Yekaterina
NADOLSKAYA: "Bakıda gördüklərimdən
heyrətlənmişəm"
Bakıda
"Fintex Sammit 2024" (Maliyyə və Texnologiyalar Expo)
sammiti başa çatıb. Forum Azərbaycan Banklar
Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi
Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan
Fintex Assosiasiyasının dəstəyi ilə keçirilib.
Sammit bütün maraqlı tərəflərin bir araya gələrək
yeni fikirlər, təcrübələr
bölüşdüyü, öz məhsullarını təqdim
etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə
texnologiyaları, rəqəmsallaşma, ödəniş
ekosisteminin dərin mövzularının birlikdə müzakirə
olunduğu bir platforma olaraq özünü təsdiqləyib.
"Fintex Sammit" Azərbaycandakı bütün bank rəhbərlərinin
iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir.
Forum "Bank və
maliyyə ekosistemində yeni trendlər: İnnovativ həllər,
finteks və təhlükəsizlik" mövzusunu əhatə
edib.Tədbirdə müzakirələr 8
panel çərçivəsində aparılıb. Müxtəlif
ölkələrdən 45 məruzəçi, 300-ə
yaxın tərəfdaş və iştirakçı şirkət,
1500 yerli və xarici iştirakçı sammitə
qatılıb.
Forumun
iştirakçısı olmuş qonaqlardan biri, Rusiya
Federasiyasının tanınmış jurnalisti, "Russian
News" portalının təsisçisi və baş
redaktoru Yekaterina Nadolskaya redaksiyamızda olub, sammitlə
bağlı təəssüratlarını
bölüşüb: "Mən ilk dəfə idi Azərbaycan
paytaxtını ziyarət edirdim və
açığını desəm, gördüklərimdən
heyrətlənmişəm. Önçə qey etməliyəm
ki, "Fintex Sammiti 2024" çox yüksək səviyyədə
təşkil olunmuşdu. Mən ikinci dəfə idi bu forumda
iştirak edirdim. İlk dəfə ötən il Türkiyədə
"Fintex Sammiti"ndə iştirakçı olmuşam. Azərbaycan
Bankları Assosiasiyasının (ABA) bu forumun keçirilməsi
ilə bağlı gördüyü işlər həqiqətən
təqdirəlayiqdir və bütün
iştirakçılarda çox xoş təəssüratlar
yaratmışdır. Bununla bağlı ABA-nın
icraçı direktoru Yunus Abdulova dərin minnətdarlığımı
bildirmək istərdim.
Onu da qeyd etməliyəm
ki, sammitdə həm rusiyalı, həm də ukraynalı
qonaqların birgə iştirakı sevindirici hal idi. Belə
ki, bütün toplantı dövründə bu iki ölkənin
nümayəndə heyətləri arasında heç bir
insident və mübahisə baş vermədi. Hər şey
dostluq və
mehribançılıq şəraitində
keçdi".
Rusiyalı
jurnalist Bakı haqqında böyük məhəbbətlə
danışır: "Bakı məni yaxşı mənada
heyrətləndirdi. İlk növbədə diqqətimi cəlb
edən şəhərin bənzərsiz memarlıq
ansamblı oldu. Müxtəliflik, qədimliklə
müasirliyin vəhdəti, dar döngələr və
geniş prospektlər, parklar, Xəzər dənizi, milli mətbəxiniz
bizdə böyük təəssürat yaratdı.
Küçələrin təmizliyi, sakit ab-hava göstərirdi
ki, şəhərin sakinləri və rəhbərləri
Bakını çox sevirlər və ona böyük diqqət
yetirirlər.
Mən İşərişəhərdə
qalırdım və oradakı tarixi atmosfer, insanların
mehriban və mədəni davranışı mənə xeyli
müsbət emosiyalar verdi. Eyvanlardan və açıq pəncərələrdən
gələn qızılgül qoxusu isə başqa bir aləm
idi...
Onu da qeyd edim ki,
bizim qubernatorumuz Aleksandr Beqlov da əslən Bakıdandır.
Sank-Peterburqda Azərbaycan diasporuna çox böyük
hörmətlə yanaşırlar. Mən
bakılıları və bütün azərbaycanlıları
Peterburqa dəvət edirəm. İndi bizim şəhərimizdə
turizm mövsümünün qızğın
çağı başlayır və bütün turizm
şirkətləri Sankt-Peterburqun çox maraqlı, unikal
görməli və gəzməli yerlərinə turlar təşkil
edirlər. Park və müzeylərimiz, çay və göllərimiz,
digər istirahət etməli məkanlarımız var. Onu da
qeyd edim ki, iyunun 11-dən iyulun 2-dək həm də Peterburqda
bəyaz gecələr mövsümüdür. Bu
mövsümdə şəhərimizdə çoxlu beynəlxalq tədbirlər
keçirilir. Bir neçə gündən sonra isə 27-ci
Beynəlxalq İqtisadi Forum öz işinə başlayacaq.
Bundan əlavə hər il Sankt-Peterburqda qeyd edilən orta məktəb
məzunlarının bayramı - "Qırmızı yelkənlər"
şousu keçiriləcək. Bu tədbirə tamaşa etmək
üçün bütün dünyadan qonaqlar gəlir. Bəyaz
gecələri isə, fikrimcə, hər bir insan heç
olmasa həyatında bir dəfə görməlidir".
R.CƏFƏROV,
Azərbaycan.-2024.-
24 may, № 108.- S.20.