Yeni
tarixi mərhələnin
başlanğıcı
Bu il fevralın 7-də keçirilən
prezident seçkilərində
Azərbaycan xalqı yekdilliklə cənab İlham Əliyevi dəstəklədi. Bu, seçkilərdən daha
çox xalqın öz liderinə minnətdarlığını ifadə etmə imkanı kimi qiymətləndirilə bilər.
Azərbaycan xalqı
torpaqlarımızın erməni
işğalından azad
olunacağı günü
həsrətlə gözləyirdi.
2020-ci ilin sentyabr-noyabrında
Azərbaycan Ordusu Ali Baş Komandan,
Prezident İlham Əliyevin rəhbərliyi
altında torpaqlarımızı
44 gün ərzində
erməni işğalından
azad etdi. Azərbaycan dövlətinin
ərazi bütövlüyünü
təmin etməsi istiqamətində çoxvektorlu
addımları haqqında
aydın təsəvvürlər
mövcud idi. 2020-ci ilə qədər Prezident dünyanın ən mötəbər tribunalarından çağırış
edirdi ki, Ermənistana təzyiqlər
olunsun və o, Azərbaycan torpaqlarından
geri çəkilsin. Lakin gözlədiyimiz nəticəni görmürdük.
Belə olan halda hərbi yolla ərazilərimizi işğaldan azad etdik. Bununla İlham Əliyev həm də Azərbaycan dövlətini,
xalqını qalib kimi dünyaya tanıtdı. Dünya gördü ki, Azərbaycan dövlətinin
hərbi gücü ölkənin ərazi bütövlüyünü bərpa
etməyə imkan verir. Buna baxmayaraq,
biz uzun illər keçmiş münaqişənin dinc yolla aradan qaldırılmasına
çalışırdıq. Çünki biz sülhsevər xalqıq, regionda təhlükəsizlik
məsələsinə hər
zaman həssas yanaşmışıq.
Azərbaycan dövləti
olduqca güclü, eyni zamanda sülh
tərəfdarı olan
bir ölkədir. Bunu İlham Əliyev dünyaya bir daha göstərdi.
Azərbaycan xalqı qısa zaman kəsiyində bütün
tarixinin ən böyük uğurlarını
qazandı və bu uğurları bizə Prezident İlham Əliyevin olduqca unikal strateji baxışları,
dəqiqliklə ölçülmüş
addımları yaşatdı.
Bu baxımdan prezident seçkiləri bizim yeni reallıqlarımızın
sifarişi idi. Biz bir mərhələni,
Prezidentin də qeyd etdiyi kimi,
uğurla başa vurduq. Tarixi inkişafımızın yeni
mərhələsinə başladıq
və bu mərhələdə də
qarşımıza yeni
inkişaf hədəfləri
qoyduq. Sözsüz ki, hədəfləri müəyyənləşdirmək mümkündür, amma bu hədəflərə çatmaq üçün
resurslar tələb olunur. Odur ki,
əvvəlki mərhələlərdə
gələcək məqsədlərimizə
çatdıracaq real
resurslar potensialını
formalaşdırmışdıq.
Prezident yeni mərhələ üçün
bütün zəruri
şərtləri artıq
təmin edib. Ona görə də prezident seçkilərindən ötən
zaman ərzində məqsədlərimizə doğru
sürətlə irəliləyirik.
Bu məqsədlərdən
ən əsası işğaldan azad olunmuş ərazilərimizin
yenidən qurulması
və həmin ərazilərdə keyfiyyətli
məskunlaşmanın həyata
keçirilməsidir. Həmin
istiqamətdə olduqca
sistemli, ardıcıl
addımlar atılır,
ərazilərimizin siması
günbəgün dəyişir.
Ölkə rəhbərinin
vurğuladığı kimi,
azad etdiyimiz ərazilərimizi sürətlə
və keyfiyyətlə
dünyanın ən cazibədar bölgələrindən
birinə çevirməkdəyik.
İstər nəqliyyat
kommunikasiya infrastrukturu
olsun, istərsə də ümumi təhlükəsizliyin etibarlı
təmin edilməsi, istər əhalinin yerləşdirilməsi və
məşğulluğun təmin
olunması olsun, istərsə də regionun təbii potensialından istifadə
- bütün istiqamətlərdə
kompleks addımlar atılır, tədbirlər
görülür.
Cənab İlham
Əliyevin Prezident kimi səlahiyyətlərinin
icrasına başlamasından
ötən 100 gün
ərzində gördüyü
böyük və gələcəyimiz üçün
əhəmiyyət kəsb
edən işlər göz önündədir.
Soydaşlarımızın işğaldan azad olunan ərazilərə sistemli şəkildə köçürülməsi davam
edir. Azərbaycanın
beynəlxalq münasibətlər
sistemində yeri və rolu daha
da möhkəmlənir.
Ötən 100 gün
ərzində müxtəlif
istiqamətlərdə beynəlxalq əməkdaşlığın
genişləndirilməsi üçün
təsirli addımlar atılıb. Prezident müxtəlif xarici səfərlərdə olub.
Hər zaman görmüşük ki, Azərbaycan Prezidentinə
çox böyük ehtiram var, ölkəmizlə
əməkdaşlıq etmək
istəyən dövlətlər
çoxdur. Azərbaycana
müxtəlif ölkə
rəhbərlərinin səfərləri
baş tutur və bir qayda
olaraq işğaldan azad olunmuş ərazilərimizə yüksək
rütbəli xarici qonaqlar səfər edirlər. Onlar həmin ərazilərdə
bərpa-quruculuq işləri
ilə tanış olur və öz
heyranlıqlarını gizlətmirlər.
Ötən 100 gün
ərzində hər bir Azərbaycan vətəndaşı növbəti
dəfə əmin oldu ki, olduqca
düzgün seçim
edib. Tarixi inkişafımızın yeni
mərhələsində daha
böyük hədəflər
bizi gözləyir. Prezidentin müxtəlif istiqamətlərdə atdığı
addımlar isə gələcək böyük
uğurlarımızdan soraq
verir.
Elşad
MİRBƏŞİROĞLU,
Milli Məclisin
deputatı
Azərbaycan.-2024.-
24 may, № 108.- S.10.