Rəsmi Paris kanak xalqına qarşı törətdiyi cinayətlərinə görə cavab verəcək

 

 

"Fransa müstəmləkə altında saxladığı Yeni Kaledoniyada yerli xalqın hüquqlarını pozmağa davam edir onların iradəsinə zidd olaraq ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Makron hökuməti neokolonial siyasəti ilə kanakları assimilyasiya edir, miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. Lakin bütün bunlar təəccüblü görünmür, çünki müstəmləkəçilik, eyni zamanda hüquqazidd addımlar atmaq Fransada ənənəvi hal alıb".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib. Deputat bildirib ki, Fransanın bir sıra bölgələrdə yürütdüyü çirkin müstəmləkəçilik siyasəti bütün dünyaya məlumdur: "Azərbaycan dövləti hüquqları tapdalanmış xalqlara dəstək məqsədilə Parisin cinayət əməllərini ifşa edib. Təsadüfi deyil ki, bu gün Fransanın nüfuzu yerlərlə birdir. Ona görə Makron hökuməti özünü ələ almalı, destruktiv addımlardan çəkinməlidir.  Fransa prezidentinin Yeni Kaledoniyaya səfəri bir daha göstərdi ki, bu ölkənin ədalətsiz davranışlarından cana doymuş kanaklar mübarizədən əl çəkməyəcəklər. Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq Fransa hökumətinin adaya ordu daxil etməsi bu ölkənin kanak xalqına qarşı daha böyük cinayətlərinə gətirib çıxaracaq. Rəsmi Paris kanak xalqına qarşı cinayətlərinə görə gec-tez cavab verəcək. Fransa müstəmləkəçiliyinə davam edəcəyi halda belə, bu ölkənin onsuz da zədələnmiş nüfuzu sıfıra bərabərləşəcək".

Deputat Fransanın, xüsusilə Makron hökumətinin ölkəmizə qarşı  riyakar münasibətinə toxunub. Söyləyib ki, Fransanın daxili işlər nazirinin Azərbaycanı Yeni Kaledoniya məsələsi ilə bağlı guya bu ölkənin daxili işlərinə müdaxilədə ittiham etməsi absurddur: "Hər kəsə məlumdur ki, Azərbaycan, sadəcə olaraq, hüquqları yerlə bir edilmiş kanak xalqına dəstək verir. Bu, vaxtdan daxili işlərə müdaxilə mənasını verir ki?! Cənubi Qafqazda hərbi mövcudluğuna nail olmaq istəyən Fransa özünəxas olan çirkin xüsusiyyətləri başqalarının boynuna yıxmağı yaxşı bacarır".

Müsahibimizin sözlərinə görə, Paris Şəhər Şurasının Azərbaycanın noyabrda COP29 kimi qlobal əhəmiyyətli tədbirə evsahibliyini boykot etməsi barədə qərarı da açıq-aşkar qərəzdir. Bu addım heç bir məntiqə sığmır.

Cavanşir Paşazadə sonda deyib ki, özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransanın bu addımları ölkəyə fayda verməyəcək: "Rəsmi Paris Yeni Kaledoniyaya hərbi müdaxiləyə ən qısa vaxtda son verməlidir. Əks halda, qarşıdurmalar bu ölkəyə baha başa gələcək. Onda Yeni Kaledoniyada törətdiyi vəhşiliklərin səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərən Fransanın dadına yetişən olmayacaq. Paris nəhayət, başa düşməlidir ki, adanın əsl sahibi olan kanakların istəklərinə hörmət etməli, kolonial siyasətindən əl çəkməlidir. Başqa dövlətləri ittiham etmək riyakarlıqdır heç bir faydalı nəticəyə gətirib çıxara bilməz".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 26 may, № 110.- S.14.