüşü onu göstərir ki, Qərb indi kilsənin əli ilə iki ölkə arasında başlanan sülh prosesini pozmaq istəyir. Bunun arxasında Qərbin durması barədə fikir bildirməyimiz təsadüfi deyil. Hamıya məlumdur ki, kilsənin maliyyə mənbəyi dünyadakı erməni diasporunun ianələrindən formalaşır. O da məlumdur ki, bu diaspor xaricdəki dövlətlərin siyasətçiləri kəşfiyyat orqanları ilə sıx bağlıdır. Revanşistlər bu fürsətdən istifadə edib etiraz aksiyalarına dəstək verirlər. Məqsədləri iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesini pozmaqdır.

Xəbər verildiyi kimi, Ermənistanla şimal qonşumuz arasında gərginliyin pik həddə çatdığı bir dövrdə N.Paşinyan Rusiyaya səfər etmişdir. İki ölkənin liderləri arasında qapalı keçirilən görüşdən sızan məlumata görə, səfər çərçivəsində Rusiya-Ermənistan arasında iqtisadi məsələlər önə çıxıb. Ancaq bu, aysberqin görünən tərəfidir. Görünməyən tərəfdə baş verənlər isə hələlik məlum deyil. Amma bütün sirlər gec-tez məlum olur, xüsusən ortada Ermənistan kimi etibarsız ölkə varsa.

Bununla belə, erməni tərəfi yenə öz xislətinə sadiq qalaraq mətbuata elə informasiyalar ötürür ki, guya iki ölkə arasında fundamental bir problem yoxdur. Məsələn, Ermənistan baş nazirinin aparatının informasiya ictimaiyyətlə əlaqələr şöbəsindən "Armenpress"ə verilən məlumata görə, Putin deyib ki, 2015-ci ildən bəri Ermənistanın  Avrasiya İqtisadi Birliyi ölkələri ilə ticarət dövriyyəsi 14 dəfə artıb: "İkitərəfli münasibətlərə gəlincə, onlar da çox uğurla inkişaf edir. Biz həmişə, ilk növbədə, iqtisadi əməkdaşlığa diqqət yetiririk. Son bir ildə ticarət dövriyyəsinin artımı çox mühüm məbləğ təşkil edib bu, əsasən, idxalın artması ilə bağlıdır; sizdənsə - bizim istiqamətimizə  ixracı. Ticarət dövriyyəsi isə 7 milyard dolları ötüb. Ticarət-iqtisadi əlaqələrimizdə əvvəllər belə həcm olmayıb".

Əvvəla, hamıya məlumdur ki, iki ölkə arasında ticarətin birdən-birə yüksək səviyyədə artması Ermənistan məhsullarının ixracından yaranmayıb. Bu, Ermənistanın Qərbə "səninlə birlikdəyik" deyib, arxasından dövlət səviyyəsində olunan xəyanətin nəticəsidir. Yəni Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulduğunu bildirib, xəlvəti həmin malları onlardan alıb Rusiyaya satır. İki ölkə arasında ticarətin birdən-birə 7 milyard dollara çatması bununla bağlıdır. Ermənilərin tarixən çörəkləri dizlərinin üstündə olub. Onlar bu gün  mövcudluqlarına görə Rusiyaya minnətdar olmalı olduğu halda, nankorluq xəyanət nümayiş etdirirlər.

N.Paşinyan Rusiyaya səfərindən sonra xarici siyasətdə hansı yolu seçəcək? Beynəlxalq aləmdə baş verən siyasi proseslər erməni baş nazirindən bu suala cavab gözləyir. Artıq ermənilərin nala-mıxa vurmaq siyasəti keçmir. Qonşumuzun üzünü hansı səmtə tutması bizim üçün önəmlidir. Ermənistanın sərhədlərin müəyyənləşdirilməsi istiqamətində atdığı müsbət addımlar davam edəcəkmi? Yoxsa yenə kimlərinsə istəyi ilə gərginliyi qızışdıracaq? Bu sualların cavabı yəqin ki, keşişin başçılığı ilə İrəvanda başlayan mitinqlərin nəticəsindən sonra məlum olacaq.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 12 may, № 98.- S.9.