Şuşanın
epiqrafik abidələrində
1905-ci il soyqırımları
Şuşa
islam dünyasının mədəniyyət paytaxtıdır
Azərbaycan,
ələlxüsus Şuşa şəhəri epiqrafik abidələrlə,
inşaat kitabələri və məzar daşları üzərinə
həkk olunmuş yazılarla zəngin bir məkandır.
Maddi-mədəni və etnomədəni irsin ən
mühüm və vacib nümunələrindən biri də
epiqrafik abidələrdir. Epiqrafik abidələrin tədqiq
edilməsi ona görə aktualdır ki, kitabələrdə
cəmiyyət həyatının müxtəlif cəhətləri
- siyasi, sosial, psixoloji, psixo-sosial, tarix, iqtisadi, dini və mədəni
reallıqlar, inzibati bölgü və idarəetmə sistemləri
haqqında digər qaynaqlarda olmayan zəruri məlumatlara rast
gəlmək mümkündür.
Kitabələr
aid olduqları abidələrin şəxsiyyət vəsiqəsidir.
Başqa bir ifadə ilə, tarixi tikililər haqqında ilk məlumatları
həmin epiqrafik abidələr vasitəsilə əldə etmək
mümkündür. Kitabələrin üzərinə həkk
olunmuş yazılar vasitəsilə biblioqrafik, din və
ictimai fikir, dil və ədəbiyyat, demoqrafik və ailə vəziyyətləri,
əlamətdar tarixi hadisələr və sairə istiqamətlərdə
sağlam məlumatları əldə etmək olar. Kitabələr,
həmçinin məxsus olduğu məntəqənin və
dövrünün memarlıq üslubları haqqında da
geniş təsəvvürlər yaradır.
Bu istiqamətdə
Yuxarı Gövhər ağa məscidinin həyətyanı
sahəsində üzəri ərəb-fars dillərində
yazılmış məzarları qeyd etmək olar. İlk dəfə
tədqiqata cəlb edilən və tərəfimizdən oxunan
bu yazılar XX əsrin əvvəllərində Qafqazda cərəyan
edən bir çox hadisələrə işıq salır.
Yuxarı
Gövhər ağa məscidinin həyətində mövcud
olan kiçik məzarlığa aid bir sıra epiqrafik abidələrə
həkk olunmuş yazılar erməni cinayətlərini
sübut edəcək mühüm məlumatları
özündə ehtiva edir. Belə ki, xatirə abidələrinə
ərəb-fars dillərində həkk olunmuş
yazıların tədqiqi zamanı məlum oldu ki, burada dəfn
olunanların mütləq əksəriyyəti 1905-ci ildə
ermənilərin Şuşa şəhərində azərbaycanlılara
qarşı törətdikləri soyqırımı nəticəsində
həlak olan şəxslərin qəbirləridir. Məsələn,
həmin xatirə abidələrindən birinin üzərində
bu cür qeyd edilib: Bu, 1323-cü il rəcəb ayının əvvəlində
ermənilər tərəfindən qətlə yetirilmiş Məşədi
Süleyman Kərbəlayi Rüstəm oğlunun qəbridir".
Məzarın
üzərində göstərilən tarix miladi 1905-ci il
avqust ayına təsadüf edir ki, bu ildə ermənilər tərəfindən
müxtəlif bölgələrdə azərbaycanlılara
qarşı kütləvi qətliamlar təşkil
edilmişdir. Burada vacib olan məqam isə məzarın
üzərində "ermənilər tərəfindən qətlə
yetirilmişdir" ifadəsinin xüsusi qeyd edilməsidir. Bu
informasiyalar özü-özlüyündə erməni vəhşiliyini
və mənfur düşmənin xalqımıza qarşı
törətdiyi cinayətləri sübut edən əyani
faktlardır.
1905-ci ildə
Rusiyada hakimiyyət əleyhinə üsyanların və
iğtişaşların baş verməsindən və
çarizmə qarşı narazılıq
dalğasının güclənməsindən istifadə edən
ermənilər Cənubi Qafqazın müxtəlif bölgələrində,
o cümlədən Bakı, Şuşa, Zəngəzur və
Azərbaycanın digər ərazilərində kütləvi
qırğınlar törətmişlər. 1905-ci il
fevralın 6-da Bakıda başlayan erməni-müsəlman
davası, may-iyun aylarında İrəvan, Naxçıvan,
Şuşa, Cəbrayıl və başqa bölgələri əhatə
edirdi. Daha dəqiq desək, ermənilər 1905-1906-cı illərdə
Cənubi Qafqazın 14 qəzasında - İrəvan,
Naxçıvan, Şərur-Dərələyəz,
Eçmiədzin, Aleksandropol, Sürməli, Şuşa,
Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax,
Ərəş, Borçalı qəzalarında və 8 şəhərində
- Bakı, İrəvan, Naxçıvan, Gümrü, Gəncə,
Şuşa, Qazax və Tiflis şəhərlərində
qırğınlar törətmişlər.
Şuşa
şəhərində ilk erməni daşnak
silahlılarının təcavüzünə məruz qalan
şəhərin küçələrinin
çıraqlarını yandıran Kərbəlayi Məhəmmədhüseyn
olmuşdur. Səhər tezdən küçələrin
çıraqlarını söndürərkən,
"Şahlıq" körpüsü yanında fənər
nərdivanından yerə düşərkən üç
erməni Kərbəlayi Məhəmmədhüseynə bir
neçə yerdən ölümcül zərbə
vurmuşlar. Kərbəlayi Məhəmmədhüseynin
ölümündən bir az sonra Şuşa Realnı Məktəbinin
təmirini edən on səkkiz iranlı fəhlənin
qaldıqları evin sahibi onları erməni
silahlılarına təhvil vermişdir. Müsəlmanlar
iranlı fəhlələrin cəsədlərini
çıxarıb gətirib Cıdır düzündə dəfn
etmişlər.
1905-ci il
avqustun 16-21-də Şuşada erməni
silahlılarının təcavüzü nəticəsində
müsəlman əhalisi müdafiə olunmaq üçün
silaha sarılmışdır. Avqust ayının 16-da erməni
daşnak silahlıları üç istiqamətdə
Şuşanın müsəlman əhalisi üzərinə
hücuma keçmişlər. Ermənilərin birinci dəstəsi
Yuxarı Xəlfəli qapısına, ikinci dəstəsi
meydana, üçüncü dəstəsi Köçərli
məhəlləsinə hücum etmişlər. Ermənilər
köçərli məhəlləsində on beşə qədər
müsəlman evini qarət edib yandırmışlar.
Şuşanın
türk-müsəlman əhalisi şəhərin strateji və
döyüş üçün əlverişli yerlərində
altı müdafiə və hücum səngəri qurmuşdu.
Döyüş başlayanda ermənilər məhkəmə
və duma divanxanasını yandırdılar. Avqust
ayının 17-də "Difai" partiyasının rəhbərliyi
altında yaxşı təşkil olunmuş müdafiə və
hücumdan sonra ermənilər xeyli itki verərək geri
çəkilməyə məcbur oldular.
Şuşa
müsəlmanlarına köməyə gələn şəhərətrafı
türk-müsəlman kəndlərinin silahlı dəstələri
Tiflis və Gəncə şəhərlərindən və
erməni kəndlərindən ermənilərə köməyə
gələn yüzlərlə erməni
silahlılarını məhv etmişlər. Avqust
ayının 19-da Şuşanın türk-müsəlman əhalisinin
özünümüdafiə dəstələri ermənilərin
qərargah və silah anbarı kimi istifadə etdikləri Xandəmirov
teatrına od vurmuşlar. Şuşada döyüş
üstünlüyünü saxlayan türk-müsəlman
silahlı dəstələri avqust ayının 21-nə kimi
erməni daşnak silahlı dəstələrini şəhərdən
qovub çıxarmağa nail olmuşlar. 1905-ci il avqust hadisələrində
Şuşa şəhərində yüzə kimi müsəlman
erməni silahlıları tərəfindən
öldürülmüş və iyirmiyə qədər
müsəlman evi yandırılmışdır.
Sonda qeyd edə
bilərik ki, bu xüsusda Azərbaycan tarixinin öyrənilməsi
və tarixi sərhədlərinin müəyyənləşdirilməsində
epiqrafik abidələr böyük əhəmiyyətə
malikdir. Bu nöqteyi-nəzərdən, epiqrafik abidələrin
tədqiqi və qəbirüstü abidələrdə əks
olunmuş epitafiyaların yeni reallıqlar kontekstində
oxunması müasir Azərbaycan elminin qarşısında
duran aktual problemlərdən biridir. Belə ki, epiqrafik abidələrdə
həkk olunmuş yazılar regionda yaşayan xalqların təşəkkülünün
həm ilkin mərhələlərini, həm də əhalinin
etnoqrafik, linqvistik və antropoloji xüsusiyyətlərinin
formalaşması proseslərinin, eləcə də xalqın
etnogenezinin, dini-milli dünyagörüşünün və əhali
arasında hakim olan ideoloji məsələlərin müəyyənləşdirilməsində
ən əlverişli vasitələrdən biridir.
Elnur
MUSTAFAYEV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Azərbaycan.-2024.-
12 may, № 98.- S.15.