2023-cü ildə
Azərbaycanda makroiqtisadi
sabitlik təmin edilib
Mayın 23-də Milli
Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda
"Azərbaycan Respublikasının
2023-cü il dövlət
büdcəsinin icrası
haqqında" qanun layihəsi (birinci oxunuş) müzakirəyə
çıxarılıb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən
bildirilib ki, iclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
sədri Tahir Mirkişili deyib ki, 2023-cü il əldə edilən tarixi uğurlarla yadda qalıb. Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirlərdə
Ümummilli Liderin xatirəsi dərin ehtiramla yad edilib.
Ötən il Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini tam bərpa edib. Qeyd edilib ki,
qazanılan qələbələrin
təmin olunmasında
iqtisadi və maliyyə çevikliyi müstəsna rol oynayıb.
Tahir Mirkişili
diqqətə çatdırıb
ki, 2023-cü ildə Azərbaycanda dövlət
büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş
olub, iqtisadiyyatda artım izlənilib və bu, tamamilə
qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 123 milyard
manat təşkil edib. Adambaşına
ÜDM real ifadədə
0,5 faiz artaraq 12,1 min manat olub.
Qeyri-neft-qaz sektoru üzrə real artım tempi 3,7 faiz, neft-qaz sektoru üzrə real artım tempi 1,7 faiz müşahidə olunub. Neftin qiyməti 2023-cü ilin büdcə zərfində 60 dollardan götürülsə də,
"Azerilight" neftinin
bir barelinin orta illik qiyməti
86,1 dollar olub. Əhalinin nominal gəlirləri
12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib. Hesabat ilində
ixrac 27,6 milyard dollar, idxal 17,3 milyard dollar, müsbət saldo
10,3 milyard dollar olub. Məcmu valyuta ehtiyatları 17,1 faiz artaraq
68,5 milyard dollara çatıb.
Komitə sədri
qeyd edib ki, 2023-cü il
üçün dövlət büdcəsinin gəlirləri
35236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4,0
faiz çox, dövlət büdcəsinin xərcləri
36457,9 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,5
faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri
1221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə
55,3 faiz az olub. Hesablama Palatası tərəfindən dövlət
büdcəsi gəlirlərnin 97,8 faizini, xərclərinin isə
85,5 faizini əhatə edən vəsaitlərin qurumlar tərəfindən
təqdim edilən hesabatlarla üzləşməsi
aparılıb. İşğaldan azad edilmiş ərazilər
üçün ayrılan 4,8 milyard manat vəsait tam icra
edilib.
Sonra maliyyə
naziri Samir Şərifov Azərbaycan Respublikasının
2023-cü il dövlət büdcəsinin icrasına dair illik
hesabatı təqdim edib.
Nazir bildirib ki,
2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik və fiskal
dayanıqlıq təmin edilib, hökumət və Mərkəzi
Bank tərəfindən atılan addımlar inflyasiyanın
birrəqəmli səviyyəyə enməsini şərtləndirib.
2023-cü il ərzində iqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft-qaz məhsullarının ixracının genişləndirilməsi
və biznes mühitinin yaxşılaşdırılması
istiqamətində tədbirlər davam etdirilib. Ötən il
ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri
olan işğaldan azad olunmuş ərazilərin bərpası
və yenidən qurulması, Böyük
qayıdışın təşkili istiqamətində
işlərin sürətlə davam etdirilməsi, dövlətin
milli təhlükəsizliyinin və müdafiəsinin möhkəmləndirilməsi,
təhsil, səhiyyə, mədəniyyət, idman, infrastruktur
layihələrinin reallaşması, əhalinin aztəminatlı
təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi,
kənd təsərrüfatının
stimullaşdırılması, dövlət borcuna xidmət
edilməsi, beynəlxalq təşkilatlara üzvlük
haqqının ödənilməsi və digər zəruri
dövlət vəzifələrinin icrası üçün
tələb olunan məbləğdə maliyyə təminatı
yaradılaraq bu tədbirlərin həyata keçirilməsi təmin
edilib.
Dövlət
büdcəsinin icrasına dair məlumatda nəzərə
çatdırılıb ki, 2023-cü ildə büdcə
qaydasının əsas göstəriciləri hədəflənən
yuxarı hədləri çərçivəsində olub,
icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə
nisbət göstəricisi 22,5 faiz olub. Dövlət borcunun
ÜDM-ə nisbəti isə 21,8 faiz və ya ortamüddətli
dövr üçün müəyyən edilmiş hədəf
göstəricisindən 8,2 faiz-bəndi aşağı olub.
Ümumilikdə büdcə qaydası fiskal
dayanıqlığın və maliyyə intizamının
gücləndirilməsinə töhfə verməklə
yanaşı, Dövlət Neft Fondunun aktivlərinin hədəflənən
səviyyələrdə qorunmasına da imkan yaradıb.
Bildirilib ki,
2023-cü il dövlət büdcəsinin gəlirləri
33890,5 milyon manat proqnoza qarşı 35236,4 milyon manat və ya
1345,9 milyon manat, 2022-ci illə müqayisədə isə
4556,8 milyon manat və ya 14,9 faiz çox icra olunub. Dövlət
büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi
çəkisi 28,6 faiz təşkil edib ki, bu da 2022-ci illə
müqayisədə 5,7 faiz-bənd çoxdur. Dövlət
büdcəsinin gəlirlərinin 16126,7 milyon manatı və
ya 45,8 faizi vergi orqanlarının xətti ilə, 6337,8 milyon
manatı və ya 18,0 faizi gömrük orqanlarının xətti
ilə daxilolmaların, 11737,6 milyon manatı və ya 33,3 faizi
Dövlət Neft Fondundan dövlət büdcəsinə
transfertin, 1034,3 milyon manatı və ya 2,9 faizi digər gəlirlər
üzrə daxilolmaların payına düşür.
Ötən il gəlirlərin
tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 17080,0
milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə
1129,2 milyon manat və ya 7,1 faiz, 2022-ci illə müqayisədə
isə 1730,0 milyon manat və ya 11,3 faiz çoxdur.
2023-cü il
dövlət büdcəsinin 36624,8 milyon manat məbləğində
təsdiq olunmuş xərcləri 99,5 faiz və ya 36457,9 milyon
manat məbləğində icra olunub ki, bu da 2022-ci illə
müqayisədə 4393,3 milyon manat və ya 13,7 faiz
çoxdur. Hesabat ilində dövlət büdcəsi xərclərinin
ÜDM-də xüsusi çəkisi 29,6 faiz təşkil edib
ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz-bənd
çoxdur. Son 5 ildə, yəni 2019-cu illə müqayisədə
2023-cü ildə dövlət büdcəsinin xərcləri
12032,0 milyon manat və ya 49,3 faiz artıb. İqtisadi təsnifata
uyğun olaraq dövlət büdcəsinin xərcləri
üzrə qeyri-maliyyə aktivlərinin alınmasına
(işğaldan azad olunmuş ərazilərin yenidən
qurulması və bərpası, dövlət əsaslı vəsait
qoyuluşu xərcləri, sosial, mədəni və məişət
təyinatlı obyektlərinin əsaslı təmiri və s.)
12688,6 milyon manat, əməyin ödənişinə 8130,1
milyon manat, malların satın alınmasına 7472,7 milyon
manat, sosial ödənişlərə 4396,4 milyon manat,
subsidiyalara 1461,5 milyon manat, faizlər üzrə ödənişlərə
868,0 milyon manat, maliyyə aktivləri
üzrə əməliyyatlara 687,1 milyon manat, öhdəliklər
üzrə əməliyyatlara 313,6 milyon manat vəsait sərf
edilib.
2023-cü ildə
dövlət əsaslı vəsait qoyuluşu xərclərindən
ayrılmış 338,9 milyon manat məbləğində vəsait
də nəzərə alınmaqla elm, təhsil, səhiyyə,
sosial müdafiə və sosial təminat, mədəniyyət,
incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər
siyasəti və bu qəbildən olan digər fəaliyyət
xərclərinə dövlət büdcəsi xərclərinin
30,5 faizi həcmində və ya 11124,2 milyon manat məbləğində
vəsait sərf olunub ki, bu da 2022-ci illə müqayisədə
1499,0 milyon manat və ya 15,6 faiz çoxdur.
Diqqətə
çatdırılıb ki, ölkənin müdafiə
potensialının gücləndirilməsi və silahlı
qüvvələrin maddi-texniki təminatının daha da
yaxşılaşdırılması məqsədilə
dövlət büdcəsində nəzərdə tutulmuş
dövlət əsaslı vəsait qoyuluşu xərclərindən,
ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən
ayrılmış 1392,1 milyon manat məbləğində vəsait
də nəzərə alınmaqla, 2023-cü ildə
müdafiə və milli təhlükəsizlik sahəsinə
dövlət büdcəsi xərclərinin 19,9 faizi həcmində
və ya 7246,9 milyon manat məbləğində vəsait
yönəldilib ki, bu da 2022-ci illə müqayisədə
1560,5 milyon manat və ya 27,4 faiz çoxdur.
Kənd təsərrüfatı,
mənzil və kommunal təsərrüfatı və ətraf
mühitin mühafizəsi xərclərinə aidiyyəti
sifarişçi təşkilatların xərc sifarişlərinə
uyğun olaraq bütövlükdə dövlət büdcəsi
xərclərinin 4,5 faizi həcmində və ya 1638,6 milyon
manat məbləğində vəsait ayrılıb.
2023-cü ildə
iqtisadi fəaliyyətlə bağlı xərclər
üçün dövlət büdcəsindən
ayrılmış 9325,5 milyon manat məbləğində vəsaitin
aidiyyəti sifarişçi təşkilatların xərc
sifarişlərinə uyğun olaraq 9320,3 milyon manatı və
ya 99,9 faizi istifadə olunub. Hesabat ilində iqtisadi fəaliyyətlə
bağlı xərclər ÜDM-in 7,6 faizini, dövlət
büdcəsi xərclərinin isə 25,6 faizini təşkil
edib.
İşğaldan
azad olunmuş ərazilərin yenidən qurulması və bərpası
üçün 2023-cü ilin dövlət büdcəsindən
cəm olaraq 5581,6 milyon manat vəsait ayrılıb. Bu vəsaitin
4800,0 milyon manatı və ya 86,0 faizi işğaldan azad
olunmuş ərazilərin yenidən qurulması və bərpası
ilə bağlı nəzərdə tutulmuş məqsədli
xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondunun, 138,9 milyon manatı və
ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5
milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin, 464,8 milyon manatı və ya 8,3
faizi dövlət büdcəsində nəzərdə
tutulmuş məqsədli xərclər hesabına
ayrılmış vəsaitlərin payına düşür.
Beynəlxalq
münasibətlər, o cümlədən beynəlxalq və
regional təşkilatlara üzvlük haqqı və maliyyə
institutlarının səhm kapitalında iştirak, Azərbaycanın
xaricdəki diplomatik nümayəndəliklərinin və
konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət
və bu qəbildən olan digər tədbirlər, beynəlxalq,
ölkə səviyyəli və bu qəbildən olan digər
tədbirlər, Azərbaycanın xaricdəki diplomatik
nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti
ilə bağlı digər xərclər, xarici yardımlar,
Azərbaycan Respublikasının həmtəsisçisi
olduğu beynəlxalq investisiya və inkişaf
fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin
payının maliyyələşdirilməsi və Azərbaycan
Respublikasının xaricdəki ticarət nümayəndələrinin
saxlanılması ilə bağlı xərclər üzrə
2023-cü ilin dövlət büdcəsində nəzərdə
tutulmuş 784,0 milyon manat vəsaitin 783,9 milyon manatı istifadə
olunub.
2023-cü ildə
dövlət proqramlarının və məqsədli tədbirlərin
maliyyə təminatı üçün dövlət
büdcəsinin faktiki xərclərinin 48,0 faizi həcmində
və ya 17483,8 milyon manat məbləğində vəsait
yönəldilib, Həmin vəsaitin 8941,3 milyon manatı və
ya 51,1 faizi məqsədli dövlət proqramlarının,
8542,5 milyon manatı və ya 48,9 faizi məqsədli təyinatlı
tədbirlərin icrasına sərf edilib. Hesabat ilində
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası
üçün 7095,6 milyon manat vəsait yönəldilib.
Bildirilib ki,
2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi
2734,3 milyon manat məbləğində təsdiq olunsa da,
faktiki kəsir 1221,5 milyon manat təşkil edib (proqnoza nisbətən
1512,8 milyon manat və ya 55,3 faiz az). Dövlət büdcəsinin
kəsiri 2023-cü ilin faktiki ÜDM-in 1,0 faizini təşkil
etməklə, proqnozlaşdırılmış həddən
1,5 faiz-bənd azdır.
Samir Şərifov çıxışında həmçinin
2023-cü il icmal büdcəsinin gəlir və xərclərinin
əsas istiqamətləri üzrə icrası barədə də
məlumat verib. Qeyd olunub ki, ötən il icmal büdcənin
gəlirləri 43060,1 milyon manat proqnoza qarşı 6988,9 milyon
manat və ya 16,2 faiz çox icra edilməklə, 50049,0 milyon
manat təşkil edib. İcmal büdcənin xərcləri
41269,8 milyon manat proqnoza qarşı 921,7 milyon manat və ya 2,2
faiz az icra edilsə də, 2022-ci illə müqayisədə
isə 5274,5 milyon manat və ya 15,0 faiz çoxdur.
İcmal büdcənin
tərkib hissəsi olan Dövlət Sosial Müdafiə
Fondunun büdcəsinin gəlirləri fondun 6268,0 milyon manat məbləğində
təsdiq olunmuş göstəricisinə qarşı 6675,2
milyon manat və ya 407,2 milyon manat (6,5 faiz) çox, yəni
106,5 faiz icra olunub. Dövlət Sosial Müdafiə Fondunun
büdcəsinin xərcləri təsdiq olunmuş 6268,0 milyon
manata qarşı 6080,7 milyon manat (187,3 milyon manat az) və ya
97,0 faiz icra olunub.
İşsizlikdən
sığorta fondunun büdcəsinin gəlirləri təsdiq
olunmuş 217,7 milyon manat proqnoz göstəricisinə
qarşı 259,4 milyon manat və ya 19,2 faiz çox icra olunub.
İşsizlikdən sığorta fondunun büdcəsinin xərcləri
təsdiq olunmuş 217,7 milyon manat proqnoz göstəricisinə
qarşı 207,6 milyon manat və ya 95,4 faiz icra edilib.
İcbari tibbi
sığorta fondunun büdcəsinin gəlirləri 2236,9
milyon manat, xərcləri 2393,2 milyon manata qarşı 1819,2
milyon manat və ya 76,0 faiz icra edilib.
Azərbaycan
Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri
təsdiq olunmuş 16337,5 milyon manat proqnoz göstəricisinə
qarşı 21661,9 milyon manat və ya 32,6 faiz çox, xərcləri
isə 11799,9 milyon manat icra edilib.
İcmal büdcənin
tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasının büdcəsinin gəlirləri 605,0 milyon
manat proqnoza qarşı 500,7 milyon manat və ya 104,3 milyon manat
az icra olunub. Muxtar respublikanın büdcəsinin xərcləri
605,0 milyon manat proqnoza qarşı faktiki icra 504,3 milyon manat və
ya 100,7 milyon manat az olub.
Bildirilib ki,
2023-cü ilin icmal büdcəsi 1790,3 milyon manat büdcə
artıqlığı ilə (profisitlə)
proqnozlaşdırılsa da, faktiki olaraq 9700,9 milyon manat
büdcə artıqlığı (profisit) yaranıb.
Sonra iclasda
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
çıxış edərək "Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsinin
icrası haqqında" Azərbaycan Respublikasının Qanun
layihəsinə və Azərbaycan Respublikasının
2023-cü il dövlət büdcəsinin icrasına dair illik
hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyini
təqdim edib.
Palata sədri
dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühitin
təhlili, büdcə hesabatlılığının
hüquqi aktlara və strateji sənədlərə
uyğunluğu, büdcə vəsaitlərinin idarə edilməsinin
qiymətləndirilməsi barədə söhbət
açıb. Bununla
yanaşı, Vüqar Gülməmmədov dövlət
büdcəsi gəlirlərinin əsas mənbələr və
sektorlar üzrə icra vəziyyəti,
inzibatçılığın qiymətləndirilməsi, gəlirlərin
tədiyələr üzrə icra vəziyyətinin təhlili
barədə, habelə 2023-cü il ərzində dövlət
büdcəsinin xərclərinin icrası prosesində həyata
keçirilmiş dəyişikliklər, funksional, iqtisadi və
inzibati təsnifat üzrə xərclərin icra vəziyyəti,
ehtiyat fondlarının icrası, məqsədli büdcə
fondlarının icrası, dövlət əsaslı vəsait
qoyuluşu icrası, işğaldan azad olunmuş ərazilərin
yenidən qurulması və bərpası üçün nəzərdə
tutulan vəsaitin icrası, iqtisadi təsnifat üzrə xərclərin
icra vəziyyəti, dövlət büdcəsi xərclərinin
ayrı-ayrı qurumlar tərəfindən icrası vəziyyəti,
dövlət proqramlarının icrasının təhlili ilə
əlaqədar məlumatları, bəzi tövsiyələrini diqqətə çatdırıb.
Məsələ
ətrafında aparılan müzakirələrdə
çıxış edən parlamentin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili,
komitənin sədr müavini Əli Məsimli, üzvləri
Vahid Əhmədov, Mahir Abbaszadə, Ziyad Səmədzadə,
Vüqar Bayramov, Elnur Allahverdiyev, Rüfət Quliyev, Aydın
Hüseynov, Məzahir Əfəndiyev 2023-cü ilin dövlət
büdcəsinin icrasını məqbul hesab ediblər,
Hesablama Palatasının rəyini müsbət qiymtləndiriblər.
Millət vəkilləri bəzi qeydlərini və
suallarını da səsləndiriblər.
Maliyyə naziri
Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar
Gülməmmədov, iqtisadiyyat nazirinin müşaviri Xaqani
Abdullayev, Dövlət Vergi Xidmətinin
rəis müavini İlkin Vəliyev qaldırılan məsələlərə
münasibət bildiriblər.
İclasın
sonunda "Azərbaycan Respublikasının 2023-cü il
dövlət büdcəsinin icrası haqqında" qanun
layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına
tövsiyə olunub.
Rəşad
CƏFƏRLİ,
AzərbaycaN.-
2024.- 24 may, № 108.- S.18.