Bu gün İlham Əliyevin yeni müddətə prezidentlik səlahiyyətlərinə
başlamasının 100-cü günü tamam olur.
100 gün dövlət
başçısının özünü təsdiq etməsi baxımından,
əslində, çox
qısa müddətdir.
Lakin Prezident İlham Əliyevin fəaliyyətinin ötən
100 günü Azərbaycanın
tarixində olduqca möhtəşəm hadisələrlə
əlamətdardır.
Xüsusən Vətən
müharibəsindəki zəfərimiz
və ərazi bütövlüyümüzün bərpa olunması ilə əlaqəli olan mühüm hadisələrin ötən
100 günə təsadüf
etməsi cənab İlham Əliyevin prezident kimi yeni səlahiyyət dövrünün milli maraqlarımızın təmin
olunması baxımından
hər birimizdə fərəh doğuran hadisələrlə başlandığını
göstərir. Bütün
bunlar isə Prezident
İlham Əliyevin
fəaliyyətinin qiymətləndirilməsi
baxımından vacib amillərdir.
Öncə onu
qeyd edim ki, bu il
fevral ayının 7-də
ölkəmizdə keçirilən
növbədənkənar prezident
seçkiləri həm
də buna qədər Azərbaycanda
keçirilmiş bütün
seçkilərdən xüsusi
bir özünəməxsusluğu
ilə fərqlənirdi.
İlk növbədə
ona görə ki, bu seçki
respublikamızın müasir
müstəqilliyi dövründə
ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün
bərpa edildiyi bir şəraitdə keçirilən ümumxalq
səsverməsi idi. Azərbaycanın müstəqilliyi
dövründə ilk
dəfə olaraq Xankəndidə, Şuşada
keçirilən növbədənkənar
prezident seçkiləri
tarixə düşdü.
Qarabağ və Şərqi Zəngəzurda
yaradılmış seçki
məntəqələrində isə seçicilərin
100 faizi bu ərazilərin azad olunmasının müəllifi
olan İlham Əliyevə səs verdilər. Ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs
verən cənab İlham Əliyevin seçki qutusuna atdığı bülleten
isə, özünün
dediyi kimi, erməni separatçılarının
tabutuna vurulan son mismar idi.
Cənab İlham
Əliyevin prezident seçkilərindəki qalibiyyətinin
təməlində Azərbaycanın
2003-2023-cü illər ərzində
bütün hədəflərinə
çatması və
strateji məqsədlərə
tam nail olunması kimi ciddi amillər dayanır. Ölkə vətəndaşları bu
seçkidə Azərbaycanı
tarixinin ən qüdrətli dövlətinə
çevirən alternativsiz
siyasi kursun ətrafında bir daha səfərbər olaraq, indiyədək əldə edilmiş nailiyyətlərin qədəm
qoyduğumuz yeni inkişaf mərhələsində
də davam etdirilməsinə səs verdilər. Ən əsası, İlham Əliyevi yenidən özünə prezident seçməklə xalqımız
həm də növbəti uğurlarına
etibarlı təminat aldı.
Fevral ayının
14-də Milli Məclisdə
keçirilən andiçmə
mərasimində Prezident
İlham Əliyev Azərbaycanın yeni dövr üzrə prioritetlərini bəyan etdi. Dövlət başçısı qarşıda
dayanan əsas milli vəzifələrə
nəzər yetirməklə,
respublikamızın təhlükəsizliyinin
və müdafiə imkanlarının daha da möhkəmləndirilməsi,
işğaldan azad olunmuş ərazilərin
bərpası və yenidən qurulması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, texnoloji yeniliklərə diqqət
yetirilməsi, milli-mənəvi
dəyərlərə sadiq
gənc nəslin yetişdirilməsi, azərbaycançılıq
məfkurəsinin gücləndirilməsi
və digər ümdə vəzifələrdən
danışdı, xarici
siyasət istiqamətində
yeni üfüqlərin
açılması zərurətini
vurğuladı.
Bu vəzifələrin
hamısının Azərbaycanın
daha güclü dövlətə çevrilməsinə,
xalqımızın sosial
rifahının daha da gücləndirilməsinə
hesablandığını söylədi.
Beləliklə, Azərbaycanın
tarixinin ən qüdrətli dövlətinə
çevrilməsi, torpaqlarımızın
işğaldan azad olunması və Qarabağda erməni separatizminə son qoyulması ilə xalqımızın ən
böyük arzularının
ifadəsi olan tarixi bir missiya
layiqincə başa çatdırıldı. Növbədənkənar
prezident seçkiləri
isə Azərbaycanda yeni tarixi mərhələnin
başlanğıcı oldu.
Cənab İlham Əliyevin prezident kimi səlahiyyətlərinə
başlamasından sonra
ötən dövrün
reallıqları göstərir
ki, Azərbaycan yeni dövrə yeni qələbələrlə
daxil olur.
Qarabağ və
Şərqi Zəngəzurun
bərpası, keçmiş
məcburi köçkünlərin
doğma yurdlarına qayıdışı kimi
milli vəzifələr
İlham Əliyevin növbəti prezidentlik müddətinin əsas hədəfləridir. Təsadüfi
deyil ki, məcburi köçkünlərin
doğma yurd-yuvalarına,
o cümlədən ilk
dəfə olaraq Şuşaya və Laçının Sus kəndinə qayıdışı,
yeni kəndlərin və infrastrukturların təməlinin qoyulması
Prezident İlham Əliyevin fəaliyyətinin
ötən 100 gününün
əsas diqqətçəkən
məqamlarından biridir.
Bu da ondan
xəbər verir ki, qarşıdakı dövrdə də Qarabağ və Şərqi Zəngəzurda
bərpa və quruculuq, Böyük qayıdış proqramı
sürətlə davam
etdiriləcək.
Cənab İlham
Əliyevin növbəti
prezidentlik müddətinin
ilk 100 gününün
əsas hadisələrindən
biri də Rusiya sülhməramlı
kontingentinin Azərbaycanı
tərk etməsi oldu. Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata
əsasən, bir vaxtlar separatçıların
mövcud olduğu ərazilərimizdə Rusiyanın
sülhməramlıları yerləşdirilmişdi. Lakin
2023-cü ilin sentyabr ayında Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı
ilə Qarabağ iqtisadi rayonu ərazisində Azərbaycanın
milli suverenliyi təmin olunduqdan sonra yeni reallıqlar
yaranmışdı. İlham
Əlliyevin müəllifi
olduğu bu reallıqların nəticəsi
olaraq Rusiya sülhməramlıları ölkəmizi
tərk etdi. Prezident İlham Əliyevin nüfuzlu və qətiyyətli siyasi lider olması,
ölkəmizin milli mənafelərini hər zaman qətiyyətlə təmin etməsi, Azərbaycanın isə tam müstəqil siyasət həyata keçirməsi Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsinin fonunda özünün növbəti
təsdiqini tapan həqiqətlər oldu. Eyni zamanda bu
həqiqətlər rus
sülhməramlılarının Azərbaycanı tərk etməyəcəyini iddia
edən bütün antiazərbaycançı ünsürlərin
arzularını ürəklərində
qoydu.
Prezident İlham
Əliyevin andiçmədən
sonra ötən 100 günlük fəaliyyətinin
digər tarixi uğurları Azərbaycanla
Ermənistan arasında
sərhədlərin delimitasiyası
prosesinin başlanması
və Qazax rayonunun işğal altındakı Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı
kəndlərinin azad edilməsidir. Bu diplomatik uğurların hər biri Vətən
müharibəsinin başa
çatmasından və
ərazilərimizdə erməni
separatizminə son qoyulmasından sonra Azərbaycanın növbəti
qələbəsinə və
cənab İlham Əliyevin yeni müddətə prezidentlik
səlahiyyətinin əsas
hadisələrinə çevrildi.
Bununla həm də Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı Qərb siyasi dairələrinin neçə
müddətdir ki, ölkəmizə qarşı
apardığı qarayaxma
kampaniyasını İlham
Əliyev darmadağın
etdi. Göründüyü
kimi, Qərb siyasi mərkəzləri nə qədər uzaq olsalar, Cənubi
Qafqazda sülh və əmin-amanlıq o qədər tez bərqərar olacaq.
Prezident İlham
Əliyevin andiçməsindən
ötən 100 günün
reallıqları göstərir
ki, xalqımızın
və dövlətimizin
həyatında yeni və parlaq dövr başlayıb. Bu dövrdə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olur, dövlətimizin maraqlarına
əsaslanan və güclü ideoloji təməli olan siyasi kurs ardıcıl
və qətiyyətli
şəkildə davam
etdirilir və bütün milli vəzifələr layiqincə
yerinə yetirilir. İnamla deyə bilərik ki, ötən 20 ildə formalaşmış zəngin
dövlətçilik təcrübəsinin,
xüsusən ərazi
bütövlüyümüzün bərpası və Qarabağda erməni separatizminə son qoyulması kimi tarixi nailiyyətlərimizin
fonunda yeni mərhələdə qarşımızda
dayanan hədəflərə
çatmağımız üçün
heç bir maneə yoxdur.
Cəbi QULİYEV,
Milli Məclisin deputatı
Azərbaycan.-2024.-
24 may, № 108.- S.9.