Yaşıl
dünya naminə həmrəylik ili 2024
Ölkəmiz böyük bir tarixi hadisənin astanasındadır. BMT-nin İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29)
başlanmasına cəmi yarım il qalır. Bu mötəbər
tədbirə Azərbaycanın evsahibliyi etməsi təkcə
beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının
göstəricisi deyil, həm də
iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli
işlərin aparılması üçün əlverişli
fürsət və əlbəttə, böyük məsuliyyətdir.
Odur ki, COP29-a
hazırlıq sürətlə davam edir. Prezident İlham
Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat
Komitəsi qlobal tədbirin reallaşması ilə
bağlı müvafiq texniki-təşkilati tədbirlər həyata
keçirir. Atılan mühüm addımlardan biri 2024-cü
ilin "Yaşıl dünya naminə həmrəylik ili"
elan edilməsidir. Bu, qlobal mübarizəyə sadiqliyimizi
vurğulamaqla yanaşı, həm də milli, regional və
beynəlxalq səviyyələrdə tərəfdaşlıq
əlaqələrinin gücləndirilməsinə diqqətimizi
göstərir. Ümumiyyətlə, COP29-la bağlı istər
ölkəmizdə, istərsə də xaricdə keçirilən
tədbirlərin sayı-hesabı yoxdur. Bir çox xarici təşkilat
və qurumlar, görkəmli
ekoloqlar və digər sahə mütəxəssisləri
COP29-u, həm də tədbirə
Azərbaycanın evsahibliyi etməsini dəstəklədiklərini
bildirirlər.
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Vladanka Andreeva "29 İqlim
söhbəti: COP29-a gedən yol" tədbirində
çıxışı zamanı deyib: "Bizim BMT olaraq
üzərimizə götürdüyümüz öhdəlik
COP29-la bağlı Azərbaycana dəstək və əlimizdən
gələni əsirgəməməkdir". O qeyd edib ki, iqlim dəyişikliyi
ilə bağlı cəlb olunan iştirakçılar kifayət
qədər genişdir.
"İqlim istiləşməsi 1,6 dərəcəyə
çatıb, bu çox aktual məsələdir və bu
çərçivədə qalmaq üçün bizim
öhdəliklərimiz var. Biz missiyalarımızı 45 faiz
azaltmalıyıq. COP29 bir prosesdir. Bu prosesin
davamlılığını təmin etməliyik. Növbəti
COP30 Braziliyada keçiriləcək. İqlimlə
bağlı tədbirlər bir il ərzində baş verə
bilməz, öhdəliklər davam etdirilməlidir. COP29 iqlim dəyişikliyi
sahəsində bir sıra tədbirlər həyata keçirmək
üçün hərəkətə keçməyə
imkan yaradacaq. Biz, həmçinin modellər, strategiyalar
hazırlayırıq", - deyə V.Andreeva əlavə edib.
Ölkəmizdə
hazırlıqla bağlı həyata keçirilən tədbirlər
sırasında müxtəlif təşkilatlar tərəfindən
təşkil olunan təlimlər də xüsusi rol
oynayır. Məsələn, Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında (DİA) "İqlim dəyişikliyinə
uyğunlaşma üzrə təlimlər"ə
başlanıb. COP29-un Azərbaycanda keçirilməsi və
"Yaşıl dünya naminə həmrəylik ili" ilə
əlaqədar DİA-da BMT-nin
İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq
çərçivəsində keçirilən bu tədbir
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər
kadrları üçündür. Gələn ayın 12-dək davam edəcək tədbir Ekologiya
və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi,
Dövlət Statistika Komitəsi və digər qurumların əməkdaşları
üçün nəzərdə tutulub.
Təlimin
açılışında Dövlət İdarəçilik
Akademiyasının rektoru akademik Urxan Ələkbərov
"Prezident İlham Əliyevin yeni dövlət idarəçilik
texnologiyaları: COP29-a aparan yol" mövzusunda
çıxış edərək COP29-un ölkəmizdə ətraf
mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü
və ardıcıl dövlət siyasətinin tərkib hissəsi
olduğunu diqqətə çatdırıb. Sonra UNDP layihə
rəhbəri Zaur Əliyev iştirakçılara təlim
haqqında geniş məlumat verib. Təlimlərdə iqlim dəyişikliyi
sahəsində ekspertlərin iştirak etməsi nəzərdə
tutulur.
Qida Təhlükəsizliyi
Agentliyində də COP29-a
hazırlıq işləri davam etdirilir. Hazırlanan tədbirlər
planında nəzərdə tutulan işlərin vaxtında və
keyfiyyətlə icra olunması, habelə qida təhlükəsizliyinin
təmin edilməsi məqsədilə müvafiq tədbirlər
görülür. Tədbirlər çərçivəsində
agentliyin strukturuna daxil olan bölmələrdə
çalışan əməkdaşlar üçün
növbəti onlayn təlim təşkil edilib. Qida Təhlükəsizliyi
İnstitutunun mütəxəssisləri tərəfindən
keçirilən təlim "Qida tullantılarının idarə
olunması" adlanıb.
Təlimdə
Bakı və Sumqayıt şəhərlərində yerləşən
keytrinq, hotel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin
öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə,
eləcə də sahibkarlarla bu sahədə maarifləndirmə
işləri aparan, həmçinin tədbir zamanı qonaqlara
yüksək səviyyədə və təhlükəsiz
xidmətlərin göstərilməsi üçün ticarət
və ictimai iaşə müəssisələrində
monitorinqlər aparan əməkdaşlar iştirak ediblər.
İştirakçılara qida tullantılarının idarə
olunması ilə bağlı qanunvericiliyin tələbləri,
tullantıların növləri və emal sahəsindən
uzaqlaşdırılması, bu sahədə
çalışan əməkdaşların təlimatlandırılması
tədbirləri haqqında ətraflı məlumat verilib.
Keçirilən
ardıcıl tədbirlər sayəsində gənc nəsil də COP29 barədə
kifayət qədər məlumatlıdır. Məsələn,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyində fəaliyyət göstərən ümumi təhsil
müəssisələrində "Yaşıl dünya naminə
həmrəylik ili"nə həsr olunan tədbirlər, o
cümlədən konfrans, forum "dəyirmi masa" və
seminarlar, ağacəkmə aksiyaları, təmiz ətraf
mühit barədə müsabiqə və ekodüşərgələr
təşkil edilib. Məqsəd ekoloji mədəniyyəti, təbiətə
həssas münasibəti təbliğ etmək,
yaşıllıqlara qayğı ilə yanaşmağın
zəruriliyinə diqqət çəkməkdən ibarətdir.
Tədbirlərdə dünyanı narahat edən ekoloji
problemlərdən, iqlim dəyişiklikləri və
onların canlı aləmə mənfi təsirlərindən,
ekoloji mədəniyyətdən söhbət açılaraq
bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin
gücləndirilməsi məqsədilə 2024-cü ilin
"Yaşıl dünya naminə həmrəylik ili" elan
edilməsinin əhəmiyyəti şagirdlərin diqqətinə
çatdırılıb. BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinin
beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın
milli, regional və qlobal səviyyədə ətraf mühitin
qorunması, iqlim dəyişmələrinin
qarşısının alınması istiqamətindəki səmərəli
fəaliyyətinin təqdir olunması kimi qiymətləndirildiyi
vurğulanıb.
"Yaşıl
dünya naminə həmrəylik ili" və COP29-la
bağlı tədbirlər
işğaldan azad olunmuş Qarabağ və Şərqi
Zəngəzurda da keçirilir. Onlardan biri də bu ay "Sağlamlığa Xidmət"
İctimai Birliyinin və Vərəm Əleyhinə QHT
Koalisiyasının təşəbbüsü ilə bir qrup səhiyyə
və ekologiya üzrə qeyri-hökumət təşkilatının Şuşada sağlamlıq və ətraf
mühitin qorunması ilə əlaqədar keçirdiyi tədbir
idi. Tədbirin məqsədi
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar
qeyri-hökumət təşkilatlarının
iştirakının təmin edilməsi və "Yaşıl
dünya naminə həmrəylik ili" ilə əlaqədar
təşəbbüslərin müzakirəsi və digər məsələlərlə bağlı olub.
Bir sözlə,
hazırlıqlar geniş
vüsət alıb. Odur ki, Azərbaycanın COP29-a yüksək səviyyədə
evsahibliyi edəcəyinə və bu qlobal tədbirin
böyük müvəffəqiyyətlə keçəcəyinə
heç kəsin şübhəsi yoxdur.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
12 may, ¹ 98.- S.11.