Şuşa
hər bir azərbaycanlı üçün
əziz şəhərdir
Şuşa
İslam dünyasının mədəniyyət
paytaxtıdır
Ümummilli
Lider Heydər Əliyev deyirdi: "Şuşa Azərbaycanın
ən əziz və böyük tarixi olan bir guşəsidir.
Şuşanı yaradanlar, Şuşa şəhərini
quranlar, Şuşa qalasını tikənlər Azərbaycan
torpağının sahibləri olublar və Qarabağda Azərbaycan
torpağının daim qorunması, saxlanması
üçün Şuşa şəhərini,
qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın
yaratdığı böyük
abidədir, təkcə şəhər deyil, böyük bir
tarixi abidədir".
Azərbaycan
xalqının zəngin tarixinin ən möhtəşəm
abidələrindən biri...
Bu qədim
şəhərin zəngin milli-mənəvi irsinin təbliği
və inkişafı istiqamətində hələ sovet
dövründə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə məqsədyönlü tədbirlər
həyata keçirilirdi. Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi 1969-1982-ci illərdə Qarabağa çox böyük
diqqət və qayğı göstərirdi. Azərbaycan
xalqının zəngin tarixinin ən möhtəşəm
abidələrindən biri, qəhrəmanlıq rəmzi olan
Şuşanın tarixində həmin illərdə unudulmaz səhifələr
yazılırdı.
Şuşa
şəhərinin inkişaf etdirilməsi məqsədilə
1970-ci illərin ikinci yarısında Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə xüsusi qərarlar qəbul
edildi. Şəhərin qədim binaları, tarixi abidələri
həmin qərarlara uyğun olaraq bərpa edildi, yeni çoxmərtəbəli
yaşayış evləri, ayrı-ayrı inzibati binalar,
böyük mehmanxana kompleksləri inşa olundu. Şuşa
ümumittifaq səviyyəli kurort şəhərinə
çevrildi. Nəinki Azərbaycanın müxtəlif yerlərindən,
sovet ittifaqının digər respublikalarından Şuşaya
istirahətə gələnlər, həm də Azərbaycanın
tarixi, mədəniyyəti, incəsənəti ilə
yaxından tanış olmaq imkanı qazanırdılar.
Ümummilli
Liderin iştirakı ilə 1979-cu il yanvarın 12-də
Ağdam-Xankəndi dəmir yolu istifadəyə verildi. Heydər
Əliyev dəmir yolu xəttinin açıldığı
gün Şuşaya getdi. O, şəhərdə Azərbaycan
xalqının tarixi abidələrinin qorunmasına
qayğı göstərilməsi barədə xüsusi
göstəriş verdi. Şuşada həyata keçirilən
tikinti-quruculuq işləri ilə yaxından maraqlandı, Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələri
Molla Pənah Vaqifin və Xurşidbanu Natəvanın
yaşayıb-yaratdığı yerlərlə tanış
oldu. "Şuşa abidələr şəhəridir. Diyarın
zəngin tarixi ilə bağlı olan hər şeyi qorumaq, qədim
tikintiləri bərpa etmək lazımdır", -
Şuşa rayonunun rəhbərləri ilə keçirdiyi
görüşdə Heydər Əliyevin tövsiyəsi belə
oldu.
Bütün
azərbaycanlıları birləşdirən şəhər
1967-ci ildə
Heydər Əliyev Şuşada olarkən şair Molla Pənah
Vaqifin məzarını ziyarət etmək istədi, ancaq məzarı
tapa bilmədi. Onun göstərişi ilə tez bir vaxtda məzar
tapıldı. Heydər Əliyev bərbad halda olan,
dağılmış məzarı ziyarət etdi. Ulu Öndər
nitqlərinin birində gördüyü bu məzarın Vaqifə
layiq olmadığını bildirdi. Ümummilli Liderin göstərişi
ilə Vaqifin məzarı üstündə abidə və
türbə inşa edildi.
1977-ci ildə
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin
inşasına memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi
əsasında başlanıldı. Kompleks Şuşa şəhərinin
Cıdır düzünə yaxın ərazidə şairin
məzarı üstündə tikildi. Molla Pənah Vaqifin
Şuşa həyatını əks etdirən dövrə
aid olan 80-ə yaxın eksponat muzeydə sərgilənirdi.
Ümummilli
Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il
yanvarın 14-də Molla Pənah Vaqifin məqbərəsinin və
Şuşada Poeziya Evinin təntənəli
açılış mərasimi keçirildi. Həmin
qarlı yanvar günündə düzənlənən tədbirdə
Şuşaya tanınmış sənət adamları
toplaşdı. O gün milli mədəniyyət və sənət
bayramına çevrildi.
Heydər
Əliyevin göstərişi ilə hər il avqust ayında
Vaqif Poeziya Günləri təşkil edildi. Tədbirlərin
proqramları zəngin və maraqlı olurdu. Vaqif Poeziya
Günlərində şeir gecələri ilə
yanaşı, konsertlər də təşkil edilirdi. Bu poeziya
günləri hər il avqust ayında şairin vətəni
Qazaxdan başlayır, Şuşada yekunlaşırdı.
Şuşada
olarkən Ümummilli Lider Üzeyir bəy Hacıbəylinin və
Bülbülün Şuşadakı ev-muzeylərindəki
eksponatlarla da tanış olmuş, onların qorunmasına dair
tövsiyələrini vermişdi. 1982-ci ildə Şuşada
ikinci dəfə avqust ayında olanda isə Heydər
Əliyevin iştirakı ilə şair Xurşidbanu Natəvanın
abidəsinin açılış mərasimi həyata
keçirildi.
Ənənəyə
çevrilən və hər il böyük təntənə
ilə keçirilən Vaqif Poeziya Günləri Şuşa
erməni qəsbkarları tərəfindən işğal
olunanadək davam etdi. 1992-ci il mayın 8-də Şuşa
yağıların əlinə keçdi. Təcavüzkar ermənilər
Şuşadakı milli-mənəvi, dini və
tarixi-memarlıq abidələrimizi taladılar, məhv etdilər.
Azərbaycanın klassik şairi Molla Pənah Vaqifin məqbərəsini
də dağıtdılar. Ermənistan silahlı qüvvələrinin
işğalı altında qaldığı otuz ilə
yaxın müddətdə Şuşa bir sıra ənənəvi
mədəniyyət tədbirləri kimi Vaqif Poeziya Günlərinə
də həsrət qaldı...
Şuşanın
abidələr şəhəri olduğunu qeyd edən Heydər
Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini
yüksək dəyərləndirirdi: "Şuşasız
Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur", -
deyirdi. Azərbaycan xalqı Şuşanın Ermənistanın
işğalı altında olduğu illərdə bunu daha dərindən
hiss etdi.
2020-ci ildə
Ermənistan silahlı qüvvələrinin təxribatı ilə
başlayan və rəşadətli Azərbaycan Ordusunun zəfəri
ilə başa çatan İkinci Qarabağ müharibəsində
qədim şəhərimiz Şuşa da azadlığına
qovuşdu. Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev Azərbaycan xalqına
gözaydınlığı verdi: "İyirmi səkkiz il
yarım işğal altında olan Şuşa azad edildi!
Şuşa indi azaddır! Biz Şuşaya
qayıtmışıq! Biz bu tarixi Qələbəni
döyüş meydanında qazandıq. 2020-ci il noyabrın
8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi
yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin
günüdür!"
Prezident
İlham Əliyevin xalqa daha bir müjdəsi isə belə
oldu: "Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
Artıq Şuşa həmin günlərini yaşayır.
İşğal olunanadək keçirilən ənənəvi
tədbirlər azadlığı bərpa edilmiş
Şuşada davam etdirilir. Şuşa bir sıra möhtəşəm
beynəlxalq tədbirlərə evsahibliyi edir.
Şəhərdə
tikinti-abadlıq, quruculuq işləri böyük həssaslıqla
həyata keçirilir. Çünki Heydər Əliyevin
dediyi kimi: "Bu şəhərdə, onun ətrafında Azərbaycan
xalqının bir neçə əsrlik tarixə malik
böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq
nümunələri yaranıbdır. Şuşa təkcə
şuşalılar üçün yox, bütün azərbaycanlılar
üçün, vətənini, millətini sevən hər
bir vətəndaşımız üçün əziz bir
şəhərdir, əziz bir torpaqdır, əziz bir
qaladır, əziz bir abidədir".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
12 may, № 98.- S.15.