Azərbaycanın
beynəlxalq miqyasda artan güc və nüfuzunun növbəti təzahürü
Yaşıl
dünya naminə həmrəylik ili 2024
Bu gün Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir.
Cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə
təsdiqlənmiş "Azərbaycan
2030: Sosial-iqtisadi inkişafın
Milli Prioritetləri"
əsasında ölkədə
bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli də qoyuldu, 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlı
sənəd qəbul edildi. Bu isə
"yaşıl iqtisadiyyat"a
keçidlə bağlı
qarşıya yeni hədəflər qoydu. Bu hədəfləri uğurla icra edən Azərbaycan ötən dövrdə ən böyük layihələrə
evsahibliyi etdi.
COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti
dəfə böyük
etimad və inamın göstəricisidir.
Dünya birliyinin Azərbaycana göstərdiyi
inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmiz
artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 20 ildə
dövlətimizin başçısının
həyata keçirdiyi
müstəqil siyasət
nəticəsində Azərbaycanın
reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə
sahib olub. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz
və BMT Təhlükəsizlik
Şurasına üzvlüyümüzdən
sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda son
zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə
ən tutarlı cavabdır.
Bu reallıqdır
ki, qələbədən
qısa vaxt keçəndən sonra da ölkəmiz beynəlxalq tədbirlərin,
eləcə də nüfuzlu idman yarışlarının keçirildiyi
məkana çevrildi.
Bunun nəticəsidir
ki, mötəbər beynəlxalq təşkilatların
rəhbərləri öz
tədbirlərinin Azərbaycanda
keçirilməsini təsadüfən
müəyyənləşdirmirlər. Son illər Azərbaycanın dünyada
sabit məkan kimi tanınması da buna imkan
verir.
24 aprel 2024-cü ildə
ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl
Baxış" mövzusunda
keçirilən beynəlxalq
forumda Prezident İlham
Əliyev dərinməzmunlu çıxışında:
"...Biz uğura uğur əlavə edirik və ən azı həm Azərbaycanda, həm də regionda hər kəs anlayır ki, bunlar təsadüfi
hadisələr deyil. Bütün bu işlər düşünülmüş
siyasətin, strategiyanın,
düzgün taktikanın
və siyasətimizin,
diplomatiyamızın bir
sıra digər aspektləri üzərində
qurulub... Atdığımız
addımların nəticələrinin
daha bir nümunəsi sərhədin
delimitasiyasıdır. Əlbəttə,
iki ölkə, xüsusilə də iki xalq arasında
daha çox etimadın artırılması
üçün görüləcək
işlər çoxdur.
Lakin burada əsas məsələ tendensiyanın nədən
ibarət olması, hansı istiqamətdə irəliləməyimizdir və
söylədiklərimin bariz
nümunələri var.
COP29-un Azərbaycanda keçirilməsi
münaqişənin həll
olunmasının və
sülh danışıqlarında
irəliləyişin nəticəsidir"
- deyə əsas reallıqları diqqətə
çatdırdı. Dövlət
başçısı eyni
zamanda COP29-a Azərbaycanın evsahibliyi
etməsini ölkəmizin ekoloji problemlərlə
ciddi məşğul
olmasının, 1994-cü ildən
bəri bütün neft əməliyyatlarının,
beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılmasının,
investorların dünyanın
aparıcı şirkətlərinin
olması və ətraf mühitə diqqətlə yanaşmanın nəticəsində
mümkün olduğunu
bəyan etdi.
Beynəlxalq təşkilatlara
rəhbərlik etməkdə
zəngin təcrübə
qazanan Azərbaycan BMT
Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma
iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının
sədri olduğu müddətdə həyata
keçirilən tədbirlər
qurumun üzv dövlətləri tərəfindən
yüksək dəyərləndirilib.
Mötəbər tədbirlərə
uğurlu evsahibliyi etmək Azərbaycanın
beynəlxalq aləmdə
olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu
siyasət və diplomatik məharət nəticəsində mümkün
olmuşdur. Azərbaycanın
iqlim dəyişiklikləri
ilə mübarizə
prosesinə ciddi töhfə verən ölkə kimi tanınması da onun COP29-a evsahibliyi etmək imkanını daha da gücləndirdi.
Azərbaycanın bu sahədə uzun illərdir həyata keçirdiyi ardıcıl
siyasət və layihələr, enerji mənbələrinin inkişaf
etdirilməsi, o cümlədən
külək və günəş enerjisi stansiyalarının qurulması
baxımından gördüyü
böyük işlər
bəhrəsini verdi.
"Yaşıl enerji"yə
keçid əsas hədəf kimi
Ölkəmizin bu
tədbirə evsahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri
ilə mübarizə
aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən
qəbul edilib. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə
daha da tanınmasına
və beynəlxalq mövqeyinin möhkəmlənməsinə
geniş imkanlar açacaqdır. Azərbaycanın
bərpaolunan enerji mənbələrinin inkişafı,
"yaşıl enerji"yə
keçid və iqlim dəyişiklikləri
ilə mübarizədə
qarşısına qoyduğu
məqsədlər və
bu istiqamətdə gördüyü işlər
daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq.
Azərbaycan 2030-cu ilə
qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını
30 faizə çatdırmağı,
əsrin ortasına qədər 1990-cı illə
müqayisədə Azərbaycan
karbon emissiyasını
40 faizə qədər
azaldaraq beynəlxalq istiləşmənin təhlükəli
nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən
edilən səviyyəyə
endirməyi qarşısına
məqsəd qoyub.
Bu gün Azərbaycanın "yaşıl
enerji" təchizatçısına
çevrilməyi də
əsas hədəflərdəndir.
Artıq Azərbaycan Gürcüstan, Macarıstan
və Rumıniya ilə Qara dənizin
dibi ilə sualtı kabel vasitəsilə "yaşıl
enerji"nin Avropaya ixracı layihəsini icra etməkdədir.
COP29-un Azərbaycanda keçirilməsi
də bu prosesin davamıdır və ölkəmizin
"yaşıl enerji"yə
keçid və bərpaolunan enerji mənbələrinin inkişafı
ilə bağlı qarşısına qoyduğu
məqsədlərə çatmasında
böyük rol oynayacaq.
COP29 beynəlxalq konfransında
iştirak etmək üçün təqribən
100 min nəfərə
qədər xarici qonağın ölkəmizə
səfəri gözlənilir
ki, bu da
dövlətimizin, xalqımızın
növbəti böyük
uğuru, Azərbaycanın
neft-qaz ölkəsi olmaqla yanaşı, "Yaşıl gündəliyimiz"in
də mövcudluğunun
dünyaya sübutudur.
Ötən illər ərzində xarici tərəfdaşlar və
sərmayədarlarla "yaşıl
keçid" üzrə
nəhəng layihələrə
start verilməsi də bunun göstəricisidir.
Bu il 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən
"15-ci Petersberq İqlim
Dialoqu"nun Yüksək
Səviyyəli Seqmentində
COP29-a evsahibliyi edəcək
ölkənin rəhbəri
kimi Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
deyilənləri bir daha təsdiq etdi: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla
seçilmək bizim üçün həqiqətən
böyük şərəfdir.
Biz bunu beynəlxalq ictimaiyyətin
Azərbaycana və gördüyümüz işlərə,
o cümlədən "yaşıl
enerji" sahəsindəki
fəaliyyətimizə hörmətinin
əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir, çünki
biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı
nəticələrə nail
olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif
beynəlxalq təşkilatlarla
beynəlxalq əlaqələri
və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri
arasında körpülər
salmaq və ya onları gücləndirmək, eləcə
də onların həmrəyliyini möhkəmləndirmək
imkanını yaradacaq".
Gözləntilər, hədəflər
Azərbaycan uzun
illər ərzində
neft və qaz ehtiyatlarının ixracından əldə etdiyi gəlirləri səmərəli istifadə
etməklə öz iqtisadiyyatını inkişaf
etdirib və iqtisadi müstəqillik əldə edib. İndi isə bu ehtiyatlar hesabına
Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə
mübarizəyə töhfə
verməklə öz mövqeyini daha da möhkəmləndirə
və təsir dairəsini daha da genişləndirə bilər. Bu baxımdan, COP29-un Azərbaycanda
keçirilməsi onun
bu mövqeyinin möhkəmlənməsi və
bu istiqamətdə gördüyü işlərin,
əldə etdiyi nəticələrin təbliği
baxımından böyük
əhəmiyyət daşıyır.
Eyni zamanda sessiyanın Bakıda keçirilməsi Azərbaycanda
özəl sektorun bu prosesə cəlb edilməsi baxımından da əhəmiyyətlidir. Bu
da azərbaycanlı sahibkarların qlobal səviyyədə dayanıqlı
inkişaf məqsədlərinə
nail olunmasına şərait yaradacaq. Eyni zamanda onu
da nəzərə almaq lazımdır ki, son illərdə
Azərbaycanın həyata
keçirdiyi iqtisadi siyasətin əsas məqsədlərinə qeyri-neft
sektorundan asılılığın
azaldılması və
enerji təhlükəsizliyinin
təmin edilməsi ilə bərpaolunan enerji mənbələrinin
rolunun artırılması
da aiddir. Bu məqsədlərə
nail olmaq üçün Azərbaycan
"yaşıl enerji"yə
keçidə hazırlaşmaqdadır.
COP29 tədbiri həmin
keçidin daha səmərəli icrası
ilə bağlı strategiyaların və görülməsi zəruri
olan tədbirlərin müəyyən edilməsi
baxımından faydalı
platformadır. Sessiya çərçivəsində dünyanın bu keçidlə bağlı
daha çox təcrübəsi olan ölkələri ilə fikir mübadiləsinin aparılması və təcrübələrin bölüşülməsi
Azərbaycanın "yaşıl
enerji"yə keçid
prosesinə öz töhfəsini verəcək.
Azərbaycanın iqlim
dəyişiklikləri ilə
mübarizə aparmasının
və bu məsələyə böyük
diqqət ayırmasının
göstəricilərindən biri də 2030-cu ilə qədər müəyyən etdiyi beş istiqamətdən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"
prioritetinin olmasıdır.
Həmçinin Qarabağın
sahib olduğu bərpaolunan enerji resursları Azərbaycanın
"Təmiz ətraf
mühit və yaşıl artım ölkəsi" prioritetinin
icrasına, qlobal
"yaşıl enerji"
çağırışlarına cavab verməyə və ətraf mühitin qorunmasına ciddi töhfə verəcək. Bu baxımdan, COP29 həm də işğaldan azad edilmiş ərazilərdə görülən
işlərin və bu ərazilərin sahib olduğu bərpaolunan enerji mənbələrinin dünya
üçün əhəmiyyətinin
təbliği baxımından
da faydalı platformaya çevriləcək.
Cənab İlham Əliyevin fikirləri ilə desək:
"COP29-un əhəmiyyəti ondadır ki, biz dünyaya söyləyəcək sözlərimizi,
həqiqət hekayəmizi olduğu kimi dünyaya çatdıra biləcəyik.
On minlərlə qonağın
gəlməsi, iki həftə Azərbaycanda
olması imkan verəcək ki, hətta ilk dəfə Azərbaycana gələnlər belə
vəziyyəti qiymətləndirmək
imkanı əldə etsin, bizim planlarımızın
nədən ibarət
olduğunu bilsin...
COP29 bunun gözəl
nümunəsidir".
Reallıq
Bəli, COP iqlim
dəyişikliyi ilə
mübarizədə vacib
olmağı ilə yanaşı, həm də dünyanın ən əhəmiyyətli
tədbirlərindən biridir.
Azərbaycanın bu tədbirə Şərqi
Avropa Qrupu ölkələri arasından
yekdil qərarla ev sahibi seçilməsi
ölkəmizə yüksək
etimadın göstəricisidir.
Azərbaycanın qazandığı
bütün bu uğurlar Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik
və uzaqgörən
siyasətin nəticəsidir.
Qazanılan uğurlar
sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə
istiqamət verən, yeni və uğurlu
təşəbbüslərlə çıxış edən,
beynəlxalq aləmdə
öz sözünü
deyən ölkəyə
çevrilib. Azərbaycanın
artıq beynəlxalq tədbirlərə evsahibliyi
etmək sahəsində
böyük təcrübəsi
var və bu da ölkəmizə
yetərincə müsbət
imic qazandırıb. Tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar həm də ona görə əhəmiyyətlidir ki,
bu, dünya ictimaiyyətinin Azərbaycanın
atdığı addımlara
dəstəyindən xəbər
verir. Bu tədbir Azərbaycanın
neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı
nə dərəcədə
prioritet sahə kimi gördüyünü
bütün dünyaya
sübut edəcək.
Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin prorektoru, tarix üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan.-2024.-
12 may, ¹ 98.- S.11.