Yeni
ACE neft platforması hasilata başladı
Bu il aprelin 16-da
"Azəri-Çıraq-Günəşli" (AÇG)
yataqlar blokunun ərazisində quraşdırılmış
yeni platformadan ilk neft əldə edildi. Bu hadisə AÇG
sazişinin 2050-ci ilin əvvəlinədək
uzadılmasını təcəssüm etdirən "Azəri
Mərkəzi Şərqi"(ACE) layihəsi çərçivəsində
baş verdi.
Başqa sözlə,
bu, "Əsrin müqaviləsi"nin ömrünün
uzanması deməkdir. "Əsrin müqaviləsi" Ulu
Öndər Heydər Əliyevin yeni neft strategiyasının təməli,
başlanğıcı idi. Bu qlobal saziş çərçivəsində
yeni-yeni uğurların qazanılması isə Prezident
İlham Əliyevin enerji strategiyasının bəhrəsidir.
O cümlədən "Yeni əsrin müqaviləsi"
adlandırılan ACE layihəsinin reallaşması da.
Yeni saziş
2017-ci ilin sentyabrında imzalanmışdı və həmin
vaxtdan aparılan işlər keçən ilin sonunda ACE
platformasından ilk quyunun qazılması ilə davam etdi. Hasilatın isə
bu ilin ilk aylarında əldə olunacağı
proqnozlaşdırılırdı.
Fevralın 7-də
Azərbaycan xalqı İlham Əliyevi yenidən yekdilliklə
özünə rəhbər seçdi. Müdrik Prezidentimizin
göstərdiyi yol aydın, strategiyası uzaqgörən,
xeyir-duası ilə başlanan hər bir iş
uğurludur. ACE layihəsinin
müvəffəqiyyətlə işlənməsi və
eyniadlı platformanın istismara daxil olması İlham
Əliyevin düzgün enerji siyasətinin nəticəsində gerçəkləşdi.
ACE-dən ilk
neft hasil olundu və həmin hadisə Prezident seçkilərindən
ötən 100 günün daxilində baş verdi. Bu, nə təsadüf
idi, nə də ilk neftin alınması üçün dəqiq
bir vaxt təyin edilmişdi. Bu, bir qanunauyğunluqdur,
görülən böyük işlərin xoş bir zamanda
inikasıdır. Bəlkə də təbiətin çəkilən
zəhmətlərə görə məhz bu məqamda ürəkaçan
bir mükafatıdır.
ACE texnoloji və
rəqəmsal baxımdan AÇG layihəsinin əməliyyatçısı
olan BP-nin dünyada ən qabaqcıl, həmçinin qurudan
idarə etdiyi ilk platformadır. O, nəhəng "Azəri-Çıraq-Günəşli"
yataqlarında quraşdırılmış hasilat
platformaları sırasında yeddincidir. AÇG-dən ilk
hasilat 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək
yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. Yeni ACE
platforması və qurğuları gündəlik 100 min barelədək
neft hasilatı gücündə layihələndirilib. Layihənin
istismar müddəti ərzində ümumilikdə 300 milyon
barelədək neft hasil ediləcəyi
proqnozlaşdırılır. 2024-cü il ərzində
platformadan daha iki quyunun qazılıb istismara verilməsi
planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən
artaraq ilin sonuna gündə təxminən 24 min barelə
çatacağı gözlənilir.
Bundan əlavə,
Xəzər dənizində BP-nin əməliyyatçısı
olduğu "Şahdəniz" qaz yatağında daha iki
platforma istismardadır. Yeri gəlmişkən: "Şahdəniz"i haqlı olaraq
İlham Əliyevin enerji siyasətinin şah əsəri
adlandırırlar. 1997-2001-ci illərdə "Şahdəniz"
strukturunda qazılmış kəşfiyyat və qiymətləndirmə
quyuları onun dünya səviyyəli qaz-kondensat
yatağı olduğunu təsdiq edib. Bu, həmin dövr idi
ki, İlham Əliyev SOCAR-da çalışırdı.
(1994-2003-cü illərdə şirkətin əvvəlcə
vitse-prezidenti, sonra birinci vitse-prezidenti vəzifəsində
işləyirdi). Prezidentimizin həmin vəzifələrdə
işləyərkən "Şahdəniz"in kəşf
edilməsində və işlənilməsində
böyük rolu olub.
Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmiz son 21 ildə enerji sahəsində
də bir sıra qlobal və strateji layihələr
reallaşdırıb. Elə bir layihələr ki, onlar
Avropanın enerji xəritəsini dəyişdirib. Azərbaycan artıq
dünyada qaz ixracatçısı kimi də
tanınır. "Şahdəniz"dən
çıxarılan mavi yanacaq 2006-cı ilin sonundan Cənubi
Qafqaz Boru Kəməri ilə Gürcüstana, 2007-ci ilin
ortalarından isə Bakı-Tbilisi-Ərzurum kəməri ilə
Türkiyəyə ixrac edilir. 2018-ci ildə Azərbaycanın
təşəbbüsü və liderliyi ilə çəkilən
"Cənub qaz dəhlizi"nın rəsmi
açılışı oldu. Bu gün Azərbaycan
Avropanın qaz təchizatında mühüm rol oynayır. Belə
ki, ölkəmiz qoca qitənin enerji təminatında strateji və
etibarlı tərəfdaşa çevrilib. İndi Azərbaycan
Gürcüstan və
Türkiyədən başqa 6 Avropa ölkəsinə
- Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Serbiya və
Macarıstana qaz ixrac edir və
bu, son hədd deyil.
Prezident İlham
Əliyev ötən illər ərzində mükəmməl
beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq
platforması yaradıb. İndi ölkəmiz qlobal enerji
keçidi çağırışlarına uyğun olaraq,
xarici investorlarla əməkdaşlıq çərçivəsində
bərpaolunan enerji mənbələrinin səmərəli
istehsalını təşkil edir.
Dövlətimizin
başçısı işğaldan azad olunmuş ərazilərimizi
və Naxçıvan Muxtar Respublikasını
"yaşıl enerji" zonası elan edib. Ölkənin ayrı-ayrı yerlərində
artıq bir sıra layihələr uğurla icra olunub, bir çoxu gerçəkləşməsinin
müxtəlif mərhələlərindədir.
"Yaşıl enerji"nin də dünya bazarlarına
çıxışı hazırda Azərbaycanın enerji
siyasətinin prioritetlərindəndir.
2024-cü il
ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik
ili" elan edilib. COP29-a evsahibliyi etməyimizin kökü də
İlham Əliyevin bünövrəsi möhkəm olan, gələcəyi
isə daha da şaxələnmiş olacaq enerji
strategiyasından qaynaqlanır.
"COP29-a
evsahibliyi edəcək ölkə kimi yekdil qərarla
seçilmək bizim üçün həqiqətən
böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin
Azərbaycana və gördüyümüz işlərə,
o cümlədən "yaşıl enerji" sahəsindəki
fəaliyyətimizə hörmətinin əlaməti hesab
edirik. Nəhayət, bu, böyük məsuliyyətdir,
çünki biz nəinki yaxşı tədbir təşkil
etməli, o cümlədən yaxşı nəticələrə
nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın
müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri
və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin
ölkələri arasında körpülər salmaq və ya
onları gücləndirmək, eləcə də onların həmrəyliyini
möhkəmləndirmək imkanını yaradacaq" deyib
Prezident İlham Əliyev. Dediyi isə,
həmişəki kimi,
yenə də olacaq!
Flora SADIQLI,
Azərbaycan.-
2024.- 24 may, ¹ 108.- S.14.