Qazaxda da məcburi köçkün qalmadı

 

 

"Kəndimizə qayıdan gün evimizin yanındakı bulaqdan su içib Prezidentimizə dua edəcəm"

 

 

 

Ermənistanın Qarabağ iddiası ilə başladığı müharibədə törətdiyi ilk cinayət Qazaxın Bağanis Ayrım kəndində oldu. Kənddə 5 nəfərdən ibarət ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırıldı. 1990-cı il martın 23-dən 24-nə keçən gecə öncədən təşkil edilən plan əsasında hücuma məruz qalan kənd ermənilər tərəfindən işğal olundu.

İşğal zamanı Bağanis Ayrım kəndinin əliyalın günahsız əhalisinə qarşı əsl qətliam törədildi. 10 nəfər qətlə yetirildi, 15 nəfər yaralandı.

100-dən çox evi olan kənd, o cümlədən əhalinin çıxara bilmədiyi ev əşyaları mal-qara talan edildi. Öz ata-baba yurdlarından didərgin düşmüş bağanis ayrımlılar müxtəlif bölgələrdə, ilk növbədə Qazaxda məskunlaşdılar. Bağanis Ayrımla birlikdə Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndləri onların sakinləri eyni taleyi yaşadılar.

30 il bu nisgili qəlblərində saxlayan gec-tez öz yurdlarına qayıdacaqlarına əmin olan həmin kəndlərin sakinlərinin bu günlər sevinclərinin həddi-hüdudu yoxdur. Onlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasət nəticəsində bir güllə atılmadan, qan tökülmədən 4 kəndin Azərbaycana qaytarılmasını ölkəmizin növbəti qələbəsi kimi qiymətləndirirlər. Həqiqətən, 44 günlük Vətən müharibəsindəki qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxarılmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış işğaldan azad edən İlham Əliyevin, xalqımızın ordumuzun möhtəşəm uğurlarıdır.

Bağanis Ayrım kəndinin sakini Ramiz Adıgözəlov deyir ki, müharibədən əvvəl özümüzə yaxşı gün-güzəran qurmuşduq: "Geniş evimiz, bağımız-bağçamız var idi. Əkinçiliklə, heyvandarlıqla məşğul olurdum. Həyətimdə çoxlu sayda arı aləsi saxlayırdım. 1990-cı ilin mart ayında ermənilər kəndimizə soxulub başımıza olmazın müsibət gətirdilər. Əliyalın kənd camaatı çıxılmaz vəziyyətdə qaldı. Heç edə bilmədik. Bu qırğında ermənilər qaynatamı, qaynanamı, baldızımı, 40 günlük oğlumu həyat yoldaşım Aliyəni evdə yandırdılar".

Bağanis Ayrım Qazaxın ən səfalı kəndlərindən idi. Kəndin icra nümayəndəsi Anar Vəliyev deyir ki, təmiz havası, buz bulaqları, bərəkətli torpağı olan Bağanis Ayrım bölgədə həm uzunömürlülər diyarı sayılırdı: "Kənd sakinləri arasında indinin özündə yaşı 100-ü ötmüş çoxlu sayda ağsaqqal var. Onlardan biri Şəmil Adıgözəlovdur. Yaşı 100-ə yaxın olan Şəmil dayı kəndimizin sayılıb-seçilən ağsaqqallarındandır".

Şəmil kişi ailəsi ilə birlikdə Qazaxda məskunlaşıb. Deyir ki, Qazax da yurdumuzdur: "Ancaq öz ata-baba ocağımız başqadır. Kəndimiz üçün çox darıxmışam. Mən kənddən çıxanda 62 yaşım var idi. İndi yaşım 90-nı keçib. 30 ildir Bağanis Ayrımın həsrəti ilə yaşayıram. Kəndimizə qayıdan gün evimizin yanındakı bulağın suyundan doyunca içib bu sevinci bizə bəxş edən Prezidentimiz İlham Əliyevə dua edəcəm".

Kənd ağsaqqallarından Anar Vəliyev, Zərbəçi Xasayev Bağanis Ayrıma qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bilirlər ki, ermənilər onların evlərini tamamilə dağıdıb, talan ediblər. Amma dövlət başçısının onları evsiz qoymayacağına da əmindirlər".

Emil Xasayev ata yurdu olan Bağanis Ayrımı görməsə ,  ata-anasının kəndləri barədə söhbətlərinə həmişə böyük maraqla qulaq asıb.  Kəndin Azərbaycana qaytarılacağı xəbərini əsgərlikdə xidmət edərkən eşidib. Bir neçə gündür ki, xidmətini başa vurub. Ona görə sevinc sevincə qarışıb. Sevinir ki, yaxın vaxtlarda, nəhayət ki, ata yurduna qayıdacaq.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2024.- 26 may, № 110.- S.17.