Dövlət
və millət həyatının yeni erası
2024-cü il dünya
miqyasında 78 ölkədən
83 milli seçkilərin
keçirilməsi ilə
indiyə qədərki
dövrlərdən fərqləndiyini
göstərdi. Azərbaycan
da məhz bu qlobal tendensiyaları
nəzərə alaraq
dövlət və millət həyatını
yeni erada gördü.
Əslində, Vətən
müharibəsindən sonra
Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasət
bir ölkə və millət çərçivəsinə sığmırdı. Biz
bunu regionüstü xarakterdə qəbul etməliyik.
Qarabağ məsələsi
heç vaxt yalnız iki dövlət arasında konflikt xarakteri daşımayıb. İndiki
halda Qafqazlardan başlayan prosesin dünya çapında necə yayıldığını
gördük.
Vətən müharibəsi
qeyri-rəsmi, elan olunmamış bir seçkilər prosesi idi. Əgər xalq birinci şəxsə,
öz liderinə etibar etməsə, nə xalqın səfərbərliyi baş
verər, nə də savaş qazanılar. Yalnız silahlı qüvvələr
vasitəsilə hərbi
meydanlarda uğur qazanmaq olmur. Digər tərəfdən
nəzərə almalıyıq
ki, ötən illər ərzində Azərbaycan Ordusunun gücü, hərbi arsenalı təkmilləşdirilib.
Ona görə də son 4 ilə
yaxın zaman arealına təqvimimizin bizə faciələri unutduran, əcdadlarımızdan
miras qalan ağrıları ortadan qaldıran dövr kimi yanaşırıq. Necə ki, müsəlman
aləminin özünəməxsus
təqvimi var, bu da bizim
üçün uğur,
qələbə olmaqla
yanaşı, fərqli
siyasi eranın başlanğıcı idi.
Yalnız 44 günlük
savaş deyil, sorakı dövrdə Laçında nəzarət-buraxılış
məntəqəsinin açılması,
Laçın yolunda etirazçıların keçirdiyi
dinc aksiya, sonda Xankəndi üzərində suverenliyimizin
bərqərar olması
ilə Azərbaycan ilk dəfə konstitusion milli iradəsini gerçəkləşdirə
bildi.
Prezident seçkilərinin
müəyyən qədər
irəli çəkilməsi
bir tərəfdən
də bu bütövlüyümüzün diktəsi idi. 1991-ci ildə azadlığımıza
qovuşanda faktiki olaraq coğrafi tamlığı yaşamırdıq.
Bu, yalnız ərazi deyil, həm də mənəvi, siyasi məsələ idi. Ona görə də ölkə rəhbərinin bu çağırışı millətimiz tərəfindən
alqışla, anlayışla
qarşılandı. 7 fevral
prosesi özlüyündə
yalnız hansısa namizədlər arasında
siyasi mübarizənin
bir turu kimi görünmədi, həm də bütövlükdə bir
millət paradına çevrildi.
İnsanlar əvvəlki
dövrlərdə bəlkə
də müxtəlif səbəblərdən seçki
məntəqələrinə getməmişdisə, bu seçkilərdə hər
kəs öz iradəsini ifadə edəcəyini vurğulayırdı.
Bunun seçkidən daha üst məna
daşıdığı görünməkdə
idi.
Ötən 100 gün
ərzində Azərbaycan
həyatı da kifayət qədər dinamik və mühüm hadisələrlə
zəngin olub. Bir tərəfdən, Azərbaycan-Ermənistan müharibəsindən
sonrakı qalibiyyətimizi
delimitasiya və demarkasiyaya qədər daşımışıq. Eyni
zamanda Qarabağ coğrafiyasından xeyli uzaqda yerləşən 4 kəndin geri qaytarılması 100 günün
ən parlaq siyasi, mənəvi, hərbi, milli hadisəsidir. İkinci tərəfdən, ölkə
rəhbərinin ilk rəsmi səfərinin Türkiyəyə olması,
bu səfər çərçivəsində keçirilmiş qarşılıqlı
görüşlər Azərbaycanın
xarici siyasətində
yenə qardaş ölkənin və onun liderinin müstəsna yerinin olduğunu göstərdi.
Hər iki dövlət başçısının
regional proseslərdə
vahid mövqeyi artıq bizə qarşı müxtəlif
planlarını, təzyiqlərini
yönəltməyə çalışan
dairələrin də
maraqlarına zərbə
vurdu. Üçüncüsü,
ölkəmiz bu müddətdə mühüm
tədbirlərə evsahibliyi
edib. Bu zaman ərzində Rusiya sülhməramlılarının
Qarabağı dinc formada tərk etməsi gerçəkləşib.
Tarixdə bunun bənzəri yoxdur. Hesab edirəm ki, İlham Əliyevin siyasi sərkərdəliyi yalnız
Azərbaycan xalqı üçün deyil, Qafqaz və subregion üçün də məna daşıyır.
Azərbaycanın Fransa
və digər dövlətlərin timsalında
təsirlərinə, təzyiqlərinə
cavab verməsi də 100 günün - yeni dövrün xüsusi mərhələsi
kimi xarakterizə oluna bilər. Bundan başqa, bu il COP29 kimi
mühüm tədbirə
evsahibliyi edəcəyik.
Bu, indiyə qədərki heç bir tədbirlə müqayisə oluna bilməz. O mənada ki, iqtisadiyyatımız, ekologiya, alternativ enerji sektoru, biznes strukturlarının xaricə açılması
baxımından misli görünməmiş hadisədir,
fürsətdir. Əminəm
ki, dövlətimiz, xalqımız bunu yüksək dəyərləndirəcək.
Bir sözlə,
dövlət başçısının
siyasi qərarları,
addımları kifayət
qədər dinamik və çevikdir. 10 may tarixində Prezidentin azad olunmuş torpaqlara növbəti sistemli səfəri artıq o
məkanın həm də siyasi paytaxt olması kimi dəyərləndirilir.
Bütün dövlət
rəhbərlərinin ölkəmizə
gəlişində dövlət
başçımızla həmin
ərazilərə səfəri
İlham Əliyev protokoludur. Bu yalnız dövlət siyasəti, hansısa xarici ölkə rəhbərinə
görə uyğunlaşdırılmış
hadisə deyil, Azərbaycan dövlətinin
və onun rəhbərinin iradəsidir.
Müqəddəs məkan
olan Şuşaya ilk köçənlərin
qayıdışını qeyd etmək, onlara xeyir-dua vermək, tariximizi bir daha göz
önünə gətirmək,
gələcəklə bağlı
çağırışlar etmək, ayrı-ayrı dövlətlərin hücumunun
siyasi informativ baxımdan qarşısını
almaq, o cümlədən
yeni açılışlar,
təməlqoyma mərasimləri
Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
"Xarıbülbül" festivalı, mədəni diplomatiyamızın ən
ayrılmaz hissəsinə
çevrilən addımların
atılması bir daha göstərir ki, İlham Əliyevin liderliyi Azərbaycan xalqının
qızıl dövrüdür.
Ölkə rəhbərinin
bütün hakimiyyət
orqanları qarşısında
qoyduğu əsas tələb vətəndaş
maraqlarının təmin
olunmasıdır. Yəni
hərbi meydandakı zəfərimizi sosial, təhsil, səhiyyə və digər bütün sahələrə
daşımaq lazımdır.
Prezidentin baxışları,
kursu, tələbləri,
seçdiyi yol xəritəsi, strategiya bundan ibarətdir. Azərbaycan xalqı öz liderinin rəhbərliyi altında
bundan sonra da böyük qələbələrə nail
olacaq. Biz zəfər ölkəsi,
zəfər xalqıyıq.
Bu Zirvə hərəkatı daha da irəliyə gedəcək.
Zahid ORUC,
Milli Məclisin
İnsan hüquqları
komitəsinin sədri,
Sosial Tədqiqatlar Mərkəzi İdarə
Heyətinin sədri
Azərbaycan.-2024.-
24 may, № 108.- S.8.