Rəsmi Paris iqlim dəyişikliyi sahəsində ümumdünya səviyyəsində aparılan işlərə zərbə vurur

 

 

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bir çox məsələlərdə dünyaya nümunədir. Bu sırada müxtəlif istiqamətli beynəlxalq tədbirlərə uğurlu evsahibliyi yer alır. Bu baxımdan Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının

29-cu sessiyasına (COP29) evsahibliyinin yaddaqalan olacağı başqa ölkələrə nümunə göstəriləcəyi heç kimdə şübhə doğurmur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib. Bu məqamın Azərbaycana qarşı haqsız mövqeyi ilə önə çıxan Fransanın yuxusunu ərşə çəkdiyini deyən deputat əlavə edib: "Mayın 24-də Paris Şəhər Şurası Azərbaycanın COP29-a evsahibliyini boykot etmək barədə qərar verib. Bu, ilk dəfə deyil ki, Fransa rəsmiləri Azərbaycanın COP29-a sədrliyini hədəf alır. Bundan əvvəl, Fransanın Avropa Xarici İşlər Nazirliyi tərəfindən aprelin 16-da verilən açıqlamada da bu istiqamətdə çağırışlar mövcud idi. Avropa xarici işlər naziri Stefan Sejurnenin verdiyi açıqlamanın da ölkəmizin COP29-a sədrliyini hədəf aldığı hər birimizə məlumdur".

Azərbaycanın COP29-a evsahibliyinin rəsmi Paris tərəfindən boykot edilməsi cəhdlərinin iqlim dəyişikliyi sahəsində ümumdünya səviyyəsində aparılan işlərə zərbə olduğunu vurğulayan Vüqar İskəndərov deyib: "Fransa tərəfi anlamalıdır ki, Azərbaycanın sədrliyinə bütün ölkələr yekdil şəkildə qərar verib bu qərar Azərbaycana verilən yüksək etimadın göstəricisidir. Lakin görünən odur ki, Fransa tərəfi bu yekdil qərarı heçə sayır ölkəmizin iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə, bu fəaliyyəti sual altına qoyur. Fransa tərəfinin bu qərarı iqlim dəyişikliyi problemini əbəs yerə siyasiləşdirmək cəhdindən başqa bir şey deyil. Bu cəhdlər ümumilikdə iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə kölgə salmaq məqsədi daşıyır. "Paris razılaşmasının" qəbul edildiyi bir şəhər tərəfindən atılan bu addım, həmçinin beynəlxalq razılaşmalara beynəlxalq hüquqa hörmətsizliyin bariz nümunəsidir".

Deputatın sözlərinə görə, rəsmi Bakının COP29 çərçivəsində gördüyü işlərə, planetin ekoloji təmizliyinin qorunması, "yaşıl enerji"yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslərə əhəmiyyət verməyən rəsmi Parisin belə addımlar atmasının səbəbi, həmçinin son dönəmdə Fransanın xarici siyasət sahəsində uğursuzluqlarını, Afrika qitəsində, dənizaşırı bölgələrində bu ölkəyə qarşı baş verən iğtişaşları ört-basdır etmək niyyətindən xəbər verir.

 

Azərbaycan.-2024.- 26 may, № 110.- S.16.