Milli maraqlara xidmət edən prinsipial siyasət

 

 

"Prezident İlham Əliyevin qətiyyəti və prinsipial siyasəti sayəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi təmin edilib. Azərbaycanın dövlət sərhədlərinin qorunması, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atılan bu addımlar Prezident İlham Əliyevin milli maraqları ön planda tutan və uzaqgörən siyasətinin nəticəsidir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Qazaxın 4 kəndinin Azərbaycan sərhədçiləri tərəfindən nəzarətə götürülməsi prosesinə münasibətində söyləyib.

Komitə sədrinin fikrincə, Qazax rayonunun dörd kəndinin Azərbaycan sərhədçiləri tərəfindən nəzarətə götürülməsi, yəni bu strateji addım Azərbaycanın milli maraqlarının qorunmasında mühüm bir mərhələdir.

T.Mirkişili qeyd edib ki, delimitasiya prosesinin uğurla davam etdirilməsi Azərbaycanın öz tarixi torpaqlarını bərpa etmək yolunda atdığı mühüm addımlardan biridir. Bu prosesdə Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycanın milli maraqlarına sadiqliyi xüsusi önəm daşıyır. Azərbaycan sərhədçilərinin Qazax rayonunun dörd kəndində nəzarəti təmin etməsi həm dövlətimizin gücünü, həm də bu torpaqların Azərbaycan xalqı üçün əhəmiyyətini bir daha nümayiş etdirir. Dövlətimizin başçısının qətiyyətli mövqeyi sayəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin edilir və milli maraqlar uğrunda, hər bir qarış torpaq uğrunda mübarizə aparılır: "Azərbaycan xalqı Prezident İlham Əliyevin bu möhkəm siyasi iradəsini dəstəkləyir. Dövlətimizin başçısının bu sahədə göstərdiyi qətiyyətli liderlik və dövlətimizin gücü Azərbaycanın gələcək uğurlarının təminatıdır".

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 26 may, № 110.- S.13.