Şəhid Cavid Ələkbərovun nəşi 30 ildən sonra Sumqayıtda torpağa tapşırılıb

 

Bu gün Sumqayıtdakı Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə Murovdağ yüksəkliyində itkin düşmüş, hazırda nəşi tapılan Qubadlı rayon Novlu kənd sakini şəhid Ələkbərov Cavid Fazil oğlu ilə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Milli Məclisin deputatları, YAP Qubadlı rayon təşkilatı, hüquq mühafizə orqanları, Qubadlı Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimaiyyətin nümayəndələri, həmçinin şəhid ailələri, müharibə veteranları iştirak edirdilər.

Bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Mərasimdə bildirilib ki, 1992-ci ildə rayonun ilk şəhidlərindən olan Ələkbərov Cavid Fazil oğlu 1975-ci il aprelin 25-də Zəngəzur mahalı Qubadlı rayonunun Novlu kəndində anadan olub, Novlu kənd orta məktəbini bitirib. 1993-cü ildə ordu sıralarında həqiqi hərbi xidmətdə olub, Kəlbəcərdə, Murovdağ ətraf yüksəkliklər uğrunda erməni işğalçılarına qarşı gedən şiddətli döyüşlərdə əsl igidlik fədakarlıq nümunəsi göstərərək, düşmənə sarsıdıcı zərbələr vurub. Son döyüşü 1994-cü il fevralın 16-da Murovdağ yüksəkliyində olub.

Qeyd edilib ki, həmin gün Murovdağın ətəklərində yüksəkliklərində şiddətli döyüşlər gedib, qəhrəman əsgərlərimiz düşmənə sarsıdıcı zərbələr endirib. Xalqımızın igid oğlu Cavid Ələkbərov da həmin döyüşdə itkin düşüb.

Çıxışlarda bildirilib ki, şəhidin ailə üzvlərindən Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunanlar var. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni quldurlarına qarşı gedən döyüşlərdə həyatını itirən Cavidin əmisi Ələkbərov Rafiq Qaçay oğlu əmisi oğlu Ələkbərov Füzuli Hidayət oğlu da burada uyurlar. O cümlədən şəhidin adını daşıyan Birinci Qarabağ müharibəsi veteranı Aqil Ələkbərovun oğlu Cavid Ələkbərov 44 günlük Vətən müharibəsində Hadrut istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, müharibə veteranıdır. O, Prezident İlham Əliyevin Sərəncamı iləCəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görəXocavəndin azad olunmasına görəmedalları ilə təltif olunub.

Daha sonra Ələkbərov Cavid Fazil oğlunun nəşi torpağa tapşırılıb. Ruhuna dualar oxunub.

 

 

Azərbaycan.-2024.- 24 may, ¹ 108.- S.19.