Prezident İlham
Əliyevin sərəncamı
ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl
dünya naminə həmrəylik ili" elan edilməsi abşeronluların yeni yaşıllıqlar salmaq
və onları qorumaq həvəsini birə-beş artırıb.
Abşeron Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi tədbirlər planı da məhz bu
ovqatdan doğub.
Məlumdur ki, paytaxtın bir addımlığında yerləşən
bu rayondan keçən yollar beynəlxalq əhəmiyyət
daşıyır. Odur
ki, bu ərazilərdə
ağacəkmə kampaniyasına
xüsusu diqqət yetirilir. Yanvar və fevral aylarında yol kənarlarındakı, park
və xiyabanlardakı
qurumuş ağaclar kəsilərək onların
yerləri yeni yaşıllıq salmaq üçün hazırlanıb.
Aksiya zamanı həmçinin beynəlxalq
əhəmiyyət daşıyan
yolların Abşeron rayonundan keçən hissələrinin, eləcə
də yerli əhəmiyyətli yolların
və daxili küçələrin kənarları
məişət tullantılarından
və alaq otlarından təmizlənib.
Tullantılar xüsusi
texnikalar vasitəsilə
ərazidən daşınıb.
Yaşıllaşdırma tədbirləri mütəmadi
xarakter alıb. Növbəti tədbirlər
çərçivəsində yol kənarlarında ümumilikdə 1000-dən çox
müxtəlif növ
ağac əkilib. Yeni əkilmiş ağaclar suvarılıb,
onlara üzvi gübrə verilib və lazımi aqrotexniki qulluq göstərilib. Bundan əlavə, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən
küçə və
parklarda ümumi səliqə-sahman yaradılıb,
ağacların gövdələri
ağardılıb. Paralel
olaraq, Saray, Mehdiabad, Masazır, Novxanı və digər qəsəbələrdə
yolların kənarına
ağaclar əkilib, onların becərilməsi
əlaqədar təşkilatlar
tərəfindən nəzarətə
götürülüb. Şəhidlərin
adına çəkilmiş
bulaqların ətrafında
və yaşayış
komplekslərinin həyətyanı
sahələrində də
təmizlik işləri
aparılıb, yeni ağaclar və gül kolları əkilib. Hazırda rayon mərkəzinin təmir ediləcək küçələrində, orta
məktəblərin qarşısında
və həyətində
eyni tədbirlər həyata keçirilir. Yaşıllıqların artırılması
məqsədilə rayonun
Sumqayıt istiqamətindəki
yollarında da müxtəlif növ ağaclar basdırılıb.
Abşeron ölkəmizin
yaşıllığı nisbətən az olan rayonlarından olsa da, belə
tədbirlərin nəticəsində
tədricən gözoxşayan
yaşıl diyara çevrilir. Odur ki, bu tədbirlərə
idarə və təşkilatlarla yanaşı,
sakinlər də geniş dəstək verirlər. Qəsəbə
və yaşayış
massivlərinin sakinləri
yaşadıqları ərazidə
yaşıllıq salır,
ağac əkir, gül becərirlər. Bu hesaba təkcə
son bir neçə
gün ərzində rayonun kənd və qəsəbələrində
torpağa yüzlərlə
fidan basdırılıb.
Əkilən hər ağaca aqrotexniki qaydada xidmət göstərilir. Onların
suvarılmasını isə
sanki son günlər yağan yağış öz öhdəsinə götürüb.
Həyata keçirilən
aksiyalar zamanı ərazidə həmçinin
təmizlik və abadlıq işləri aparılır. Saray, Novxanı və digər qəsəbələrdə
əkilən fidanlar üçün ayrıca
su xətti çəkilib, onların
qorunması xüsusi nəzarətə götürülüb.
Ekologiyanın mühafizəsi
yaşadığımız dövrün ən aktual problemlərindəndir.
Bu ilin sonunda
COP29-un ölkəmizdə keçirilməsi
bu sahədə təkcə hər bir şəhər və rayonun deyil, hər birimizin çiyninə məsuliyyət yükü
qoyur. Abşeronlular bunu yaxşı dərk edirlər. Rayon ərazisində yaşıllıqların genişləndirilməsində
məqsəd də məhz ekoloji vəziyyətin sağlamlaşdırılması,
cəmiyyətdə ekoloji
mədəniyyətin təbliğ
edilməsi və təbiətə qayğının
artırılmasıdır. Onu da qeyd
edək ki, ekoloji tarazlığın
qorunması istiqamətində
işlər davamlı
olacaq. Abşeronluların
qərarı ənənəni
davam etdirmək, yaşadıqları ərazini
yaşıl diyara çevirməkdir.
Akif
ƏLİYEV,
Azərbaycan.-2024.-
12 may, № 98.- S.12.